​99 gün komada qalan tank komandiri şəhid oldu

Milli Ordunun bu ilin 2 aprelində (aprel döyüşləri zamanı) ağır yaralanan tank komandiri, gizir Rahim Tağıyev iyulun 10 səhər saatlarında dünyasını dəyişib. Bu barədə jurnalist Aqil Aslan facebook səhifəsində məlumat paylaşıb.
R.Tağıyev 99-cu gün idi ki, komada idi. O, aprelin 2-də cəbhənin Goranboy-Tərtər istiqamətində Talış kəndi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdi. Döyüş zamanı düşmənin atdığı minamyot mərmisi onun yanına düşüb və hərbçimiz başından ağır yaralanmışdı. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilən R.Tağıyev aprel döyüşlərinin ən ağır yaralısı idi. Onun müalicəni davam etdirmək üçün Türkiyəyə, məşhur “Gülhanə” xəstəxanasına yola salınmasına hazırlıq görülürdü.
R.Tağıyev 18 il Milli Orduda xidmət edib. Bu müddətdə xidmətdə fərqləndiyinə görə 5 medal və çox sayda Fəxri Fərmanla təltif edilib. Şəkinin Əliyar kəndində anadan olan R.Tağıyev Mingəçevir sakini idi və Mingəçevirin Şəhidlər Xiyabanında dəfn edilib.
Allah rəhmət eləsin!