ABŞ-da həbs olunan azərbaycanlılar haqda XİN-dən AÇIQLAMA - Yenilənib

Baxış sayı:
5410

ABŞ-da həbs olunan şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır.

Bunu virtualaz.org-a Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ABŞ-ın hüquq-mühafizə orqanları Azərbaycanın bu ölkədəki səfirliyini hadisə barədə məlumatlandırıblar.

“Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır”, - deyə H.Hacıyev qeyd edib.

**

13:59

 

ABŞ-da dörd azərbaycanlının həbsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə (XİN) heç bir rəsmi məlumat daxil olmayıb.

Bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev ABŞ-da azərbaycanlıların həbsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu iş üzrə respublika vətəndaşlarının keçib-keçmədikləri araşdırılır.

Xatırladaq ki, ABŞ-da aralarında dörd Azərbaycan vətəndaşının da olduğu cinayətkar qrup saxlanılıb. Onlar dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunublar.

Araşdırmalarda Federal Təhqiqatlar Bürosunun, Gömrük-sərhəd xidmətinin, Nyu-York polisinin və Federal İmmiqrasiya və Gömrük İdarəsinin polis əməkdaşları iştirak edib. Saxlanılan şəxsləri dələduzluq maddəsi ilə 20, çirkli pulların yuyulması maddəsi ilə isə 30 ilə qədər həbs cəzası gözləyir.

İstintaqdan verilən məlumata görə, qruplaşma üzvləri mövcud olmayan avtomobillərin satışı barədə yalançı reklam elanlarının hazırlanmasında iştirak ediblər. Dələduzlar qanunsuz hərəkətləri ilə 4,5 milyon dollar qazana biliblər. Qruplaşmada Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya və ABŞ vətəndaşları da olub.