​ABŞ-dan Rusiyaya öncə İTTİHAM, sonra TƏHDİD: "Haqq-hesab sorulacaq"

Baxış sayı:
2776

ABŞ Rusiyanı iki ölkə arasında imzalanan beynəlxalq müqavilələrin şərtlərinə düzgün əməl etməməkdə günahlandıraraq təhdid edib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) müşavir köməkçisi Devid Traktenberq danışıb.
O bildirib ki, Rusiyan silahlanmanı azaltmağa yönələn müqavilələr çərçivəsində üzərinə düşən bir çox vəzifəni yerinə yetirmir: "Rusiya ilə aparılan bütün beynəlxalq müqavilələrin təhlükəsizliyi risk altındadır. Rusiya bütün məsələlərdə yalnız özünə sərf edən müddəaları önəmli tutaraq digər şərtlərdən yayınır. Onların bu pozuntularına etinasız yanaşıb Rusiyadan haqq-hesab soruşmayacağımızı düşünürlərsə, yanılırlar".
Traktenberqin sözlərinə görə, ABŞ ilə Rusiya arasında silahlanmanı azaltma istiqamətində alınan qərarlar mövcud davranışlara uyğun şəkildə irəliləməlidir: "Beynəlxalq təhlükəsizlik səviyyəsində silahlanmaya nəzarət üçün Rusiya çox ciddi problemə çevrilməyə başlayıb. Bundan sonra Rusiya ilə bu istiqamətdə aparılacaq bütün danışıqlara, müqavilələrə başqa ölkələrin də qatılmasına diqqət edəcəyik. İmzalanan müqavilənin müddətinin uzadılması isə Rusiyanın bu istiqamətdə addığı məsuliyyətsiz davranışların fonunda dəyərləndiriləcək".
Xatırladaq ki, ABŞ-ın 2011-ci ildə Rusiya ilə imzaladığı "Yeni Strateji Silahları Azaltma Müqaviləsi" (New START) 2021-ci ildə başa çatacaq. Sözügedən müqavilənin uzadılmasına qarşı hələ hər hansı bir qərar qəbul olunmadığı da diqqətə çatdırılıb.