ABŞ-da prezident seçkiləri: qalib hələ məlum deyil - SƏSLƏRİN HESABLANMASI DAVAM EDİR

Baxış sayı:
1240

ABŞ-da prezident kürsüsü uğrunda mübarizənin qalibi hələ məlum deyil. Çünki istər indiki Prezident Donald Tramp, istərsə də sabiq vitse-prezident Co Bayden qələbə üçün zəruri olan 270 seçkiçi səsini hələ toplaya bilməyib.

Xatırladaq ki, ABŞ-da mövcud seçki sisteminə görə dövlət başçısı 538 nəfərdən ibarət Seçkiçilər Kollegiyası tərəfindən seçilir. Hər bir ştatı təmsil edən seçkiçilərin sayı Konqresdə həmin ştatın nümayəndələrinin sayına bərabərdir. Seçkiçilər seçkilərdə əvvəlcə onların ştatında qalib gəlmiş namizədə səs verməlidirlər, lakin bunu bir vəzifə kimi tələb edən qanun yoxdur. Beləliklə, namizəd öz opponenti ilə müqayisədə daha çox amerikalının səsini topladığı halda, seçkiçilərin həmin namizədə daha az səs verməsi nəticəsində uduza bilər.

Hələlik-94 faiz bülletenlərin sayılmasından sonra Bayden səslərin 49,3, Donald Tramp isə 49,1 faizini toplayıb.

Onu da qeyd edək ki, səslərin tam hesablanması prosesi bir neçə gün davam edə bilər. Məsələn, Pensilvaniya ştatı poçtla göndərilmiş bülletenlərin sayı anomal dərəcədə çox olduğuna görə, səsvermənin nəticələri barədə yaxın günlərdə məlumat təqdim edə bilməyəcək.