ABŞ-da Azərbaycandakı insan haqlarının vəziyyəti müzakirə olundu

Vaşinqtonda "Azərbaycan: Demokratik Həmrəyliyin Sınaq Məkanı" adlı forum keçirilib
 
Son iki il ərzində Azərbaycan çox sayda insan haqları müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər həbs olunub. Azərbaycan bir sıra beynəlxalq təşkilatların, ələlxüsus Avropa Şurasının üzvü olduğu üçün bu hal beynəlxalq təşkilatlarda narahatlıq yaradır. Beynəlxalq ictimaiyyətin qınaqlarına baxmayaraq, Azərbaycan höküməti müstəqil və müxalif səsləri boğmağda davam edir. Bunlar Vaşinqtonda Milli Demokratiya Fondunun təşkil etdiyi "Azərbaycan: Demokratik Həmrəyliyin Sınaq Yeri" adlı tədbirdə səslənidirlən başlıca fikirlər idi.
Tədbirdə çıxış edən “Meydan” TV-nin baş redaktoru Emin Milli, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin direktoru Kənan Əliyev və Karneqi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Tomas de Vaal Azərbaycanda siyasi məhbusların azad olunmasını təmin etməyin və ölkədəki vətəndaş cəmiyyətini ayaqda saxlamağın yollarını müzakirə ediblər.
Bir neçə gün öncə Xədicə İsmayılovanın əvəzinə PEN mükafatını qəbul edən Emin Milli Xədicənin siyasi məhbusların sifəti olduğunu dedi və onun həbsinin hökümətin müstəqil mətbuatdan nə dərəcədə qorxduğunun əlaməti olduğunu bildirib.
Onun sözlərinə görə, Xədicə İsmayıl qanun aliliyi, demokratiya və korrupsiyaya qarşı mübarizə kimi mənəvi dəyərlərə inanır. Azərbaycanda bu cür insanlara daha çox ehtiyac var. Emin Milli PEN tədbirində iştirak edən yazıçı və aktyorlardan Xədicənin hekayəsi ilə bağlı kitab və ya film ssenarisi hazırlamaq istədiyini də vurğulayıb.
Emin Milli həmçinin dissidentlərə olan xarici dəstəyin vacibliyindən söz açıb. O, dəstəyin təkcə xarici dövlətlərdən deyil, təşkilatlardan və fərdi şəxslərdən gəlməyin əhəmiyyətini vurğulayıb.
“Azərbaycan höküməti bu dissident icmasını tamamilə məhv etməyə nail olsa, hökümətin qarşısını almaq mümkün olmayacaq. Azərbaycanda yüzlərlə, minlərlə insan Xədicənin inandığı və təbliğ etdiyi dəyərləri paylaşır. Biz onların səslərini ucaltmağa davam etsək, onların sayını artırmağa və dəyərlərini digərləri ilə paylaşmalarına yardım etsək ölkədə yumşaq güc yaranacaq ki, struktur və şərait dəyişəndə bu bir qrup insan ölkəni dəyişib əvəzinə sabit, demokratik, yaxşı idarə olunan ölkə yarada biləcək,” deyə Emin Milli bildirib.
Tomas de Vaal Azərbaycandakı təqiblərin səbəblərini anlamaq üçün hökümətlə dialoqa keçməyin, onları bu addımları atmağa vadar edən səbəbləri anlamağın və höküməti bu yoldan döndərməyin yollarını araşdırmağın vacibliyini vurğulayıb.
Tədbir iştirakçıları ABŞ-Azərbaycan əlaqələri məsələsinə də toxunublar. Bildirilib ki, son vaxtlar Azərbaycan mətbuatında anti-amerikan kampaniya başladılıb. Ötən ilin dekabr ayında Ramiz Mehdiyev Amerika hökümətini tənqid edən bir məqalədə dərc edib, daha sonra son həftələr ərzində Azərbaycan televiziya kanalları və qəzetləri anti-ABŞ kampaniya başladaraq, Dövlət Katibi Con Kerrini ermənipərəst olmaqda və Azərbaycana qarşı təxribat aparmaqda ittiham ediblər.
“Azadliq” radiosunun Azərbaycan Xidmətinin rəhbəri Kənan Əliyev sistematik şəkildə Azərbaycanda vətəndaş cəmiyyətinin məhv edildiyini, media və beynəlxalq təşkilatların ölkədə fəaliyyət göstərə bilmədikərini bildirib.
“Azərbaycanda bir sıra xarici və beynəlxalq təşkilatların fəaliyyətləri dayandırılıb. Bunların sırasına ABŞ-ın NDI, IREX və Peace Corps kimi təşkilatları daxildir. Məni məyus edən isə odur ki, ABŞ öz təşkilatları üçün mübarizə aparmır. Bu isə Azərbaycan hökümətinin işini asanlaşdırır, çünki onlar bunu görüb əməllərini davam etdirirlər,” deyə Kənan Əliyev bildirdi.
K.Əliyev çıxışını Xədicə İsmayılın dərhal azad olunmasına çağırışla bitirib(azadliq.org).