​Abbas Bağırovun zərər çəkdiyi dələduzluq işində adı keçən polkovnik işdən çıxarılıb

Baxış sayı:
7153

Tanınmış müğənniyə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində ehtiyatda olan polkovnik Rizvan Abbasov ifadə verib.
Adı bu işdə vasitəçi və işədüzəldən kimi keçən polkovnik bildirib ki, həbs edilən şəxs qaynıdır.
O, daha əvvəl daxili qoşunlarda çalışdığını deyib.
R.Abbasov ifadəsində bildirib ki, zərərçəkmiş Xətai Yusubovu işə düzəldəcəyi vədini verməyib və bu barədə danışıq aparmayıb.
"Ondan nə pul almışam, nə də işə düzəldəcəyimi demişəm. Bu barədə söhbət belə olmayıb"- deyən şahidə zərərçəkmiş Xətai Yusubov etiraz edib.
Yusubov qeyd edib ki, təqsirləndirilən Orxan Mehrəliyev pulu ondan alan zaman Rizvan Abbasovla məsləhətləşib.
"Orxanla onun işlədiyi idarənin qarşısına getmişəm. Orada Orxan içəri gedib, Rizvan Abbasovla danışdı. Hələ Rizvan Abbasovla da aramızda telefon danışıqları və "vatsap" yazışmaları olub. Lakin cinayət işində bu barədə qeyd edilməyib"- deyə zərərçəkmiş qeyd edib.
Suallara cavab verən R.Abbasov söyləyib ki, daha əvvəl O.Mehrəliyev bir adamın işə düzəlməsi üçün ondan xahiş edib: "Mən də dedim ki, rəhbərlikdən soruşaram, əgər iş varsa müraciət edər. Lakin Xətainin mənə pul verməsi, ona hər hansı vəd verməyim yalandır. Xətai bizim rəhbərliyə də bu barədə şikayət ərizələri yazmışdı".
Suallara cavabında R.Abbasov daxili qoşunlardan çıxma səbəbi kimi səhhətində olan problemi göstərib.
Məhkəmə iclası martın 12-də davam etdiriləcək.
Xətai Yusubovun hüquq şirkəti olub və ödənişlə hüquqi yardım göstərib.
Orxan Mherəliyevlə də bu vasitə ilə tanış olduğunu deyən Xətai Yusubov nazirliklərdən birində hüquq şöbəsində işə düzəlmək üçün 52500 manat pul verib:
"Orxan mənə Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə vakansiya olduğunu dedi. Bu işi də Orxanın polkovnik qohumu Rizvan Abbasov düzəldəcəkdi. Orxan mənə dedi ki, qiymət 100-150 mindir. Sonradan 80 minə qədər düşdü. Sonuncu razılığımız isə 60 min oldu. Əvvəlcə 50 min verdim. Sonra isə 2500 verdim".
İttihamda yazılır ki, Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.
O.Mirəliyev Maman Nadirovanın etibarından sui-istifadə edərək Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək ümumilikdə 55 min manat pulunu alıb.
İttihama görə, həmçinin o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.
O, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. Təkrarən Maman Nadirovdan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.
Qeyd edək ki, bu işdə sensasion sayıla biləcək məlumatlar var. Məhkəmənin növbəti iclaslarında bu barədə məlumat dərc etməyə çalışacağıq. Təqsirləndirilən şəxs istintaqa Abbas Bağırovla bağlı ilginc məlumatlar verib.
Abbas Bağırov bu məhkəmə işi ilə bağlı musavat.com-a açıqlama verib. Bağırov deyib ki, ona dəymiş zərər ödənilib. Onun sözlərinə görə, təqsirləndirilən Mehrəliyev başqa şəxslərin təzyiqi ilə onun haqqında həqiqət olmayan məlumatlar verdiyini etiraf edib.