ABŞ Ağalarovun işçisinə dair sənədləri açıqlayıb - “KUŞNER ƏSƏBİLƏŞMİŞDİ VƏ...”

Baxış sayı:
1747

ABŞ-ın Ədliyyə Nazirliyi yenidən Federal Təhqiqatlar Bürosunun (FTB) Rusiyanın 2016-cı il ABŞ seçkisinə mümkün müdaxiləsi barədə əsas şahidlərin dindirilməsinə dair materiallarını açıqlayıb. Bu iş üzrə təhqiqatı son iki il ərzində ABŞ-ın xüsusi prokuroru Robert Müller aparıb. 356 səhifədən ibarət sənədi CNN telekanalı və BuzzFeed saytı dərc edib.

Bu sənədlərdə həm də ABŞ prezidentinin böyük oğlu Donald Trampın rusiyalı vəkil Natalya  Veselnitskaya ilə 2016-cı ilin iyununda “Trump Tower” otelində görüşünün təfərrüatları var. Görüş barədə ifadəni azərbaycanlı Rusiya biznesmeni Araz Ağalarovun “Crocus Group” şirkətinin meneceri Irakliy Kaveladze verib.

FTB-nin materiallarına görə Kaveladzeyə bu görüşdə iştirak üçün “Crocus Group” şirkətinin vise-prezidenti müraciət edib. Kaveladzenin dediyinə görə, Ağalarovun köməkçisi ona bildirib ki, Veselnitskayada Trampın seçki rəqibi Hillari Klintona qarşı kompromat var və görüşdən də əsas məqsəd budur.

Kaveladze müstəntiqlərə deyib ki, “Trump Tower” otelindəki görüşdə ABŞ prezidentinin baş müşaviri və kürəkəni Jared Kuşner də iştirak edib. Kaveladzenin dediyinə görə Kuşner əsəbiləşmişdi və görüşün nə məqsəd daşıdığını başa düşmürdü. Kuşner görüş başlanandan dərhal sonra iştirakçıların Klinton haqqında informasiyaya malik olub-olmadıqlarını soruşub. Kaveladze etiraf edib ki, bu görüşə lüzumsuz olaraq vaxt sərf edilib.

 

Kaveladzenin dindirilməsindən başqa, açıqlanmış materiallarda Trampın yaxın çevrəsinə daxil digər şəxslərin dindirilməsi protokolları da var.BuzzFeed diqqəti belə bir məqama yönəldir ki, ABŞ Ədliyyə Nazirliyi sözü gedən sənədin redaktə olunmuş variantını açıqlayıb.

2017-ci ilin iyulunda oğul Tramp onun Natlalya Veselnitskaya ilə görüşdüyünü göstərən elektron məktubları açıqlamışdı. Bu görüşdən əvvəl oğul Trump-a məlumat verilmişdi ki, rusiyalı vəkil Hillari Klintona dair ifşaedici informasiyaya malikdir. Trampın böyük oğlu sonralar demişdi ki, bu görüşdən heç bir fayda əldə olunmayıb.

ABŞ-ın xüsusi prokuroru Robert Müller Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair təhqiqatının yekun hesabatını 2019-cu ilin martında prokurorluğa təqdim edib.İki il davam edən təhqiqat Rusiyanın 2016-cı il ABŞ prezidenti seçkisinə müdaxiləyə cəhdlər göstərdiyini sübuta yetirib. Lakin müstəntiqlər Donald Trampın seçki qərargahı ilə Kreml arasında sövdələşmə olduğunu sübut etməyib./virtualaz.org