ABŞ-dan ziddiyyətli Qarabağ mesajları... yaxınlaşan sülhdür, yoxsa müharibə?

Baxış sayı:
4870

Boltonun region səfəri cavablar əvəzinə, sualları çoxaldıb - səbəb; rusiyalı hərbi ekspert: “Qarabağda müharibə bir-iki günə Azərbaycanın qələbəsi ilə bitəcək....”

Başa çatmaqda olan həftə Qarabağ məsələsinə dəxli olan və daha çox diqqət çəkən iki hadisə ilə əlamətdar oldu. Onlardan biri Azərbaycanın müdafiə nazirinin müavini, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun İsrail səfəri, digəri isə ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Con Boltonun Bakıya və İrəvana ziyarəti, daha dəqiqi, bu ziyarət çərçivəsində onun Qarabağ mövzusunda verdiyi mesajlar oldu.

“Yeni Müsavat”ın məlumatına görə, general Nəcməddin Sadıkov İsrailə üçgünlük səfəri zamanı öz həmkarı, habelə bu dövlətin yüksək çinli rəsmiləri, o sırada müdafiə naziri Avidqor Liberman, İsrailin aparıcı müdafiə sənayesi müəssisələrinin təmsilçiləri ilə görüşüb. Hərbi təyinatlı yeni məhsullarla tanış olub. Təbii ki, əsas müzakirə mövzusu Azərbaycana yeni silahların tədarük edilməsi, ordumuzun döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaqla bağlı olub. Şübhəsiz ki, səfər Azərbaycanla İsrail arasında hərbi və hərbi-texniki əməkdaşlığın bir qədər də dərinləşməsi ilə yadda qalacaq.

Xatırladaq ki, İsrail dövləti Azərbaycanın əsas silah tədarükçülərindəndir. İki ölkə arasında silah ticarətinin həcmi milyardlarla dollarla ölçülür. Tərəflər arasında başqa sahələrdə də son illər dinamik inkişaf qeydə alınmaqdadır. Təsadüfi deyil ki, İsrail mətbuatı N.Sadıkovun səfərinə xüsusi diqqət ayırıb. Bundan əlavə, İsrailin siyasi rəhbərliyi Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutmaqda davam edir, işğalı pisləyir və birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir.

*****

Qarabağ məsələsinə dəxli olan ikinci mühüm hadisə kimi Con Boltonun regiona səfərini qeyd eləmək lazım gəlir. Bakıda Bolton ABŞ-ın münaqişənin dinc yolla həllində maraqlı olduğunu söylədi. İrəvanda isə bəyan elədi ki, münaqişənin həlli üçün tərəflər ilk növbədə özləri anlaşmalıdır. “Problemin həlli çox mürəkkəbdir. Əgər asan olsaydı, münaqişə çoxdan nizamlanardı. Mən bura ona görə gəlməmişəm ki, Amerikanın siyasətində Qarabağla bağlı hansısa dəyişikliyi elan edim və ya yeni həll yolu təklif edim. Tərəflər bir-biri ilə işləməlidir. Və tərəflər özləri həll yolunu tapmalıdır” - Bolton bildirib.

Ağ ev ile ilgili görsel sonucu

ABŞ prezidentinin müşavirinin sözlərinə görə, əgər Nikol Paşinyan parlament seçkilərində qalib gəlsə, bu, Qarabağ münaqişəsinin nizamlanması üçün qətiyyətli addımlara getmək baxımından yaxşı imkan yaradacaq. “Və biz də bu istiqamətdə işləməliyik ki, Azərbaycan tərəfdən də müvafiq reaksiya olsun”, - deyə o bildirib.

“Heç kim sülhü tərəflərin özlərindən çox arzulamır”, - deyə o, keçmiş dövlət katibi Ceyms Beykerin sözlərini xatırladıb. Ardınca qeyd edib ki, Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir.

“Xarici təzyiq” deyərkən amerikalı diplomat əlbəttə ki, işğalçı ölkənin Rusiya asılılığını nəzərdə tutur. Bu xüsusda o, şübhəsiz ki, haqlıdır. Konfliktin həlli həqiqətən Ermənistana Rusiya təzyiqlərinin azalmasına və minimuma enməsinə gətirəcək. Eyni zamanda Azərbaycanla Ermənistanın müstəqil inkişafını və qarşılıqlı inteqrasiyasını sürətləndirəcək.

