​7 boksçumuz Avropa çempionatının finalında

Baxış sayı: 73

Antalyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində səkkizdəbir final mərhələsinə yekun vurulub. Yarışa tam heyətlə qatılan Azərbaycan millisinin yeddi üzvü dörddəbir finalda iştirak hüququ qazanıb.
Azərbaycan Boks Federasiyasından  bildiriblər ki, 52 kiloqram çəki dərəcəsində rinqə çıxan Amid Əlizadə (52 kq) ilk görüşündə Davey Oliver Yonseni (İrlandiya) sınağa çəkib. Gərgin keçən döyüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, dörddəbir finalda İvan Pris ilə (İngiltərə) gücünü yoxlayacaq.
A.Əlizadənin uğurunu Orxan Həsənov (56 kq) da davam etdirib. Səkkizdəbir finalda ermənistanlı Jirayr Sarqsyanla (Ermənistan) qarşılaşan boksçumuz rəqibinə heç bir şans verməyib – 5:0. O.Həsənov dörddəbir finalda rusiyalı Aleksey Kiselyev ilə üz-üzə gələcək.
Nicat Həsənov (69 kq) da ilk görüşünü qələbə ilə başa vurub. Auqosto Simonye Buremiyə (İtaliya) 4:1 hesabı ilə qalib gələn idmançımız yarımfinal uğrunda Qabriel Dossen ilə (İrlandiya) döyüşəcək.
Yığmamızın şərəfini qoruyan digər boksçumuz Amin Kuşkovun (75 kq) qarşılaşması daha tez başa çatıb. İdmançımız Edqars Korzenevskisi (Latviya) ikinci raundda nokauta salıb. O, dörddəbir finalda fransalı Moreno Fendero ilə qarşılaşacaq.
Surət Qarayev (81 kq) də komanda yoldaşlarından geri qalmayıb. O, Kuştrim Veseliyə (Avstriya) 3:2 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Həmyerlimiz dörddəbir finalda Konrad Kajmarkeviç ilə (Polşa) mübarizə aparacaq.
Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) də ilk sınağını texniki qələbə ilə başa vurub. Milans Volkovsla (Latviya) döyüşən həmyerlimiz üçüncü raundun gedişində rəqibini nokauta salıb. Dörddəbir finalda onun rəqibi rumıniyalı Emanuel Mikan olacaq.
Qırx doqquz kiloqram çəki dərəcəsində rinqə çıxacaq Həsən İbrahimov mübarizəyə dörddəbir finaldan başlayacaq. O, Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayacaq.
Yığmamızın heyətində Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq) və İsmayıl Yaqubov (91 kq) isə mübarizəni dayandırıblar. Boksçularımız müvafiq olaraq, Otar Naverianiyə (Gürcüstan), Tuğrulhan Erdemirə (Türkiyə) və Karel Adama (Çexiya) məğlub olublar.
Qeyd edək ki, dörddəbir final mərhələsinin qarşılaşmaları oktyabrın 24-də və 25-də keçiriləcək.