“70 YAŞLI ADAM PULA GÖRƏ GİROVLUQDADIR…” – “Əminəm ki, bu işdən Rüstəm Usubovun xəbəri yoxdur”

Baxış sayı:
1136

Hələ bu ilin iyun ayında redaksiyamıza müraciət edən Bakı şəhəri, Xətai prospekti ev 38, mənzil 8-də yaşayan Aqil Səfərov 70 yaşlı atası, iqtisad elmləri doktoru və 2-ci qrup əlil Müstəcəb Mustafa oğlu Səfərovun bu ahıl yaşında şərlənərək həbs olunduğunu iddia etmişdi. A.Səfərov bildirirdi ki, atası 8 il bundan əvvəl – 2011-ci ildə guya Əliyeva Zərifə Əli qızı adlı xanımın etibarından sui-istifadə etməklə, onun 250 min ABŞ dolları pulunu alaraq, bu günə qədər geri qaytarmamaqda günahlandırılır.

Şikayətçi bildirir ki, Nizami Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Ramil Əliyev sadəcə Z.Əliyevanın şikayət ərizəsi və Nuşirəvan Əliyev adlı şəxsin yalançı şahidliyi əsasında, heç bir başqa sübut olmadan M.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsilə (dələduzluq) cinayət işinin başlanması barədə qərar verib. A.Səfərovun dediklərindən belə məlum olurdu ki, Quba rayonu ərazisində onun atasına aid 20 sot torpaq və onun üzərində bir neçə köhnə kotec tipli tikili olub. Həmin yer“Afurca” istirahət mərkəzi adlanıb. Z.Əliyeva şikayət ərizəsində bildirib ki, guya hansısa yas məclisində tanış olduğu Müstəcəb Əliyev ona təklif edib ki, ümumilikdə həmin yerin sənədləşdirilməsinə çəkməli olduğu 500 min dollar(!) xərcin yarısını ona verərsə, Z.Əliyevanı bu yerə özünə şərik edəcək. İddiaçı bildirib ki, həmin vəsaiti 2011-ci ildə Bakı şəhərində M.Səfərova verib.

M.Səfərovun adından baş prokuror Zakir Qaralova, həmçinin Bakı şəhər və Nizami rayon prokurorlarına ünvanlanan vəsatətdə isə deyilir ki, Z.Əliyevanın iddiaları tamamilə yalan, şər-böhtandır və müstəntiqin iştirakı ilə ona qarşı qurama cinayət işi açılıb. M.Əliyev həmin hadisədən sonra insult keçirərək, xəstəxanaya düşdüyünü bildirib.

Həmin vaxtdan həbsdə saxlanılan M.Səfərov “AzPolitika.infoya yenidən məktubla müraciət edib. O, İstintaq orqanının onunla bağlı qanunsuz əməlləri davam etdirdiyini iddia edərək, işə Ağır Cinayətlər Məhkəməsində baxıldığını bildirir. Şikayətçi müraciətində qeyd edir ki, Z.Əliyevanı heç vaxt tanımayıb və ondan pul almayıb. Onların guya hansısa yas mərasimində tanış olması iddiası isə tam yalandır. Ən azından ona görə ki, heç bir yas məclisində kişilərlə qadınlar bir yerdə oturmurlar. Həmçinin, Z.Əliyeva bu yas məclisinin kimə aid olduğunu da deyə bilmir, çünki belə bir şey olmayıb: “Mən cinayət törətməmişəm, Zərifə Əliyevanı tanımıram və onu birinci dəfə müstəntiqin otağında görmüşəm. İstintaq zamanı Z.Əliyevanın ifadəsinə istinad edilib və Nuşirəvan Əliyevin ziddiyyətli ifadələri əsas götürülüb. Z.Əliyeva bildirir ki, guya Quba rayonu ərazisindəki “Afurca” istirahət mərkəzini sənədləşdirmək üçün 2011-ci ilin iyun ayında Bakı şəhərində ağ rəngli “Prado”da mənə 250 min ABŞ dolları verib. Halbuki, mənim nəinki ağ rəngli cipim, heç sürücülük vəsiqəm də heç vaxt olmayıb”.

“Zərifə Əliyeva məni nə vaxt tanıdı ki, 250 min dollar da etibar etsin?”

afurca

M.Səfərov iddia edir ki, bu işdə əsas məqsəd bir müddət əvvəl satdığı Qubanın Afurca kəndi ərazisindəki özünə məxsus istirahət mərkəzindən əldə etdiyi pulu mənimsəməkdir. Və bu işdə Z.Əliyeva, N.Əliyev və müstəntiq maraqlıdır. Çünki bütün bu əsassız iddialar həmin ərazi satılandan sonra ortaya atılıb. Bundan isə N.Əliyev xəbər tutub.

M.Səfərov öz vəsatətində Z.Əliyevanın guya 2011-ci ildə baş verən hadisəni 7 il sonra “yada salmasını” qurulmuş səhnə hesab edir: “Zərifə Əliyeva məni nə vaxt tanıdı ki, 250 min dollar da etibar etsin? Belə böyük məbləğdə vəsait verən şəxs məntiqlə həm məni yaxından tanımalı, həm istirahət mərkəzinə baxmalı, həm də bu məsələni birgə müzakirə etməli idi.
Necə olur ki, 7 ildir guya mənə külli miqdarda pul verən bu “zərərçəkmiş” xanım heç bir orqana və ya mənə, ailə üzvlərimə, yaxud heç olmasa öz yaxını Nuşirəvan Əliyevə müraciət etməyib? Necə olur ki, bir dəfə də mənim daim işlək vəziyyətdə olan telefonuma zəng edərək, pulunu tələb etməyib?”

