Abbas Hüseynov işgəncəyə məruz qalıb - Vəkil

Vəkil həbsxanada Nardaran məhbusları ilə görüşüb
 
"Nardaran hadisələri ilə bağlı həbsdə olan Abbas Hüseynov Qobustan Qapalı Həbsxanasında qeyri-insani rəftara və işgəncələrə məruz qalıb". Bu barədə vəkil Yalçın İmanov avbqustun 8-də Qobustan Qapalı Həbsxanasında
A.Hüseynovla görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.
Vəkil artıq işgəncə və qeyri-insani rəftar faktı ilə bağlı Ombudsman Aparatına və cinayət işi qaldırılması üçün Baş Prokuroluğa müraciət hazırladığını bildirib.
Vəkil Yalçın İmanovun Amerikanın Səsinə müsahibəsi
İmanovun sözlərinə görə, Abbas Hüseynov iyulun 22-də Qobustan həbsxanasına gətirilib və həmin gündən işgəncəyə məruz qalıb.
"Hüseynov deyib ki, həbsxanaya gətirilyi gün həbsxana əməkdaşları, rəis heyəti, konkret olaraq həbsananın rəisi və rəis müavini tərəfindən zorakılığö məruz qalıb. Onu dubinka ilə döyüblər, günəşli havada açıq yerdə saxlayıblar, cərimə kamerasında (kars) əllərini və ayaqlarını bağlayıblar. O sanki çarmıxda saxlanılıb", vəkil qeyd edib.
Vəkil A.Hüseynova həbsxanada olduğu 17 gün ərzində 4 töhmət verildiyini deyib.
Y.İmanovun sözlərinə görə, A.Hüseynov iyulun 26-da həbsxananın həyətindəki dəmir dirəyə bağlanıb.
"Təxminən 3 saata yaxın dirəyə bağlı vəziyyətdə saxlanılıb, əllərim arxadan qandallı vəziyyətdə, üzüm dəmir dirəyə yapışmış halda. Günün ən qızmar vaxtında. 3 saatdan sonra dirəkdən açıb, yenidən "kars"a salıblar", vəkil A.Hüseynova istinadən deyib.
A.Hüseynov vəkilə deyib ki, avqustun 5-də ona karantin müddətinin bitdiyi, kameraya köçürüləcəyi və rəisin onu qəbul edəcəyi bildirilib.
"Rəis Aftandil Ağayev A. Hüsrynovu qəbul edib. A.Hüseynov dedi ki, rəisin otağında onu döyüblər,təhqiredici ifadələr eşidib".
Yalçın İmanov avqustun 8-də Qobustan Qapalı həbsxnasında "Müsəlman Birliyi" Hərəkatəınən lideri Tale Bağırzadə ilə də götrüşüb.
"Tale Bağırzadəyə işgəncə verilməyib. Lakin ona da təhqiredici ifadələr işlədilib. Saxlandığı kamera da normalara cavab vermir", o qeyd edib.
A.Hüseynovun konkret işgəncə şikayətinə hələlik Qobustan Qapalı Həbsxanasının rəisindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Ancaq qurumun mətbuat xidməti bildirib ki, dünən, avqustun 8-də T.Bağırzadə işgəncəyə məruz qalması ilə bağlı iddialara verdikləri cavab məsələyə aydınlıq gətirə bilər.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Müsəlman Birliyi" Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.
Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.