​“564 kvadratmetr xalça və xalça məmulatlarının cəmi 142 kvadratmetri satılıb” - İQTİSADÇI

Baxış sayı:
1491

“Anbarlarda 1223 kvadratmetr hazır xalça və xalça məmulatları yığılıb”
 
“Neftdənkənar istənilən sahənin inkişafının, istənilən bir yeni müəssisənin yaranmasının, iş yerlərinin açılmasının vacibliyini siyasi mövqeyindən, iqtisadi baxışlarından asılı olmayaraq kimsə inkar etmir. Əsas məsələ iqtisadiyyatın məşhur sualı üzərindədi: “Kim üçün? Nə üçün? Necə?””
Muxalifet.az
xəbər verir ki, bu barədə Rövşən Ağayev deyib.

“2017-ci ildə xalça və xalça məmulatları 1100-dən azalaraq cəmi 564 kvadratmetrə enib”
 
R.Ağayev diqqətə çatdırıb ki, son zamanlar ölkə prezidentinin də çıxışlarında xalçaçılığın qeyri-neft sektorunun prioritetlərindən birinə çevrilməsinin vacibliyi bir neçə dəfə vurğulanıb: “Təkcə çıxışlarla da iş bitməyib, son 2 ildə ölkədə 10 xalça müəssisəsi fəaliyyətə başlayıb, 2018-2019-cu illərdə daha 20 müəssisənin yaradılması istiqamətində fəal investisiya qoyuluşlarına start verilib. Amma rəsmi statistika bu sahə ilə bağlı maraqlı rəqəmlər ortaya qoyub. Məsələn, məlum olur ki, 2005-ci ildə ölkədə 630 min kvadratmetr xalça və xalça məmulatları istehsal edildiyi halda, 2017-ci ildə 1100-dən çox azalaraq cəmi 564 kvadratmetrə enib. 
Amma problem 12 il ərzində xalça və xalça məmulatlarının istehsalının 1000 dəfədən də çox azalmasında da deyil. Statistikanın informasiyalarından aydın olur ki, 2017-ci ildə 564 kvadratmetr xalça və xalça məmulatları istehsal edildiyi halda, müəssisələrin anbarlarında 1223 kvadratmetr hazır xalça və xalça məmulatları yığılıb qalıb. İlin əvvəlinə qabaqkı illərin istehsalı hesabına 801 kvadratmetr anbar ehtiyatı yığılıb və 2017-ci il ərzində hazır məhsulların anbar ehtiyatı 422 kvadratmetr artıb. Bu o deməkdir ki, 2017-ci ildə istehsal olunan 564 kvadratmetr xalça və xalça məmulatlarının cəmi 142 kvadratmetri və ya 25%-i satılıb, qalanı anbarlara gedib”. 

“Anbara yığılan mallar 50% artıb
 
“Düzdür 2016-cı ilə nisbətən xalça və xalça məmulatlarının istehsalı 2.8 dəfə artıb. Amma öz növbəsində anbara yığılan mallar da 50% artıb. Nəticədə bu məhsulun genişlənməsi bazar kanalları deyil, anbar hesabına baş verib.
Ümid edək ki, yaxın illərdə bazar problemi həll olunacaq və 30 müəssisənin açılmasına qoyulan sərmayə səmərəsiz xərcləməyə çevrilməyəcək.
Ən maraqlı sual budur ki, sahənin perspektivi ilə bağlı iqitsadi qiymətləndirmə keyfiyyətli SWOT analiz ortada varmı? 12 ildə xalça istehsalının 1000 dəfədən çox azalmasnının səbəbləri dərindən araşdırılıbmı? Əgər belə hesablamalar varsa, həmin sənədlə tanışlıq mümkündürmü?”,-deyə ekspert sual edir.
 
“Ən azından 300-500 milyon dollar məbləğində bir pay götürmək mümkündür”
 
R.Ağayevin fikrincə, xalçaçılığı rəqabətqabiliyyətli sektora çevirmək mümkün olsa, dünya ticarətindən müəyyən bir pay, məsələn, ən azından 300-500 milyon dollar məbləğində bir pay götürmək mümkündür və bu pis rəqəm deyil: “Amma bunun üçün Türkiyə, İran kimi brendlə, Çin kimi kütləvi və ucuz istehsalla dünya bazarını fəth edən ölkələrlə rəqabəti göz önünə almalısan”.
 
Cavid, Muxalifet.az