ABŞ-dan Azərbaycan məmurlarına SANKSİYA ÇAĞIRIŞI

Tramp Administrasiyası Azərbaycanda insan hüquqlarının pozulması və korrupsiya hallarının cəzalandırılması üçün Maqnitski Qanunundan istifadə etməlidir.
 
 Bu barədə ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kozlariç və ABŞ Dövlət Katibinin müavini Devid Kramerinin American İnterest nəşrində dərc olunmuş məqaləsində deyilir.
Azərbaycanda hüquq müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq üçün işgəncələrdən, siyasi motivli cinayət ittihamlarından, insanların oğurlanmasından və digər qorxutma formalarından istifadə olunur və bu pozuntulara məhəl qoymamaq olmaz, deyə konqresmen Kris Smit bildirib.
“Turan” xəbər verir ki, məqalədə buna nümunə kimi Azərbaycan dövlət məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan 537-ci qanun layihəsinin qəbulu təhdidlərindən sonra həbsdən azad edilən Turan Agentliyinin direktoru Mehman Əliyevin işi göstərilir.
Mehman Əliyevə qarşı cinayət işinə hələ də xitam verilməyib və o, saxta vergi ittihamı ilə təqsirləndirilən şəxs olaraq qalmaqdadır.
Hakimiyyət bütün hökumət tənqidçilərinin təqibini davam etdirir. Son həftələr onlarla gey saxlanılıb ki, bu da LGTB üzvləri arasında panikaya səbəb olub.
Müxalifətin mitinqi ərəfəsində Xalq Cəbhəsi Partiyasının bir neçə üzvü saxlanılıb, bu yaxınlarda isə Bakının xahişi ilə iki il əvvəl Hollandiya vətəndaşlığı alan jurnalist Fikrət Hüseynli Kiyevdə həbs olunub.
Bundan əvvəl müxalif jurnalist Əfqan Muxtarlı Gürcüstanda oğurlanıb, ona işgəncə verilib və zorla Bakıya gətirilib.
Sentyabrın 26-da Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mijnieks də insan hüquqları sahəsində vəziyyətin pis olduğunu bildirib.
“Hüquq müdafiəçiləri, müstəqil blogerlər və jurnalistlər böyük təzyiq altındadır, hələ yaxın keçmişdə bu ölkədəki əsas tərəfdaşlarımın hamısı saxta ittihamlarla həbsdə idilər”.
Məqalə müəllifləri ABŞ Konqresini Smit-MakGovern qanun layihəsini qəbul etməyə və Azərbaycanla bağlı böyük dinləmələr keçirməyə çağırırlar.
Tramp administrasiyası Qlobal Maqnitski Qanununa uyğun olaraq gənc fəallara işgəncə verilməsinə görə Bakının polis şefi Mirqafar Seyidova qarşı sanksiyalar tətbiq etməlidir.
Həmçinin, ölkənin polis işçilərinə, hakimlərinə və siyasi liderlərinə qarşı sanksiyalar tətbiq edilməlidir, deyə məqalədə bildirilir.
 
"Turan"