M.Səfərov həmçinin istintaqı sənədləşmə üçün 500 min dollar pulu hansı dövlət qurumunun istədiyini və bunun ümumiyyətlə nə dərəcədə ağılabatan, həqiqətə uyğun olduğunu araşdırmamaqda günahlandırıb. O, iddia edir ki, öz qızlarının adına sənədləşdirdiyi həmin ərazini cəmi 100 min dollara satıb. Buna aid alqı-satqı sənədləri mövcuddur. Lakin istintaq maraqlanmır ki, bu dəyərdə olan ərazinin təkcə sənədləşdirilməsinə necə 500 min dollar xərcləmək olardı və “zərərçəkən” buna necə inanaraq, ona 250 min dollar verə bilərdi?

M.Səfərov redaksiyamıza son məktubunda bildirir ki, qarşı tərəf onun həmin istirahət mərkəzini guya 1.5 milyon manata satdığını iddia edir. Ancaq M.Səfərov bildirir ki, ərazini rəsmi alqı-satqı sənədlərində göstərilən qiymətə, yəni 100 minə satıb.

Bundan başqa, M.Səfərov iddiaçı Z.Əliyevanın guya ona verdiyi 250 min ABŞ dollarının mənbəyilə bağlı yalan məlumat verdiyini iddia edir. Bildirir ki, istintaq orqanı Z.Əliyevanın absurd iddialarını araşdırmayıb və bu pulun Əliyevanın şəhid olmuş həyat yoldaşının Rusiyadakı şərikləri tərəfindən göndərildiyi barədə ifadəsi həqiqətə uyğun deyil. O, qeyd edir ki, istintaq hətta həmin məbləğin Azərbaycana necə keçirildiyini belə araşdırmaq istəməyib.

Daha sonra işdə şahid qismində adı keçən Nuşirəvan Əliyevin ona qarşı qərəzli olduğunu bildirən M.Səfərov həmin şahidin yalanlarının ifşa olunduğunu iddia edir: “Bu adam 2013-cü ildə başqa bir cinayət işi üzrə rəsmi ifadəsində göstərir ki, məni 2012-ci ilin may ayında tanıyıb. Bəs necə olub ki, məni yalnız 2012-ci ilin mayından tanıyan N.Əliyev 2011-ci ilin iyununda Zərifə Əliyeva ilə birlikdə mənə 250 min dollar pul verib? Bu fakt niyə araşdırılmır?”

İşin obyektiv araşdırılmadığını bildirən M.Səfərov bu məsələdə Nizami Rayon Prokurorluğunu və prokuror Pərviz İbayevi günahlandırır: “İyulun 2-də mənimlə bağlı həbs qətimkan tədbirinin vaxtı qurtarırdı. Lakin bunlar xəstəxanada ağır durumda olmağıma baxmayaraq, həbs müddətimi uzatdılar. Mən əminəm ki, bu işdən baş prokurorun müavini Rüstəm Usubovun xəbəri yoxdur. Mənim bütün konstitusiya hüquqlarım pozulub. Xəstə, 70 yaşlı adam pula görə girovluqdadır…”

“Gədəbəyin icra başçısına satıb…”

Xatırladaq ki, “AzPolitika.info”nun əməkdaşı bu işlə bağlı ilk müraciətində M.Səfərovun iddia və ittihamlarına münasibət öyrənmək üçün qarşı tərəflə – Zərifə Əliyeva ilə əlaqə saxlamışdı. Z.Əliyeva şikayətinin əsaslı olduğunu bildirmişdi: “Pulu alanda tanıyırdı, indi tanımır? Mən niyə gəlib, məsələn, sizdən şikayət eləmirəm ki, mənə pul atıbsınız? Mən haqlıyam, hamı bilir ki, Müstəcəb mənə pul atıb. Durduq yerdə kimisə suçlamaq olarmı? Şahidlər var, en qədər. Bütün respublika bilir, hətta Prezident də… 7 il keçib. Qohum-əqrəbaya görə mən dayanmışdım, deyirdim ki, gətirər verər. Qaçıb gizlənmişdi”.

Şikayətçi deyir ki, pulu M.Səfərova rəsmi ittihamda öz əksini tapdığı kimi, Quba rayonunda yerləşən “Afurca” istirahət mərkəzini sənədləşdirmək üçün verib. Bu obyekt şəriklik əsasında onun adına sənədləşdirilməli idi.

Bəs necə ola bilər ki, 100 min dollara satılmış obyektin sənədləşdirilməsi və şərikliyi üçün 250 min dollar verilib? Z.Əliyeva bu sualımıza əsəblə belə cavab verib: “İstintaq hamısını müəyyənləşdirəcək ki, 100 minə satıb, 200 minə satıb… 1 milyon 200 minə Gədəbəyin icra başçısına satıb! Bunu istintaq müəyyən edib e, mən müəyyənləşdirməmişəm… Sizə müraciət edib, yaxşı edib. Araşdırın, istintaq materialları ilə tanış olun. O şəhidin miras puludu. Onu yiyə bilməz! Heç kim yeyə bilməz!”

Sonda qeyd edək ki, haqqında söz açılan iş Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun icraatındadır və növbəti iclasın avqustun 14-də keçirilməsi gözlənilir.