''Abel Məhərrəmovun qudası məsələyə qarışdı'' - ŞOK XƏBƏR

Baxış sayı:
26875

"BDU-nun keçmiş rektoru Abel Məhərrəmov vəzifəsini itirəndən sonra oğlunun səfir postunda qalmasına çalışır. Uzun müddətdir adı şərab qalmaqalında hallanan oğlu - Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov son hadisələrdən sonra daha ağır duruma düşüb. Və artıq A.Məhərrəmov gücünü itirib, oğlunu qorumaq iqtidarında olmadığından bu missiyanı üzərinə qudası - baş nazirin müavini Yaqub Eyyubov götürüb”.

Məlumatı Meydan TV-yə Xarici İşlər Nazirliyində adının açıqlanmasını istəməyən mənbə deyib.

Mənbə deyir ki, A.Məhərrəmovun gəlini Y.Eyyubovun qardaşı qızıdır: “Baş nazirin müavini yeznələrini qorumaq üçün hərəkətə başlayıb. Səfiri də əmin edib ki, ona toxunan olmayacaq”.

Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, dünən gün ərzində dəfələrlə Bakı ilə əlaqə yaradan A.Məhərrəmov bu gün artıq müəyyən şəxslərlə söhbətində problemin qismən həll olunduğunu söyləyib.

"Hələ tam siyasi qərar yoxdur. Çünki çox böyük qalmaqal olub. Amma Yaqub Eyyubov bu istiqamətdə öz əlaqələrindən istifadə etməyə başlayıb. Dünən Xarici İşlər Nazirliyilə də bu mövzuda danışıqlar olub. Səfirə də tövsiyə olunub ki, mümkün qədər Azərbaycandakı media ilə əlaqə yaratmağa çalışsın, məqamı gələndə öz xeyrinə istifadə eləyə bilsin", - mənbə bildirib. Sabiq rektora yaxınlığı ilə seçilən başqa bir mənbə də Abel Məhərrəmovun oğlunu qorumaq üçün hərəkətə keçdiyini, noyabrın 16-da saatlarla XİN-də olduğunu deyib.

Anar Məhərrəmovun adı zaman-zaman şərab ticarəti, Bakıda onların ailəsinə məxsus olduğu iddia edilən şadlıq saraylarına Madriddən içkilər göndərməsi, İspaniyada diaspora təşkilatları ilə qalmaqallarıyla gündəmə gəlib.
A.Məhərrəmov noyabrın 15-də prezidentin sərəncamıyla BDU-nun rektoru vəzifəsindən azad edilib.