​Abdulatipov Putinlə Ərdoğanı barışdırmasından danışdı: “Biz kimik ki...”

Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında barışığın əldə olunmasında Dağıstan rəhbəri Ramazan Abdulatipovun və türkiyəli biznesmen Cavid Çağların vasitəçiliyi olub. Bu haqda detalları “Hürriyet” qəzeti yazıb. (http://virtualaz.org/bugun/76304)
“Komsomolskaya pravda” qəzeti bu vasitəçilik səyləri ilə bağlı Ramazan Abdulatipova zəng edib. Dağıstan rəhbəri detallardan danışmaq istəməyib, Ərdoğanla Putini barışdırmaqda şəxsi səyləri haqda şərh verməyib. Ancaq dolayısı ilə təsdiqləyib ki, doğrudan da Cavid Çağlar və o, belə səylər göstərmişdi.
“Cavid Çağlar mənim dostumdur. Və o, bu münaqişənin yaranmasına görə narahatlıq keçirənlərdən biri idi. Mən də buna görə narahat idim. Çünki öz Vətənim üçün çalışıram. Hər şey bu cür olub”-Abdulatipov deyib.
“Bununla belə əlavə edirəm ki, heç bir Cavit Çağlar və ya başqa birisi bu səviyyədə məsələləri həll etmir. Bu, iki dövlət başçıları səviyyəsində olan məsələdir. Ancaq və ancaq. Əgər kimsə nəsə kömək edibsə bütün bunlar yolüstü olub. Ən başlıcası bu, iki dövlət başçısının mövqeyi, müdrikliyidir. Bütün qalanlar isə o dərəcədə mühüm deyil ki, onların haqqında danışasan, yazasan”-Dağıstan rəhbəri əlavə edib.

Abdulatipov deyib ki, Cavit Çağları çoxdan tanıyır, son üç ildə isə onunla fəal dostluq edir. Çünki türkiyəli biznesmen Dağıstanda çox maraqlı layihə həyata keçirmək istəyir. Xüsusən qadınların işləyəcəyi tekstil fabriki açır. “Bundan əlavə həmin zavodda bizim birgə razılaşmamıza əsasən min yerlik uşaq bağçası olmaldır. Yəni layihə iqtisadi olmaqla yanaşı həm də sosialdır. Unikal layihədir. Ümid edirəm ki, bu layihədə ölkələrimizin rəhbərlərindən dəstək alacağıq”-Dağıstan rəhbəri bildirib.
Bəs Ərdoğanla Putinin bir gün əvvəl Sankt-Peterburqda baş tutan görüşünün nəticələrini Abdulatipov dostu Çağlarla müzakirə edibmi? Dağıstan rəhbəri cavab verib: “Yox. Biz nə müzakirə edəsiyik? Biz kimik ki, nəticələri müzakirə edək? Ancaq biz bir daha bir-birimizi təbrik etdik ki, rəhbərlərimiz iradə, müdriklik nümayiş etdirdilər. Və biz öz rəhbərlərimizlə fəxr edirik”.
“Necə təbrik etdiniz? Şərab içdiniz, ya necə?”-jurnalist soruşub.
“Bilirsən, o, indi Türkiyədədir, mən isə Osetiyada. Hələlik bu məsafədən qədəhləri toqquşdurub şərab içmək yolunu icad etməyiblər”-Abdulatipov bildirib.
“Siz əsl diplomatsınız. Hesab edirəm ki, Sizi Çağlarla birlikdə bu işə görə mükafatlandıracaqlar”-jurnalist sonda Abdulatipov bildirib. “Əsas odur ki, cəzalandırmasınlar”-Dağıstan rəhbəri gülərək cavab verib.
F.Məmmədov