ABŞ başqa ölkələrdə inqilab projelərindən imtina edir? - POLİTOLOQDAN ŞƏRH

Baxış sayı:
364

Co Bayden ölkələrin güc yolu ilə yenidən qurulması siyasətindən imtina edildiyini açıqladı

Prezident Co Bayden deyib ki, ABŞ-ın Əfqanıstandan çəkilməsi ilə digər ölkələrin güc yolu ilə yenidən qurulması cəhdləri dövrünün üzərindən xətt çəkilmiş oldu. Sitat: “Əfqanıstanla bağlı qərar təkcə Əfqanıstanla əlaqədar deyil. Qərar həm də digər ölkələrin yenidən qurulmasına yönəlmiş böyük hərbi əməliyyatlar dövrünün başa çatması ilə bağlıdır”.

Halbuki Bayden iqtidara gələn ərəfədə deyilirdi ki, Amerika yenidən bəzi ölkələrdə məxməri, narıncı inqilablar edəcək. Əsas hədəf kimi isə Rusiya göstərilirdi. Navalnının məhz yanvar ayında (Baydenin prezident kimi and içib, səlahiyyətlərinə başladığı ay) birdən fəallaşması, Putin və komandasını ifşa edən film hazırlamsı bu versiyanı xeyli inandırıcı edirdi. Bəs ABŞ bu xətdən niyə imtina edir? Başqa haradan qoşunlarını çıxaracaq? Demokratiya adı ilə ölkələrin işğalına son qoyacaqmı? “Tülkü həccə gedir” məsələsi olmayacaq ki?

Əhəd Məmmədli – AĞ PARTİYA

Politoloq Əhəd Məmmədli bildirdi ki, ABŞ ancaq Prezidentdən asılı olan ölkə deyil. Ona görə də prezident Co Baydenin hansısa bəyanatı o demək deyil ki, Amerikanın siyasətində kəskin dönüş olacaq. Baydenin o sözlərini Amerikanın xarici ölkələrə müdaxilə etməkdən tamamilə imtina etdiyi kimi qəbul eləmək olmaz: “Bir məşhur deyim var: Ona görə Amerikada inqilablar olmur ki, orada Amerika səfirliyi yoxdur. İnqilab ssenarilərinin başında həmişə ABŞ durub. Çünki bu cür ssenarilər Mərkəzi Kəşfiyyat İdarəsində qurulur. Co Baydenin indiki həmin açıqlamaları isə o demək deyil ki, artıq ABŞ heç bir ölkədə bu cür ssenarilər həyata keçirməyəcək. Co Bayden, sadəcə olaraq, Əfqanıstandakı uğursuzluğunu bu cür bəyanatlarla pərdələmək istəyir. Ola bilsin ABŞ İraqdan da ordusunu çıxardı. Yaxın zamanda olmasa da gələcəkdə bu addım atıla bilər. Narıncı inqilablar isə başqa taktikadır. Əfqanıstan və İraq kimi ölkələrə ABŞ açıq-aşkar şəkildə hücum elədi. Oraya güclə girdi. Amma məxməri inqilablar edilən ölkələrə Amerika dolayı yollarla müdaxilə edir. Fikrimcə, ABŞ bir müddət hansısa ölkələrə Əfqanıstan və İraqa olduğu kimi güc yolu ilə müdaxilə etməsə də, məxməri inqilablar taktikasından imtina etməz. Çünki məxməri inqilablar taktikası Amerikaya həmin ölkələrə yumşaq müdaxilə imkanlarını yaradır. ABŞ ölkələrin yenidən qurulması və demokratiya adı ilə ölkələri əslində ya işğal edib, ya da fəlakətli vəziyyətlə üz-üzə qoyub. Bu siyasətdən imtina ediləcəyini gözləmirəm”.

Azərbaycan Laçın dəhlizini ermənilərin üzünə bağlamalıdır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ beynəlxalq nizamda öz prioritetlərini müəyyən edir və 20 il əvvəl həyata keçirdiyi narınncı inqilablar və hərbi müdaxilə prosesi hazırda effektli deyil. Çünki qlobal müstəvidə dəyişikliklər, Çinin önə çıxması, Avropa İttifaqında mühafizəkarların hakimiyyətə gəlməsi, Tramp dövrü elə bir reallıqlar ortaya çıxarıb ki, Vaşinqtonun bu siyasəti səmərə vermir: “Ona görə də Vaşinqton digər vasitələrlə çalışacaq ki, qlobal miqyasda öz maraqlarını təmin etsin. Əfqanıstan, İraq, Yaxın Şərq siyasətində ciddi boşluqlar Vaşinqtonun siyasətini uğursuzluğa və region dövlətlərində etimadın itirilməsinə gətirib çıxardı. Co Baydenin strategiyasi sanksiyalarla təsir və təzyiq etməkdir. Düşünürəm ki, ABŞ müəyyən bir mərhələni gözləyib, daha da fərqli metodlarla meydana çıxacaq. ABŞ digər ölkələrə təsir və təzyiq etməsə, beynəlxalq rolu kifayət qədər zəifləyər. Ona görə də bu istiqamətdə fəaliyyəti bərpa ediləcək. Hələ ki əsas hədəf Çin və Rusiyadır və bu ölkələrin ətrafında yeni bir siyasi-hərbi halqa formalaşdırmağa çalışır. Düşünürəm ki, Vaşinqtonun siyasətində hərbi müdaxilə və çevrilişlər gündəmdən düşməyib, əlverişli bir strateji zamana buraxılıb”./“Yeni Müsavat”