Abbas Abbasov Nizaminin heykəlinə görə Abdulatipova zəng vurdu

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Dərbənddəki heykəlinin, habelə azərbaycanlıların digər müqəddəs mənəvi-dini irs nümunələrinin təhqir olunması Rusiyadakı azərbaycanlı icmasını hərəkətə gətirib.

Virtualaz.org saytı xəbər verir ki, “Azerros” təşkilatının lideri Abbas Abbasov bununla bağlı Dağıstanın lideri Ramazan Abdulatifovla telefon əlaqəsi saxlayıb və orada baş verənlərə aydınlıq gətirilməsini xahiş edib.

A.Abbasov telefon danışığında Seyid Mir Qafar ağanın, Sovet İttifaqı Qəhrəmanı Şəmsul Ağayevin məqbərələrinin dağıdılması məsələsinə aydınlıq gətirilməsini istəyib.

R.Abdulatipovun tapşırığı ilə Dağıstan hökuməti sədrinin I müavinin rəhbərliyi ilə Dərbəndə xüsusi komissiya göndərilib. Araşdırma nəticəsində məlum olub ki, Seyid Mir Qafar ağanın məqbərəsinə heç bir ziyan dəyməyib.

Nizami Gəncəvinin abidəsinə gəlincə isə R.Abdualtipov A.Abbasovla söhbətində qeyd edib ki, Nizami Gəncəvi Dağıstanda da hörmətlə yanaşılan böyük mütəfəkkirdir və onun abidəsinə hörmətsizlik Dağıstanda da ciddi narahatlıq doğurur.

R.Abdulatipov A.Abbasovu əmin edib ki, belə hadisələr Dağıstanın hüquq-mühafizə orqanlarının diqqət mərkəzində və şəxsən özünün ciddi nəzarətində olacaq.