60 yaşlı kişinin güllələnməsi yalan çıxdı? - YENİLƏNİB

İyulun 19-da bəzi internet saytlarda Bakının Xətai rayonu ərazisində silahlı insident olması, 1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlunun Naximov küçəsində evdə güllələnməsi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.
 
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, həmin şəxs hazırda evindədir, sağ-salamatdır və onun haqqında yalan məlumatlar yayan saytları məhkəməyə verməyə hazırlaşır.
Bakı Şəhər Baş Polis İdarəsi həqiqətə uyğun olmayan məlumatın yayılmasının peşəkarlıqdan uzaq, ictimai zərərli olduğunu vurğulayır və əldə olunan məlumatın yayımdan əvvəl bir neçə etibarlı mənbədə təsdiq olunmasının vacibliyini bir daha KİV nümayəndələrinə xatırladır.
**
Bakıda 60 yaşlı kişi bir neçə il əvvəl aldığı güllə yarası ilə bağlı xəstəxanaya yerləşdirilib
 
Bakı şəhəri, Xətai rayonu ərazisində yaralandığı bildirilən şəxsin bir neçə il əvvəl aldığı güllə xəsarəti ilə bağlı xəstəxanaya aparıldığı məlum olub.
"Report"un xəbərinə görə, Vidadi Rüstəmovun sol bud nahiyəsindən aldığı güllə yarasında ağrılar şiddətlənib və o, xəstəxanaya müraciət etməli olub.
"Hazırda Vidadi Rüstəmov evindədir və onun vəziyyəti yaxşıdır", - deyə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
*** saat 00:43
Bakının Xətai rayonu ərazisində silahlı insident olub.
"Report" xəbər verir ki, 1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlu Naximov küçəsindəki evlərdən birində güllələndiyi bildirilib.
O, sol bud nahiyəsindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.