Abbas Bağırova qarşı dələduzluqda ittiham edilən şəxsə hökm oxundu

Baxış sayı:
10105

Tanınmış müğənniyə qarşı da dələduzluq etməkdə təqsirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Orxan Mehrəliyevə hökm oxunub. Hökmə əsasən O.Mehrəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihamda yazılır ki, Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib. O.Mehrəliyev Maman Nadirovanın etibarından sui-istifadə edərək Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək ümumilikdə 55 min manat pulunu alıb. İttihama görə, həmçinin o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb. O, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. Təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib. Qeyd edək ki, bu işdə sensasion sayıla biləcək məlumatlar var. Məhkəmənin növbəti iclaslarında bu barədə məlumat dərc etməyə çalışacağıq. Təqsirləndirilən şəxs istintaqa Abbas Bağırovla bağlı ilginc məlumatlar verib. Abbas Bağırov bu məhkəmə işi ilə bağlı musavat.com-a açıqlama verib. Bağırov deyib ki, ona dəymiş zərər ödənilib. Onun sözlərinə görə, təqsirləndirilən Mehrəliyev başqa şəxslərin təzyiqi ilə onun haqqında həqiqət olmayan məlumatlar verdiyini etiraf edib.