7 yaşlı Fatimədən Birinci vitse-prezidentə ÜRƏKSIZLADAN MÜRACİƏT – “Arzum odur ki, az qalmış ömrümün qalanını yeni mənzilimizdə yaşayım...”

Baxış sayı:
10795

 
Şamaxı rayonu, Muğanlı kənd sakini, 7 yaşlı Mustafayeva Fatimə Polad qızının adından Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən balaca qızcığazın məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Mehriban xanım!
Mən 2012-ci il tarixdə anadan olmuşam,7 yaşım var. Ancaq imkansızlığa görə məktəbə gedə bilmirəm. Özüm leykoz xəstəsiyəm ki, buna görə mənə əlillik dərəcsi təyin edilib.
Bir neçə il əvvəl zəlzələ nəticəsində evimiz uçduğu üçün qohumumuzun tövləsində qalmışıq.Ailəmizdə 4 nəfərik, atam və anam heç bir yerdə işləmirlər. Zəlzələ nəticəsində Şamaxı rayonunun Muğanlı kəndində çoxlu sayda evlər uçdu.Buna görə qonşu Meysəri kəndində evi uçmuş ailələrə dövlət tərəfindən yeni mənzillər inşa edilib, istifadəyə verildi.Ancaq bizim ailəyə heç bir əsas olmadan yeni mənzil verilmədi.
Atam savadsız olduğu üçün heç bir yerə müraciət etmədi. Düz, 5 ildir ki, evsizik, qohumumun tövləsində qalmışıq.Hazırda yaşamağa evimiz yoxdur. Özüm leykoz xəstəsiyəm ki, buna görə çox əziyyət çəkirəm.Arzum odur ki, az qalmış ömrümün bir neçə ilini yeni mənzilimiz olsun, orada yaşayaq, valideyinlərim əziyyət çəkməsinlər. Yazıb-oxumağı mənə anam öyrədir.İmkansızlıqdan bu il də məktəbə gedə bilməyəcəm.Ancaq oxumaq istəyirəm.
Mən qohumlarımın evinə gedəndə televizora baxanda Mehriban xanımın yetimlər evində olan uşaqlara baş çəkməsini görmüşəm.İnanıram ki, Mehriban xanım çöldə yaşayan bizim ailəni də yoxlayıb, kömək edəcək. Ən böyük arzum odur ki, evimiz olsun, atam anam və bacım xoşbəxt yaşasınlar.
Hörmətli Mehriban xanım!
Sizə yalvarıram, mənim bu müraciətimdə göstərdiyim yaşadığımız yerə baxıb, yeni mənzillə təmin olunmağımıza köməklik göstərəsiniz”.
 


Muxalifet.az
 
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.