Abdulla Abdullayev: “Dövlətə gələ biləcək ləkə, elə mənə gələn ləkədir”

“AMAY Abdulla”: “Dövlətə xatir səsimi çıxarmıram”

Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində AMAY şirkətinin rəhbəri Abdulla Abdullayev və təqsirləndirilən daha 5 nəfər üzərində məhkəmə prosesi davam edib.

"Turan"ın məlumatına görə, ittihamın “zərərçəkən” kimi tanıdığı Sədaqət Əsgərova nə A.Abdullayevə, nə də təqsirləndirilən digər şəxslərə iddiası olmadığını, yeganə istəyinin binanın tamamlanaraq təhvil verilməsi olduğunu bildirib.

Daha sonra vəkil Osman Kazımov daha 8 nəfər zərərçəkənin notarial qaydada təsdiqlənmiş ərizələrini məhkəməyə təqdim edib. Həmin ərizələrdə bu şəxslər özlərini zərərçəkən saymadıqlarını, aldıqları mənzillərdə təmir işlərinə başladıqlarını bildirirlər.

Zərərçəkənlərin məhkəməyə gəlməməsi ilə əlaqədar hakim Əfqan Hacıyev yenə də məcburi gətirilmə qərarı çıxarılmasını təklif edib. Amma vəkillərlə müzakirələrdən sonra qərar çıxarılması bazar ertəsinə kimi təxirə salınıb.  

Daha sonra “Xudafərin” firmasının Atatürk prospekti 80/78-37-də tikdiyi binanın indiyə kimi tamamlana bilməməsi səbəblərinə A.Abdullayev özü aydınlıq gətirib. Binanın tikintisinə 2003-cü ildə başlanılıb, mənzilin kv.metri 200-250 dollar məbləğində satılıb.

Amma 2004-cü ildə metronun “Gənclik” stansiyası yaxınlığında AMAY-a məxsus ticarət mərkəzinin hökumət tərəfindən sökülməsi məsələsi ortaya çıxıb. İlk dəfə bununla bağlı binanın tikintisi bir il müddətinə dayandırılıb. Yeni ticarət mərkəzinin tikintisi iki il davam edib və 2006-cı ildə başa çatıb. Onun sözlərinə görə, 2008-ci ildə ikinci dəfə tikintinin dayanmasına səbəb sakinlərin şikayəti olub. Belə ki, bu şikayətlərdən sonra tikintiyə prokurorluğun müdaxiləsi baş verib və tikinti dayandırılıb.

A.Abdullayev bildirib ki, götürülən kreditlərlə bağlı 2010-cu ildən AMAY əməkdaşlarına qarşı cinayət işi başlanıb və bina tikintisi növbəti dəfə dayanıb. O, binanın 10 bal zəlzələ gücünə hesablanaraq tikildiyini, buna görə tikintiyə müştərilərin vəsaitlərinə aid olmayan əlavə xərclər getdiyini, buna baxmayaraq, satış qiymətlərini artımadığını söyləyib. Binanın tikintisinin başa çatdığını, liftlərin qoyulduğunu, elektrikin verildiyini, qapalı kanalizasiya sistemi qurulduğunu deyən AMAY rəhbəri orada bəzi hissələrdə suvaq verilməsi tamamlama işlərinə ehtiyac qaldığını deyib.

Kreditlərin ödənməsinə gəlincə, A.Abdullayev hakimə “Texnikabank”a olan 40 milyon manatın 2012-2013-cü illərdə, Sahibkarlığa Yardım Fonduna olan 3 milyon manatın ödəndiyini bildirib. Bu ittihamlarla həbsini əsassız sayan AMAY rəhbəri məhkəmə heyətinə bu ittihmalara xitam verilməsini təklif edib.

“Məni əsassız həbs ediblər, dövlətə xatir səsimi çıxarmıram. Çünki, dövlətə gələ biləcək ləkə elə mənə gələn ləkədir, ona görə də ümidlə ədalətin qalib gəlməsini gözləyirəm”, - deyə A.Abdullayev bildirib.

Bundan sonra hakim Ə.Hacıyev növbəti məhkəmə prosesini aprelin 20-nə təyin edib.