ABŞ Cənubi Koreyaya 12 “F-16” qırıcı göndərir

Təyyarə və hərbçilər 4 ay ərzində Seuldan 180 km aralı Kunsan aviabazasında yerləşdiriləcək
 
ABŞ Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına cavab olaraq Cənubi Koreyaya 12 “F-16” qırıcı göndərəcək.
TASS xəbər verir ki, bu barədə avqustun 1-də ABŞ Hərbi Hava Qüvvələrinin Sakit Okean üzrə Komandanlığı bildirib.
Təyyarələr və Viskoni ştatında dislokasiya olunan 176-cı qırıcı eskadriliyasının 200-ə yaxın hərbçisi avqustdan başlayaraq 4 ay ərzində Seuldan 180 km aralı Kunsan aviabazasında yerləşdiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya qitələrarası “Xvason-14” adlı ballistik raketi uğurla sınaqdan çıxardığı haqqında məlumat yayılıb. Raket 681 km yüksəkliyə qalxaraq 732 km məsafə qət etdikdən sonra Yapon dənizinə düşüb.