Abituriyentlər üçün “şok endirim”

Bu həftəsonu Azərbaycan ali məktəblərinə qəbul müsabiqəsində uğurlu iştirak üçün göstəricilərini yaxşılaşdırmaq istəyən I və IV ixtisas qruplarının abituriyentləri üçün təkrar qəbul imtahanları keçiriləcək. Bu ildən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) qəbul kampaniyasının bütün iştirakçıları üçün belə bir imkan yaradıb.
 
Birinci test imtahanında yığdığın bal səni qane etmirsə, bəxtini bir daha sına. Əlbəttə, müəyyən ödəniş müqabilində, çünki istənilən imtahanda (bakalavriat, magistratura, rezidentura, dövlət qulluğu və s. imtahanında) iştirak artıq pulludur.
Bu gün bu və ya digər ixtisas üzrə müsabiqə vəziyyətinin necə olacağını proqnozlaşdırmaq çətindir, amma ərizələrin sayından göründüyü kimi, texniki, iqtisadi, tibbi ixtisaslar üzrə ali məktəblərə qəbul olmaq istəyən namizədlərin sayı digər peşələrdən daha çoxdur. Ötən ilki göstəricilər də bunu göstərir. Amma, görünür, DİM hesablama aparıb və bir sıra ixtisaslar üzrə ciddi kəsir gözlənildiyini müəyyən ediblər. Həm də bu il ali məktəblərdə yerlərin sayı artıb (təxminən 43 min vakansiya).
Ali məktəblərdə plan üzrə yerlərin cəmi 83,3%-nin dolduğu, bəzi özəl universitetlərdə isə bu göstəricinin cəmi 11% (!) təşkil etdiyi ötən ilki uğursuzluqdan uzaq olmaq üçün DİM qabaqlayıcı tədbirlər görməyi qərara alıb, Təhsil Nazirliyi rəhbərliyi ilə təcili danışıqlar aparıb. Nəticədə bütün ixtisas qrupları üzrə keçid ballarını azaltmaq qərara alınıb. İdarənin məlumatına görə, I, II, III və IV qruplar üzrə müsabiqəyə 200 və daha yüksək bal yığan (dövlət sifarişi üzrə yerlərə – 250 və daha çox bal) abituriyentlər buraxılacaq. Keçən il bu göstəricilər müvafiq olaraq 250 və 300 bal idi.
Amma aqrar və bəzi iqtisadi ixtisaslar üzrə “şok endirim” edilib, həm də ali məktəblərdə də. Məlumatda qeyd edilir ki, ixtisas seçimi üzrə müsabiqədə iştirak üçün cəmi 150 bal tələb olunur. Keçid balının azaldılması “torpaqşünaslıq və aqrokimya”, “meşəşünaslıq”, “aqronomiya”, “meliorasiya mühəndisi”, “daşımaların təşkili və nəqliyyatda idarəetmə üzrə mühəndis”, “meşə materialları texnologiyası üzrə mühəndis”, “çoxdəfəlik istifadə texnologiyası üzrə mühəndis”, “marketinq”, “turizm və otel işi”, “baytarlıq”, “muzey işi” ixtisaslarına da şamil edilib. Bu zaman minimal ballarla qəbul olmağın mümkün olduğu ali məktəblərin adları da açıqlanıb. Bu, əsasən özəl və regional ali məktəblərdir. Siyahıda “Xəzər”, “Qərb”, “Odlar Yurdu” universitetləri, Gəncə, Mingəçevir, Lənkəran, Naxçıvan dövlət universitetləri göstərilib.
Təhsil üzrə ekspert Etibar Əliyev Turan-la söhbətində qeyd edib ki, keçid ballarının azalması ali məktəblərdə təxminən 7 min tələbənin əksik qaldığı ötən ilki uğursuz tələbə qəbulu kampaniyasından uzaq olmaq üçün məcburi tədbir idi. Həmin vaxt Təhsil Nazirliyi minimal balların azaldılmasına razılıq verməmişdi. Nəticə məlumdur. Özəl ali məktəblər üçün həmin qəbul kampaniyasının yekunları əsl şok oldu, bəziləri hələ də bu şokdan özünə gələ bilməyib. Amma bu il vəziyyət daha da qorxuludur. Bir tərəfdən abituriyentlərin sayı azalıb, digər tərəfdən universitetlərdə plan üzrə yerlər artıb.
“Bu vəziyyətdə DİM və Təhsil Nazirliyi seçim qarşısında qalır: ya yerli ali məktəblərin kommersiya maraqları naminə vakansiyaları doldurmaq üçün tamamilə orta səviyyəli abituriyentləri qəbul etmək, ya da iqtisadiyyatın, tibbin inkişafı naminə gələcəkdə Azərbaycanın elmi, yaradıcılıq və texniki elitasını formalaşdıracaq ən yaxşıların seçilməsi üçün sərt şərtlər müəyyən etmək. Çox təəssüf ki, bu gün vəziyyət birinci variantın xeyrinədir, ali məktəblərin ayaqda qalması üçün obyektivlik və keyfiyyət prinsiplərindən əl çəkmək lazım gəlir. Və bu yarımçıq oxuyanlardan necə mühəndislər, iqtisadçılar, aqronomlar, otelçilər alınacağı isə çox az insanı maraqlandırır”, deyə ekspert qeyd edir.