65 YAŞI KEÇƏN SÜRÜCÜLƏR DƏ CƏRİMƏLƏNƏ BİLƏR... - Karantin rejiminə rəğmən, avtomobillərin texniki baxışdan keçirilməsi tələb olunur

Baxış sayı:
4459

Kamran Əliyev: “Heç kəs bunu bəhanə gətirib, texniki baxışdan keçmədən nəqliyyat vasitəsini idarə etməsin"

Hazırda ölkədə koronavirusun qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq, nəqliyyat vasitəsinin texniki baxış müddətinin bitməsi ilə əlaqədar avtomobil sahiblərinə bildirişlər gəlib. Bildirişdə qeyd olunur ki, texniki baxış bitdikdən sonra əgər 20 gün ərzində nəqliyyat vasitəsini texniki baxışdan keçirməsəniz, 50 manat cərimə olunacaqsınız.
Bildirişi alan şəxslər isə karantin rejimində avtomobillərinin texniki baxışdan keçirilməsinin düzgün olmadığını, həmin vaxtı növbə olduğunu əsas gətirərək narazılıqlarını ifadə edirlər. Əslində, bu narazılıq başa düşüləndir. Çünki indi insanların məsafəli davranmasına ehtiyac var. Lakin hökumət özü vətəndaşların evdə qalmasını təşviq etməsinə baxmayaraq, bununla karantin rejimi müddətində insanların evdən bayıra çıxmasını məcburi edir. Maraqlıdır, bir tərəfdən hökumət, televiziyalar “evdə qal” kampaniyasını aparır, digər tərəfdən isə evdən çıxmağa məcbur edən belə vəziyyət yaradırlar. Əslində, karantin rejimində bu cür cərimə təhdidi ilə insanların evdən çıxmağa məcbur edilməsi düzgün deyil. Görəsən, avtomobillərin texniki baxış müddəti 1 ay artırılarsa, nə dəyişəcəkdi ki? Bir halda ki, avtomobillər ildə bir dəfə texniki baxışdan keçirilir, bunu elə karantin müddəti bitdikdən sonra etsələr, olmazıdı?!
Nəzərə alsaq ki, karantin rejimində 65 yaşdan yuxarı insanların evdən bayıra çıxmasına qadağa qoyulub. Ancaq həmin yaş kateqoriyasından olan çoxlu sayda insanın da avtomobili var və bu halda onlar da evdən çıxıb, avtomobilini texniki baxışdan keçirməlidirlər. Bunun necə tənzimlənməsi də sual doğurur.
Əslində, qonşu Gürcüstanda karantin müddətində avtomobillər texniki baxışdan keçirilmir ki, insanlar növbədə dayanıb, koronavirusa yoluxmasınlar. Bu özü də insanların sağlamlığına diqqətin göstəricisidir. Bizdən fərqli olaraq Gürcüstanda bir çox məsələdə də bu dönəmdə insanlara xüsusi diqqət, qayğı göstərilir. Məsələn, elə koronavirusun yayılması ilə bağlı insanlar evdən bayıra çıxa bilmədiyi, işləmədiyi üçün banklar krediti olan vətəndaşlara 3 ay vaxt verib. Bizdə isə əksəriyyət evdə işsiz, pulsuz otursa da, hələ də bu və digər sosial  proqramlarla bağlı bir addım atılmayıb.

“Ya o nəqliyyat vasitəsindən istifadə etməsinlər, ya da gedib o maşını texniki baxışdan keçirsinlər”

Karantin rejimində texniki baxış müddəti bitən avtomobil sahiblərinə bildirişin gəlməsi ilə bağlı BDYPİ-nin Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev Hurriyyet.org-a bildirdi ki, texniki baxış stansiyalarında heç bir növbə yoxdur: “Çünki hər bir nəqliyyat vasitəsi üçün bir ildən sonrakı müddət tətbiq edilib. Orada bir dənə də növbə yoxdur. Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu hüdudlarında nəqliyyatın sərbəst olmasını nəzərə alaraq hər bir şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilər. Heç kəs bunu bəhanə gətirib, texniki baxışdan keçmədən nəqliyyat vasitəsini idarə etməsin. Çünki müddət bitəndən sonra, əlavə verilən 20 gün müddəti də bitdikdə onlar inzibati məsuliyyətə cəlb olunacaqlar. Ya o nəqliyyat vasitəsindən istifadə etməsinlər, ya da gedib o maşını texniki baxışdan keçirsinlər. Texniki baxış stansiyaları da gün ərzində mütamadi olaraq fəaliyyət göstərirlər”. 
K. Əliyevin sözlərinə görə, karantin müddətində Bakıda olan maşının texniki baxış stansiyasına getməsinə məhdudiyyət yoxdur: “Orada növbə yoxdur, deyirəm. Kim orada növbəni görüb? “Deyirlər” başqa məsələdir. Əvvəllər qanunvericilikdə tələblər başqa idi. İndi hər maşının özünün 1 ildən sonrakı müddətidir. Orada heç bir növbədən söhbət gedə bilməz. İnanmırsınızsa, gedin özünüz baxın, orada maşın növbəsi var ya, yox?! Hamı məsuliyyətdən yayınmaq, təki 5-10 gün mən bunu idarə edim, məsuliyyətə cəlb olunmayım deyə edir. Amma yenə deyirəm ki, gedin, oradan mənə bir dənə şəkil göndərin ki, 3-4 maşın ard-arda dayanıb. Görün, belə fakt var, ya yox?!”
K. Əliyev karantin müddətində 65 yaşdan yuxarı olan və avtomobillərinin texniki baxış müddəti bitən şəxslərə güzəşt edilməsinə də aydınlıq gətirdi: “Yəqin 65 yaşdan yuxarı olan şəxslər əvvəldən müraciət etməlidir ki, “mən filan qərara  əsasən, bu müddətdən bu müddətə qədər evdən çıxmamışam və xahiş edirəm ki, qadağa olunan müddətdə avtomobilimin texniki baxışı olduğuna görə, texniki baxışa gedərkən inzibati məsuliyyətə cəlb olunmamağımla bağlı bir müvafiq tapşırıq verəsiniz”. O müraciət əsasında da bu nəzərə alına bilər ki, həmin şəxs o müddətdə texniki baxışa gedərkən yolda ən azından onun haqqında elektron qərar çıxarılmasın. Əgər onun müddəti uyğun gələcəksə, o halda müraciət edə bilər. Yoxsa bu adam deyək ki, mart ayının əvvəlində keçməliydi, amma keçməyib. Yəni qərar 24 mart  tarixindən qüvvəyə minib. 24 mart tarxinə qədər əgər bu adam gedib texniki baxışdan keçməliydisə, onda ona şamil olunmayacaq. Ancaq 24 mart tarxindən aprelin 20-nə qədər şamil oluncaq. Lakin karantin rejimi ləğv olunandan sonra o müraciət edəcək ki, “mənim avtomabilim bu müddət ərzində texniki baxışdan keçmədiyinə görə, xahiş edirəm məsuliyyətdən azad olunsun”. Yaxud  hər hansı səbəbdən o,  texniki baxışdan keçənə qədər inzibati məsuliyyətə cəlb olunarsa, yəni onun qayda pozuntusu elektron qaydada aşkar olunarsa, o halda onun müraciəti əsasında inzibati məsuliyətdən azad olması haqqında müvafiq qərar qəbul oluna bilər”./Hurriyyet.org