​ABŞ-dan dünyanı SİLKƏLƏYƏCƏK ADDIM: Sabah BAŞLAYIRIQ, 6 ay sonra…

Baxış sayı:
6994

ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxış proseduruna başlayır.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
“Rusiya çox uzun müddətdir ki, qadağan edilmiş raket sistemini gizli hazırlayaraq müqaviləni pozurdu. ABŞ sabah müqaviləsi üzrə öz öhdəliklərini dayandıracaq və müqavilədən çıxış prosesinə başlayacaq. Əgər Rusiya müqaviləni pozan bütün raketləri və onlarla bağlı avadanlıqları məhv edərək müqavilənin yerinə yetirilməsinə qayıtmasa, prosedur 6 ay sonra başa çatacaq”, - Trampın bəyanatında deyilir.
Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir. Oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 4-də bildirib ki, müqavilənin icrasına qayıtmaq üçün Rusiyanın 60 gün vaxtı var. O əlavə edib ki, əgər bu olmasa, Vaşinqton müqavilə üzrə öhdəlikləri fevralın 2-də dayandıracaq.
Qeyd edək ki, son illərdə Moskva və Vaşinqton müqavilənin pozulmasında bir-birini daim ittiham edir. Rusiya dəfələrlə bildirib ki, müqavilə üzrə öz öhdəliklərinə ciddi riayət edir. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov qeyd edib ki, ABŞ-ın özünün müqavilənin icrası sahəsində ciddi suallar var. ABŞ isə hesab edir ki, 9M729 raketi müqavilə üzrə öhdəlikləri pozur.
ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə riayət edilməsi üzrə tələblərin yer aldığı sənədi ötən həftə Rusiyaya verib.
Daha əvvəl Moskva açıqlayıb ki, ABŞ Orta və kiçik mənzilli raketlərin ləğv olunması haqqında Müqavilədən çıxsa, öz raketlərini Avropaya yerləşdirə biləcək. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, belə olan halda Rusiya həmin raketləri hədəfə alacaq.
“Məsələ ondadır ki, ABŞ-ın müqavilədən çıxması “soyuq müharibə” illərində olduğu kimi, onun orta və kiçik mənzilli raketlərini Avropa ölkələrində quraşdıracağı potensialını daşıyır. Həmin raketlərin orada quraşdırılması və potensial olaraq Rusiya Federasiyasına tuşlanması ona gətirib çıxaracaq ki, Rusiya paritet yaratmaq məqsədilə həmin atəş qurğularını öz arsenalından olan raketlərlə hədəfə alacaq”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, bu, baş versə, keçmişdə “soyuq müharibə” dövründə yaşanmış situasiya təkrarlanacaq.