85 milyonu mənimsəyən erməni biznesmen Azərbaycana qaçmaq istəyir? - MƏHKƏMƏ İŞİ

Baxış sayı:
874

Rusiyanın Orlov vilayətinin Jeleznodorojnıy rayon məhkəməsi erməni əsilli biznesmen Artur Şleyxerin işinə baxıb.

Qeyd edək ki, “321 VSU” adlı firmanın keçmiş direktoru olmuş Artur Şleyxer əslində regionda Sərkisov familiyası ilə tanınıb, sonradan familiyasını dəyişib.

O, qubernator Vadim Potomskinin vaxtında dövlət büdcəsindən maliyyələşdirilən bir sıra layihələrdə podratçı olub. Sərkisov-Şlyexer 85 milyon rubl büdcə vəsaitini mənimsəməkdə ittiham olunur. İstintaqın məlumatına görə Sərkisov-Şleyxer pulları hiyləgər sxem üzrə çıxarıb və daha sonra Sankt-Peterburqda qəribə şəkildə “itirib”.

Sərkisovun işi üzrə istintaq 2016-cı ildən gedir, oktyabrın 27-də məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsadətə baxıb. Məhkəməni yerli jurnalistlər izləyib. Belə ki, cəmi bir həftə əvvəl Sərkisov mətbuat konfransı keçirərək ona qarşı qaldırılmış cinayət işinin dayandırıldığını bildirib. Və əmin edib ki, pulları mənimsəməyib və barəsində irəli sürülmüş ittihamlar əsassız idi.

Lakin cəmi iki gün sonra Sərkisov-Şlyexer saxlanılıb, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsadət qaldırılıb.

Hazırda biznesmen yerli firmalardan birində maliyyə direktoru işlədiyini deyib. İstintaq materiallarına əsasən 2016-cı ildə regional hökumətin tabeçiliyindəki “Oryolqorteploenerqo” şirkəti ilə “321 VSU” şirkəti arasında heç bir zərurət olmadan 80 milyon rubl həcmində borc müqaviləsi bağlanılıb. Həmin vəsait Orlov vilayətində sosial obyektlərin tikintisi işləri üçün nəzərdə tutulurdu. Lakin pullar Peterburqda qeydiyyatdan keçmiş şirkətin hesabına köçürülüb və oradan “itib”.

İstintaq Şlyexer-Sərkisovun barəsində həbs qətimkan tədbirinin seçilməsini onunla əsaslandırıb ki, o qaçıb gizlənə bilər. Çünki “cinayəti törədəndən sonra” familiyasını dəyişdirib, yeni familiya ilə xarici pasport almağa çalışıb. İstintaq təxmin edir ki, Şlyexer Rusiya ərazisini tərk edib Azərbaycanda gizlənməyə hazırlaşırdı.

Hakim Şlyexer-Sərkisovun familiyasını niyə dəyişdirdiyini soruşub. O, deyib ki, uşaqlıqda əvvəlki failiyasına görə “ksenofobiyaya məruz qalırdı”, Azərbaycanda gizlənmək versiyasını isə Sərkisov əsassız hesab edib. Bildirib ki, erməni əsillidir (atası erməni, anası azərbaycanlıdır): “Məni orada sadəcə olaraq öldürərlər”.

Müstəntiq isə bildirib: “Azərbaycanla Ermənistan arasında müharibə rəsmən elan edilməyib. Şlyexer familiyası isə erməni familiyası deyil. Bu familiya ona Azərbaycana getməkdə mane olmaz”.

Prokuror da bu arqumenti dəstəkləyib, bildirib ki, Şlyexer Rusiyada möhkəm sosial bağlara malik deyil, familiyasını dəyişib və bu da ona Rusiyanı tərk edib Azərbaycana getməyə imkan verir.

Məhkəmə hər iki tərəfi dinlədikdən sonra vəsadəti müzakirə edib, Şlyexerin həbsi üçün əsas görməyib və onu azad edib.../Virtualaz.org