ABŞ-ın “B” planı – TƏHLİL

ABŞ rəsmilərinin Rusiyalı həmkarlarıyla apardığı danışıqlarda “B” planının gündəmə gəlməsi Rusiyaya edilən ucu açıq bir mesaj da hesab oluna bilər

ABŞ-ın həmişə bir “B” planı vardır. Ən azından dünya buna alışıqdır. Fevralın 27-də Suriyada atəşkəs elan olunandan sonra ABŞ dövlət katibi Con Kerri Rusiya ilə atəşkəs barədə razılaşmadan ayrılar, ayrılmaz, bəyan etdi ki, bu anlaşma pozulduğu təqdirdə “B” planı dövriyyəyə girəcək. Və bu da Rusiya Xİ naziri Lavrovu o qədər qıcıqlandırmışdı ki, əsəbi halda belə bir planın olmadığını demişdi.
Əslində “B” planı haqda xəbərdarlıq Rusiyaya olmayan etimadın göstəricisi idi və rəsmi Moskvanı aşağılayırdı. Bu isə Rusiya üçün diskomfort yaradırdı. Çünki “B” planının varlığı hərbi təxribatlara yolu qapayırdı və beləliklə də Rusiya hər addımbaşı ABŞ-ın gözlərini üzərində hiss edirdi.
“B” planı atəşkəsə alternativ olaraq ortaya atılmışdı. Yəni atəşkəs pozulduğu təqdirdə başqa yöntəmlər dövrəyə girəcəkdi ki, bu da ABŞ koalisiya qüvvələrinin Suriyada quru əməliyyatlarına başlaması, ya da ABŞ və müttəfiqlərinin Əsəd rejiminə müxalifətdə olan və özünü doğrultmuş güclərə qırıcı təyyəraləri və artilleriyanı susdurmaq üçün yeni silahların verilməsi ola bilərdi.
Burada ikinci variant daha məqbul sayıla bilərdi ABŞ üçün. Ona görə ki, Obama dönəmindən bəri Ağ Ev birbaşa hərbi əməliyyatlarda iştiraka üstünlük vermir, daha çox vəkalətən əməliyyatlarda iştirak edir.
Artıq yenidən “B” planı haqda danışılmağa başlanıb. Cenevrədə Əsəd rejimi ilə müxalif güclər arasında danışıqlar pozulduğu təqdirdə “B” planının dövriyyəyə girəcəyi bildirilir.
Wall Street Journal qəzeti də Cenevrə danışıqlarının nəticəsiz qalması vəziyyətində ABŞ-ın yeni bir “B” planı hazırladığını təsdiq edir.
Bu plan çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ) Türkiyə və Səudiyyə Ərəbistan kimi yerli müttəfiqlərlə birlikdə çalışaraq Suriyadakı müxalif qruplara daha güclü silahların verilməsi nəzərdə tutulur.
B planı çərçivəsində ABŞ koalisiyası tərəfindən siyasi mövqeyi qəbul olunan müxalif qruplara Suriya hava qüvvələrinə məxsus döyüş təyyarələri və topçu mövqelərini vura biləcək səviyyədə silahların verilməsi düşünülür.
Bildirilir ki, bu ilin fevral ayında ABŞ prezidenti Barak Obamanın hərbi və kəşfiyyat müşavirləri Rusiyanın Suriyada artan fəallığına qarşı bir hücum olaraq hazırladığı “B” planı Ağ Evə təqdim edilmiş, ancaq həyata geçirilməmişti. İndi isə bu plan çərçivəsində müxalif qruplara verilən silahların növləri müəyyənləşdirilir və bu yöndə yeni təfərrüatların ortaya çıxdığı deyilir.
Eyni zamanda MKİ-nin region ölkələrin kəşfiyyat rəhbərləri ilə 27 Fevralda başlayan atəşkəsdən əvvəl apardığı gizli danışıqlar nəticəsində ABŞ-ın müxaliflərə verilən silah dəstəyini artırması məsələsinə yaşıl işıq yandırdığı ifadə edilir. Ancaq buna baxmayaraq Ağ Evin hələ də veriləcək yeni silah növləri üçün razılıq vermədiyi bildirilir. ABŞ-ın bu cür səbrli davranması da Cenevrədə tərəflər arasında gedən danışıqlarla bağlıdır.
MKİ regiondakı müttəfiq ölkələrə yeni silah sistemlərinin ancaq Cenevrədəki danışıqların, yəni “A” planının tamamilə çökməsi halında veriləcəyini açıq şəkildə ifadə edib.
ABŞ-ın bu cür səbrli davranışı və “B” planının varlığı Rusiya və Əsəd rejimi üçün bir təzyiq elementi olmaqla bərabər, həm də danışıqlardan istədiyi siyasi həlli çıxarmağa yönəlikdir.
ABŞ rəsmilərinin Rusiyalı həmkarlarıyla apardığı danışıqlarda “B” planının gündəmə gəlməsi Rusiyaya edilən ucu açıq bir mesaj da hesab oluna bilər. Bununla ABŞ bildirmək istəyir ki, qoşunları Suriyadan çıxarmaq haqda qərardan sonra yenidən qayıdıb, aktiv hərbi əməliyyatlara girişərsə, onda daha çox rus pilotu ölüm təhlükəsilə qarşı-qarşıya qalacaq.
Bu yöndə artıq ABŞ İraq ordusuna istiliklə idarə olunan portativ zenitlər (MANPAD) verib və bunun eynisinin Əsəd müxalifətinə də verilə biləcəyini dolayısı ilə Rusiyaya mesaj verir. Bu silahların ən inkişaf etmiş hava müdafiə sistemləri arasında qəbul edildiyini də yəqin ki, Rusiya bilməmiş deyil.
Bununla bərabər, MKİ Türkiyə və Səudiyyə Ərəbistanından ABŞ-dan xəbərsiz müxalif güclərə silah verilməməsini və hər şeyin koordinasiya şəklində olmasını da istəyib.
Ancaq buna rəğmən müxalif güclərin gizli yollardan az sayda olsa da istiliklə idarə olunan portativ zenitlər (MANPAD) aldığı deyilir. Bu da o anlama gəlir ki, artıq Rusiya və Əsəd hava qüvvələrinin fəzadakı hegemonluğu sona çatır.
Natiq Miri