7 İYUN – AZƏRBAYCANDA İLK DEMOKRATİK SEÇKİLƏR GÜNÜ! – Cahandar Bayoğlu: “Hər yerdə Elçibəy Bayrağı dalğalanır”

Baxış sayı:
1900

7 iyun Azərbaycan tarixində xalq tərəfindən demokratik yolla ilk seçkilərin keçirildiyi və Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin Prezident seçildiyi gündür.
O gün səsverməyə qatılan vətəndaşlarımız gələcək Prezidentini artıq 4 il idi tanıyırdı. Təbii ki, Elçibəy qapalı Sovetlər Birliyində azadlıq mücadiləsini 60-cı illərdən başlatmışdı. Universitetdə çalışdığı illərdən öyrəncilər və aydınlar arasında tanınır, sevilirdi. Hətta millətçi çalışmalarından dolayı yarğılanaraq, cəza evinə göndərilmişdi.
Azərbaycanda hər kəs ona “Bəy!” deyərək müraciət edirdi. Çünki O, Azərbaycanda hər kəsi bəy kimi görmək istəyirdi. Bəylik bir görəv deyil, Türk kişisinin xarakterli olmasına işarətdi.
Elçibəy hər Türk kişisini sözü bütöv, dediyi sözə əməl edən, millətini sevən, ailəsinə bağlı və s. görmək istədiyi üçün, onlara "bəy" deyə, müraciət edirdi.
1988-ci ildə Elçibəy Azadlıq Meydanında lider kimi öncə çıxdı və gənclik onun AXC lideri seçilməsinə nail oldu.
Bütün Azərbaycan, Türk dünyası, dünya Elçibəyi meydanlardan tanıdı. “Yolumuz Atatürk yoludur” deyən Elçibəyin bu fikri Türkiyə və dünya mediasında manşet oldu. Elçibəyin liderliyində Güneyli-Quzeyli Azərbaycanın bütövlüyü gündəm oldu, sərhədlər söküldü, millət bir hərəkatda bütövləşməyə can atdı.
Azərbaycan Respublikası bağımsızlığını (müstəqilliyini) elan etməyə hazırlanırdı ki, Moskva Tehran kimi əlaltıları ilə birlik olub, 20 yanvar 1990-cı ildə xalqımıza qarşı məlum qanlı faciəni gerçəkləşdirdi.
Elçibəyə qarşı Sovet KQB dirənişi heç dayanmadı, 20 yanvarın sorumlusu kimi AXC sədrliyindən Moskva uşaqlarının əliylə dəfələrlə uzaqlaşdırılmaq istənildi. Yenə gəncliyin, yenə millətin iradəsi qalib gəldi. Moskva xunta rejimi məğlub olduqdan sonra, Sovet məkanında yeni siyasi durum yarandı. Tehranda xuntanın yanında olduğunu bildirən Ayaz Niyazoviç Elçibəy liderliyində olan xalq gücünün qarşısında aciz qalıb, Azərbaycanın Bağımsızlıq Aktını imzaladı.
Moskva durmurdu, Azərbaycanda xalın seçdiyi yönətim gündəmdəydi. Azərbaycanı qarışdırmaq, milli qırğın törətmək üçün Xocalı faciəsini gerçəkləşdirdi. Kremlin “kukla”sı Ayaz Niyazoviç xalqın qəzəbinın qarşısında dayana bilməyib, Moskvaya qaçdı. Ölkənin idarəçilyi Məclis Başqanına təhvil verildi.

Azərbaycan seçim qarşısındaydı. Elçibəy preziden seçkisinin olmasını istəmirdi, parlamentar üsulla idarə olunan Milli Etimad Hökümətindən yanaydı. Təəssüf ki, Elçibəyi bu məsələdə müdafiə edən olmadı. Elçibəy, prezident seçkilərinin keçirilməsi üçün qanun qəbul olunsa da, Milli Məclisin iclasında deyirdi: “Bəylər, gəlin prezident seçkilərinə getməyək, demokratik təsisatların oturuşması üçün Milli Etimad Höküməti quraq. Əgər belə etməsəniz, üç aydan sonra seçdiyiniz prezidenti siz özünüz bir ildən sonra yıxacaqsınız”.
Seçkilər gerçəkləşdi, xalq iradəsi qalib gəldi, Elçibəy Prezident oldu.
Elçibəy başqanlıq (prezidentlik) dönəmində bağımsızlığımızın geri dönməməsi üçün ciddi işlər gördü. Ən önəmlisi 200 illik rus qoşununu Azərbaycandan çıxara bildi.
Yenə Elçibəy deyən oldu, üç aydan sonra seçilən Prezidenti 1 ildən sonra, Moskva və Tehrana bağlı olan işbirlikçiləri yıxdılar.
Amma yenə Elçibəy qalibdir, Azərbaycan Respublikası Bağımsızdır və daha güclüdür! Hər yerdə Elçibəy Bayrağı dalğalanır!
Cahandar BAYOĞLU,
Turan Partiyası GK Başqanı