9 ilin ən yüksək qiymət artımı... - “Ərzaq məhsularının qiyməti 16.4% artıb”

Baxış sayı:
1097

“Dövlət Statistikası Komitəsinin 2017-ci ilin iqtisadi yekunları üzrə dünən açıqladığı məlumatlardan görünür ki, ötən il ölkədə qiymət artımının səviyyəsi son 9 ildə - 2008-ci ildən sonra ən yüksək həddə çatıb. Bu ilk növbədə özünü ÜDM deflyatorunda göstərir. Bu göstəricinin səviyyəsi 116% təşkil edib”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.
 
“İnflyasiyanın kəskin artımı nəticəsində 2016-cı ildə deflyator 114.6%-ə yüksəldi”
 
Ekspert qeyd edib ki, iqtisadiyyatla maraqlananlar bilir ki, deflyator iqtisadiyyat üzrə ümumi qiymətlərdə baş verən dəyişikliyi əks etdirən indeksdir: “Sadəcə istehlak qiymətləri indeksindən fərqli olaraq orta statistik vətəndaşın istehlak etdiyi bəlli sayda məhsul və xidmətlərdən ibarət olan səbətin deyil (idaxal və yerli məhsul olmasından asılı olmayaraq), yalnız ölkə daxilində istehsal olunan, lakin ÜDM-nin formalaşmasında iştirak edən bütün məhsul və xidmətlərin qiymətində olan dəyişiklikləri uçota alır. Məsələn, biznesin istehlak etdiyi xammalın, avadanlıqların qiymət artımını istehlak qiymətləri indeksi yox, deflyator ölçür.
Məlumatın üçün deyim ki, 2008-ci ildə ÜDM deflyatoru 127.8% olmuşdu. 2009-2015-ci illərdə hətta 91%-ə düşdüyü illər də oldu. Manatın 2 dəfə dəyərdən düşməsi nəticəsində inflyasiyanın kəskin artımı nəticəsində 2016-cı ildə deflyator 114.6%-ə yüksəldi. Deflyatorun daha yüksək səviyyədə artımı onu göstərir ki, ölkədaxili məhsul və xidmətlərin qiymətinin yüksəlməsinə təsir edən inflyasiyatörədici amillər, xüsusilə xərc inflyasiyası üçün faktorlar hələ də aktivliyini saxlamaqdadır.
İstehlak qiymətləri indeksi də 2008-ci ildən sonra ən yüksək səviyyəyə çatıb və 2017-ci il üzrə 12.9% artım qeydə alınıb. Ərzaq məhsuları üzrə qiymət artımı daha yüksək olub - 16.4%. Halbuki rəsmi məlumata görə, 2010-2015-ci illərdə ərzaq qiymətlərinin arıtımı 0.8-7% intervalında, 2016-cı ildə 14.7% olmuşdu”.
 
“Ölkədə yoxsulluq, işsizlik göstəricisi necə dəyişməyə bilər?”
 
“Ən maraqlısı odur ki, rəsmi statistika əhalinin nominal gəlirlərinin 8%, inflyasiyanın 13% olduğunu söyləməklə real gəlirlərin 5% azaldığını etiraf etmiş olur. Amma bunun ardınca yoxsulların sayında hətta bir nəfər artımın olmadığını deyir. Real gəlirlər insanın nominal qazancalarla ala biləcəyi məhsul və xidmətlərin həcmini ölçür. Yəni, sən keçən ilki gəlirlərilərinlə ayda 10 kq, bu ilki gəlirlərinlə 9 kq ət ala bilirsən. Ən azından aşağı gəlirli insanların istehlak imkanlarının azaldığı və bunun rəsmi statistika tərəfindən etiraf edildiyi ölkədə yoxsulluq, işsizlik göstəricisi necə dəyişməyə bilər?”-deyə iqtisadçı sual edir.
 
“Bizim statistika yalnız yüksək inflyasiyanı etiraf edir”
 
R.Ağayev diqqətə çatdırıb ki, rəsmi məlumata görə, Azərbaycan iqtisadiyyatının 2017-ci ildə 0.1% böyüdüyü bildirilir: “Bu iqtisadi nəzəriyyədə olan staqnasiya halıdır. Staqnasiya - iqtisadiyyatda
çox kiçik yaxud böyümənin ümumiyyətlə olmadığı vəziyyətdir. Məsələn, itisadi artımın təxminən 2%-dən aşağı olduğu durumu iqtisadi nəzəriyyə staqnasiya kimi tərif edir. Lakin nəzəriyyə və hətta şəffaf statistikası olan ayrı-ayrı ölkələrin praktikası sübut edib ki, staqnasiya vəziyyəti üçün yüksək işsizlik və inflyasiya, yoxsulluğun artımı xarakterikdir. Bizim statistika bunlardan yalnız 1-ni (yüksək inflyasiya) etiraf edir”.
 
Cavid, Muxalifet.az