Com bolton ile ilgili görsel sonucu

Lakin ən maraqlısı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin Ermənistan hakimiyyətini Rusiya silahlarından imtina etməyə və Amerika silahlarına üstünlük verməyə çağırmasıdır. Bu barədə o, Ermənistan radiosuna müsahibəsində deyib. Sitat: “Münaqişə üzündən ABŞ Konqresi Azərbaycana və Ermənistana silah satışına məhdudiyyətlər tətbiq edib. Lakin istisnalar mövcuddur. Baş nazirə (Nikol Paşinyana - red.) dedim ki, söhbət Rusiya, yaxud Amerika silahlarının alınması arasında seçimdən gedirsə, biz sonuncuya üstünlük verərdik” - Bolton bildirib. RİA “Novosti”nin məlumatına görə, elə həmin gün Bolton qeyd etmişdi ki, Ermənistan və Azərbaycan silahları əsas etibarilə Rusiyadan alırlar, halbuki Amerika silahları “istənilən halda Rusiya silahlarından yaxşıdır”.

*****

Bu açıqlama ilk baxışda sensasion, bir az da qəribə görünə bilər. Çünki ABŞ bir yandan Boltonun dilindən konfliktin dinc yolla həllində maraqlı olduğunu bəyan edirsə, o biri yandan da münaqişə tərəflərinə daha keyfiyyətli Amerika silahları təklif edir. Bu mənada səfər cavablar əvəzinə sualları çoxaldıb.

Ä°lgili resim

Ancaq məsələ ondadır ki, Azərbaycandan fərqli olaraq, işğalçı ölkənin bahalı Amerika silahları almaq imkanı yoxdur. Yəqin ki, ABŞ Rusiya kimi güzəştli (daxili bazar) qiymətinə və ya aşağı faizli kreditlər hesabına da İrəvana silah satmaz. Bəs yalnız Azərbaycana silah verə bilərmi? Verərsə, Ermənistanda anti-Amerika isteriyası qalxmaz ki və buna Vaşinqtonun reaksiyası necə olar? 

Əlbəttə ki, Azərbaycan istənilən yolla öz ordusunu gücləndirmək və yekun etibarilə işğal altındakı ərazilərini azad eləməkdə maraqlıdır. Bunu həm də Amerika silahları ilə edəcəksə, daha yaxşı - hərçənd Vaşinqtonun müharibədə maraqlı olduğunu düşünmürük. Demək, ABŞ həmsədr dövlət kimi sülh səylərini artırmalıdır. Bu xüsusda Con Boltonun Bakı və İrəvanda Qarabağa dair verdiyi açıqlamalar ziddiyyətli hesab oluna bilər.

İstənilən halda, Azərbaycan konflikt yoluna qoyulanadək, işğal bitənədək özünün hərbi qüdrətini və Ermənistan üzərində üstünlüyün artırmaqda davam edəcək. Üstünlük indinin özündə də kiçik deyil...

*****

Bu arada Ermənistanın demoqrafik göstəricisi də zəifləməkdədir. Düşmən ölkə həm miqrasiya, həm də doğuş sayının azalması nəticəsində ciddi təhlükə ilə üz-üzə qalıb. Ekspertlər işğalçı ölkə ilə müqayisədə Azərbaycanın demoqrafik və hərbi sahədə sürətlə güclənməsinə diqqət çəkirlər. Məsələn, rusiyalı ekspert Dmitri Verxoturov Ermənistanda əhalinin azalmasının sürətlə gedəcəyini düşünür (publika.az).

“Erməni demoqrafiyası diasporla maskalanır. Yəni gedənlər erməni diasporu olur və lazım olanda onlar geri qayıdacaq. Bu, böhranı ört-basdır etmək üçün yaradılan maskadır. Ümumiyyətlə, Qarabağda müharibə zamanı Azərbaycan və Ermənistan arasında demoqrafik müqayisə aparmağın mənasız olduğunu düşünürəm. Birincisi, əhalinin sayına görə Azərbaycan aşkardır, ikincisi, Azərbaycanın iqtisadi göstəriciləri müqayisəedilməzdir. Lakin müharibələr təkcə demoqrafiya ilə qazanılmır. Çağırışçı kontingent əhəmiyyətlidir, amma bu qələbə üçün əsas deyil. Müasir müharibəni artilleriya qazanır, daha dəqiq desək, topların və təyyarələrin üstünlüyü. Azərbaycanın potensial artilleriya sistemi, ümumilikdə hərbi gücü Ermənistanla müqayisə edilə bilməz. Qarabağda baş verə biləcək müharibədə Ermənistan Azərbaycanı artilleriya sistemləri və təyyarələrinin bombardmanı qarşısında duruş gətirə bilməyəcək, sadəcə olaraq, məhv olacaq. Hesab edirəm ki, belə şərtlər altında Qarabağda baş verə biləcək müharibə bir, ya da iki gün ərzində Azərbaycanın qələbəsi ilə bitəcək”, - deyə o bildirib.

Əlavə edək ki, rusiyalı hərbi ekspertin fikirlərini əksər təhlilçilər reallığa yaxın hesab edirlər. Lakin savaşa ehtiyac qalmaya da bilər. Seçim həmişəki kimi təcavüzkar Ermənistanındır...