ABŞ Azərbaycana kəşfiyyat avadanlıqları verir - 10 MİLYONLUQ MÜQAVİLƏ

Baxış sayı:
22942

Pentaqon Azərbaycanın kəşfiyyat məlumatlarını toplamaq və terrora qarşı mübarizə imkanlarını artırmaq üçün ABŞ şirkəti ilə 10 milyon dollarlıq müqavilə imzalayıb.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ Müdafiə Nazirliyi Azərbaycanın kəşfiyyat məlumatlarını toplamaq və terrorizmə qarşı mübarizə imkanlarını gücləndirmək üçün lazımi avadanlıqların təchizatı ilə bağlı müqaviləni Virciniya ştatında mənzillənmiş şirkətlə bağlayıb.

“Virciniya əyalətində, Aleksandriya şəhərində yerləşən “VSE Corp. ” şirkəti Xəzər dənizi ilə bağlı Azərbaycanın Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində terrorla mübarizə, kəşfiyyat avadanlıqları və təlim avadanlıqlarının tədarükü üçün 10,082,812 dollarlıq məbləğində müqaviləyə imza atıb", - məlumatda qeyd edilib.

Avadanlıqların nədən ibarət olduğu açıqlanmır. Məlumata görə, müqavilə Azərbaycan hökuməti üçün ABŞ-ın xarici hərbi satışlar proqramı çərçivəsində bağlanıb.

Qeyd edilir ki, bu ilin iyununda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfər edərək, milli təhlükəsizlik üzrə müşavir (dünən vəzifədən çıxarılıb,-red.) Con Boltonla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar ikitərəfli iqtisadi münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və Avropaya qaz tədarükünün daha da şaxələndirilməsi imkanlarını müzakirə ediblər.