ABŞ-dan ard-arda İsrail açıqlaması! - İRAN ƏLEYHİNƏ MƏXFİ SÖVDƏLƏŞMƏ

Baxış sayı:
6388

ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə silahı istehsal etmə və test etmə məsələsində beynəlxalq cəmiyyəti aldatdığı iddialarına dəstək verib.
Ağ Evdə keçirilən mətbuat konfransında Netanyahunun İran açıqlaması ilə bağlı bir sualı cavablandıran Tramp İsrailin baş nazirinin İran barəsindəki açıqlamalarının 100 faiz doğru olduğunu deyib.
Netanyahunun İranın gizlicə nüvə silahı istehsal etdiyinə yönəlik açıqlamalarının bir hissəsini izləyə bildiyini deyən Tramp, İranın davranışının qəbuledilməz olduğunu deyib. O, Netanyahunun irəli sürdüyü raket sınaqlarına işarə edərək, İranın boş oturmadığını qeyd edib.
Barak Obama rəhbərliyi vaxtında imzalanan nüvə müqaviləsindən ABŞ-ın çıxması məsələsinə aydınlıq gətirməyən Tramp, müqavilədən çəkildiyi təqdirdə, ABŞ-ın və beynəlxalq ictimaiyyətin maraqlarını qoruyan həqiqi bir saziş həyata keçirilə biləcəyini deyib. ABŞ prezidenti İran müqaviləsindən çəkilmənin Şimali Koreyaya səhv bir mesaj göndərəcəyi ehtimalı ilə bağlı suala da "Məncə düzgün mesaj göndərəcək. Bildiyiniz kimi, 7 ildə bu müqavilənin müddəti bitəcək və İran nüvə silahı istehsal etməkdə sərbəst olacaq" - deyə, cavab verib.
 
MAYK POMPEODAN AÇIQLAMA
 
ABŞ Dövlət Departamenti tərəfindən dərc olunan Mayk Pompeonun bəyanatında Netanyahu tərəfindən təqdim olunan sənədlərin, İranın beynəlxalq nizamı təhdid edən gizli bir nüvə proqrama malik olduğunu ortaya çıxardığını söyləyib. Tehranın çox miqdarda nüvə maddəsini "bir niyyətlə" saxladığını və Amad kod adlı gizli layihəsi ilə bağlı sənədləri bir səbəblə gizlətdiyini iddia edən bəyanatda bu ifadələr yer alıb: "İran uzun illər inadla dünya ictimaiyyətinə nüvə proqramının sülhməramlı olduğunu dedi. İsrailin ortaya qoyduğu İran nüvə proqramı ilə bağlı sənədlər, rejimin doğru söyləmədiyini göstərdi. İran sənədlərinin çoxuna şəxsən baxmışam. Nüvə silahlarının qarşısını almaq və kəşfiyyat orqanlarının əməkdaşları on minlərlə səhifəlik sənədləri araşdırdı və Farscadan tərcümə edib. Bu analiz işi aylarla davam edəcək. Sənədlərin həqiqi olduğuna inanırıq".

Müxalifət.az