​98 ailəyə 11 aylıq kirayə haqqı... - Nazirlər Kabineti sərəncam imzalayıb

Baxış sayı:
3232

Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi olan ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.
Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov bildirib ki, həmin vəsaitin bank vasitəsilə ailələrə ödənilməsinin təmin olunması Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb: "Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 98 ailənin sənədləri araşdırılıb. Həmin evlərin sürüşmə təhlükəsi olan ərazidə olması Səbail Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlarının keçirdiyi yoxlamalar nəticəsində məlum olub".
İ.Kərimov vurğulayıb ki, sərəncamla fevralın 10-da ərazidə baş verən sürüşmə nəticəsində tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb: "Araşdırma nəticəsində məlum olub ki, torpaq altında qalan 4 ev 1990-cı illərdə tikilən qeyri-qanuni, heç bir sənədi olmayan evlərdir. Buna baxmayaraq, dövlətimiz vətəndaşların mənafelərini hər şeydən üstün tutaraq burada yaşayan vətəndaşların da kirayə mənzillərə köçməsi üçün vəsaitlə təmin olunmasına qərar verib"./Report/