ABŞ-da Trampa qarşı impiçment təşəbbüsü – QƏTNAMƏ

ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib. 
Axar.az xəbər verir ki, bu barədə “Politiko” informasiya yayıb. 
Nümayəndələr Palatasının üzvü Stiv Koen artıq Demokratlardan 5 nəfərin prezidentə qarşı impiçment haqqında Konstitusiyanın 5-ci maddəsinin tətbiq edilməsi barədə qətnamə layihəsini imzaladığını bildirib. 
Demokratlar Donald Trampın ən azı 5 dəfə - FTB direktoru Ceyms Komini qovmaqla, xarici hədiyyələr və mükafatların qəbul edilməsi barədə qadağanını pozmaqla, biznesindən mənfəət qazanmağa davam etməklə, federal məhkəmə sistemi və mətbuat azadlığını pozmaqla Konstitusiya tələblərinə əməl etmədiyini bildiriblər. 
“Biz palatanı impiçment barədə dinləmələr keçirməyə çağırırıq. Bu səsvermə çağırışı deyil, dinləmə çağırışıdır”, - Koen deyib. 
Xatırladaq ki, CNN telekanalı may ayında öz mənbələrinə istinad edərək Ağ Evin vəkillərinin prezidentin impiçment prosedurunu araşdırmağa başladıqları xəbərini yaymışdı.