​Abid Şərifovun şirkətinin onlarla işçisi Qazaxıstanda saxlandı

Qazaxıstanın Almatı vilayətinin Panfilov Rayon Prokurorluğu “Qərbi Avropa-Qərbi Çin” layihəsinin reallaşdırılması üçün xaricdən işçi qüvvəsi cəlb etmiş yerli müəssisələrdə miqrasiya qanunvericiliyinin tələblərinə nə dərəcədə riayət olunmasını aydınlaşdırmaq məqsədilə yoxlamalar keçirib.
Bu barədə Panfilov rayonunun prokuroru Aydın Torebekov məlumat verib.
“EVRASCON tikinti şirkətində aparılmış yoxlamalar zamanı sənədləri yoxlanarkən orada qanun pozuntuları olan 56 Azərbaycan vətəndaşı da müəyyən edilib. Məlum olub ki, həmin şəxslər Qazaxıstan Respublikasında hər hansı müvafiq icazə almadan əmək fəaliyyəti ilə məşğul olurlar. Halbuki belə bir icazənin alınması məcburidir” – deyə prokuror bildirib.
Xatırladaq ki, virtualaz.org saytı bu günlərdə Qazaxıstan Dövlət Miqrasiya Xidmətinin bu ölkədə yol tikintisi işlərində çalışan 200-dək Azərbaycan vətəndaşını saxlaması haqda məlumat yaymışdı.
Yeri gəlmişkən, qazax mətbuatı EVRASCON şirkətinin Almatı-Çunca-Koktal-Xorqos yolunun tikintisi zamanı 15 milyon manat məbləğində ziyana düşdüyünü də yazıb. Yerli jurnalistlər bunun şirkətdəki mənimsəmə və israfçılıqla bağlı ola biləcəyini ehtimal edirlər.
EVRASCON şirkətinin faktiki sahibi olan Azərbaycanın baş nazirinin müavini Abid Şərifov isə mətbuata açıqlamasında bu informasiyanı təkzib etmişdi.
Abid Şərifov EVRASCON şirkətinin ona məxsus olması barədə deyilənləri də təkzib etmişdi. Bununla belə o, həmin şirkətin qardaşına məxsus olduğunu etiraf etmişdi. (Virtualaz.org)