ABŞ-da hər vətəndaşa 1000, Azərbaycanda 10 dollarlıq pulsuz dərman verilir

Rövşən Ağayev
 

Azərbaycan hökuməti dövlət büdcəsindən əhalinin dərman təminatı üçün son illər təxminən 100-110 mln. dollar yönəldib. Bu əhalinin hər nəfəri üçün 10 dollardan bir qədər çoxdur.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzv ölkələrdə səhiyyənin durumuna dair hesabatlarını gözdən keçirirəm, sənəddə qeyd olunur ki, həmin ölkələrdə illik adambaşına dərman xərcləri 300-1000 dollar intervalında dəyişir. Məsələn, ABŞ-da 1000 dollara yaxındır, Polşa, Norveç və Çexiya kimi ölkələrdə 300-400 dollar intervalında dəyişilir.
Hesabatdan aydın olur ki, bu ölkələrdə dərman xərclərinin 15-40%-i pərakəndə satış kanalları vasitəsilə, yerdə qalan hissəsi isə bilavasitə insanların müalicə aldığı xəstəxanalar vasitəsilə həyata keçirilir.
Pərakəndə satış kanalları vasitəsilə insanların xərclədiyi vəsaitlərin 30-80%-i dövlət tibbi sığorta fondları, yerdə qalan hissəsi isə ya vətəndaşların şəxsi vəsaitləri, ya da özəl sığorta fondları hesabına təmin edilir. Məsələn, Nideralandda pərakəndə kanallardan alınan dərmanların xərclərinin 80%-i dövlət tibbi sığorta fondları, 13%-i insanların öz ciblərindən, yerdə qalanları isə özəl fondların vəsaitlərindən alınır. Estoniyada isə 54% dövlət fondunun, 46%-i cibdən alınır.
Bizim üçün əlçatmaz statistikadı – bircə dəqiq bildiyimiz odur ki, cibimizdən səhiyyəyə, o cümlədən dərmanlara xərclədiyimiz vəsaitin həcmi hökumətin büdcədən ayrıdığı məbləğdən müqayisə edilməz dərəcədə böyükdür.
Adı pulsuz, özü soyğunçu və güvənsiz, statistikası bərbad səhiyyə…