7 əcnəbi Azərbaycan sərhədini saxta sənədlə keçmək istədi - FOTO

Baxış sayı:
238

Dövlət Sərhəd Xidməti (DSX) son günlərdə 7 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıb.

DSX-nın mətbuat mərkəzindən virtualaz.org-a verilən məlumata görə, oktyabrın 7-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə uçub gələn Banqladeş vətəndaşı, 1998-ci il təvəllüdlü Ahmed Mohammad Masumun və 1999-cu il təvəllüdlü Moksu Mohammad Muminoor Rohmanın sərhəd naryadına təqdim etdikləri Hindistan pasportlarının qismən saxtalaşdırılması şübhə yaranıb və laboratoriya şəraitində dərinləşdirilən yoxlama zamanı təsdiqini tapıb.

Oktyabrın 8-də isə “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən Pakistan vətəndaşları - 1985-ci il təvəllüdlü Ashraf Muhammadın və 2003-cü il təvəllüdlü Ahmed Bilalın sərhəd naryadına təqdim etdikləri pasportlara vurulan Yunanıstan vizası, həmçinin Ashraf Muhammadın pasportunda Danimarkaya məxsus Şengen vizası saxta olduğu üçün saxlanılıblar.
DSX-dan bildirilib ki, oktyabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Hindistan vətəndaşı, 1998-ci il təvəllüdlü Gurpreet Singhnın sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş Kanadaya məxsus vizanın saxta olması aşkar olunub. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı-London reysi ilə tranzit uçmaq istəyən İran vətəndaşı, 1990-cı il təvəllüdlü Abedi İmanın sərhəd naryadına təqdim etdiyi İtaliya pasportu, İtaliyanın İD kartı və sürücülük vəsiqəsi saxta olduğu üçün saxlanılıb.

Oktyabrın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə gələn İtaliya vətəndaşı, 1961-ci il təvəllüdlü Mshainesh Ahmadın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması müəyyənləşdirilib, üzərinə baxış keçirilən zaman ona məxsus Suriyaya aid vətəndaşlığı olmayan şəxsin pasportu aşkar olunub. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.