50 İLDİR HAKİMİYYƏTDƏ OLAN OMAN HÖKMDARI ÖLDÜ - Öz atasını devirərək hakimiyyətə gəlmişdi...

Baxış sayı:
3367

Oman sultanı Qabus bin Səid ötən gün yanvarın 10-da 79 yaşında vəfat edib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ölümə səbəb xərçəng xəstəliyidir. Ölkədə sultanın vəfatı ilə bağlı üç günlük matəm elan edilib.

Qabus bin Səid yarım əsrdir Omanı idarə edirdi. O, 1970-ci ildə taxta çıxıb. Öz atasını devirərək hakimiyyətə gələn ben Səid ölkəsində irimiqyaslı islahatlar başladıb. Bu islahatlar sultanlıqda həyatın bütün sahələrini dəyişib və Omanı kardinal şəkildə dəyişib.

Qabus ben Səif Oman imamlığını və Maskat sultanlığını vahid dövlətdə  birləşdirib, daha sonra Böyük Britaniyanın və İrandakı şah rejiminin dəstəyi ilə Dofardakı qiyamçı hərəkatı yatırıb. 1996-cı ildə ben Səid Omanın ilk Konstitusiyasını qəbul edib.

Sultan neçə ildir xəstə idi və onun yoğun bağırsaq xərçəngindən əziyyət çəkdiyi deyilirdi.

Qabus bin Səid əl-Busaid 1940-cı il noyabrın 18-də Omanın ikinci ən iri şəhəri olan , Yəmənlə sərhədə yaxın yerləşən Salalada dünyaya gəlib. O, XVII əsrdə portuqaliyalıları Maskat sultanlığından qovub çıxaran əl-Busaid sülaləsinin 14-cü nəsildən törəməsi idi. Gələcək sultan Hindistanda təhsil alıb və Sanderhestdə hərbi akademiyanı bitirib. O, Böyük Britaniyanın Reyndəki hərbi hissələrində xidmət keçib və hətta Əlahəzrətin ordusunda fəxri ordu generalı rütbəsi də alıb. 1964-cü ildə ölkəsində qayıdanda Kabus bin Səid ev dustağı edilib. Çünki Qərbdə təhsil almış Kabus geridə qalmış, XIX əsr həyatı yaşayan Omanda müasirləşmənin, yeniliklərin tərəfdarı kimi çıxış edirdi.

Nəticədə Kabusun atası, sultan Səid bin Teymur əl-Busaidlə münasibətləri korlanmışdı. Onun atası 1932-ci ildə həmin zamanlar Maskat adlandırılan Omanda taxta çıxmışdı. 1966-cı ildə sui-qəsdə məruz qalandan sonra nadir hallarda sarayı tərk edirdi. Səid qatı mühafizəkar idi və hansısa islahatların qəti əleyhinə çıxırdı. Oğlu Qabus isə Qərbdə keçirdiyi həyatdan sonra ölkəsində islahatlar aparmağa çağırırdı.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1970-ci ildə suultanlıqda cəmi 10 kilometr asfalt yol vardı. Təhsil və səhiyyə faktiki olaraq mövcud deyildi. Ölkədə yoxsulluq, səfalət hökm sürürdü.

Qabus isə ev dustağı olarkən britaniyalı zabitlərlə tez-tez görüşürdü. O, hakimiyyəti atasından zorakı yolla ələ almağa qərar verib. 1970-ci il iyulun 23-də Maskatda saray çevrilişi olub. Qansız-qadasız keçən bu çevrilişdə sarayın ələ keçirilməsi zamanı yüngül atışma baş verib, sultan yüngül yaralanıb və hakimiyyəti ələ alan oğlu onu Britaniyaya aid nəqliyyat təyyarəsi ilə həmin ölkəyə sürgünə göndərib. Özü isə dərhal islahatlara başlayıb. Atası iki il sonra sürgündə ölüb.

Məhz Qabus bin Səidin sayəsində Oman qısa müddətdə kifayət qədər yaxşı inkişaf etmiş infrastruktura malik olan müsair dövlətə çevrilib. Lakin Qabus islahatlara siyasətdən başlamışdı. Saray çevrilişindən iki il sonra o, Omanı birləşdirib vahid dövlətə çevirdi. Uzun fasilədən sonra dünya xəritəsində yenidən Oman sultanlığı meydana çıxdı. O vaxta qədər ölkə iki hissədən-səhralıqda yerləşən Oman imamlığından və sahilboyu ərazilərdə yerləşən, Hindistan və Afrika arasında ticarət yolları üzərində limanları olan Maskat sultanlığından ibarət idi. Sultanlıqla imamlıq arasında gərginlik hökm sürürdü. Qabus hakimiyyətə gələndən iki il sonra Dofar əyalətində qəbilələr üsyan qaldırdı. Sultan Qabus bu üsyanı Böyük Britaniya hərbi mütəxəssislərinin, İordaniyanın və İran şahının köməyi ilə yatıra bildi, müdrik addım ataraq Dofarda üsyan qaldıranlara aministiya elan etdi və ölkəni birləşdirdi. Beləliklə, 1975-ci ildən bu yana Oman burulğanlı Yaxın Şərqdə sabitlik adası olaraq qalır.

Vətəndaş qarşıdurmasına son qoyandan dərhal sonra sultan Qabus iqtisadi və sosial sferada islahatlar başladıb. O, təhsil sistemini uğurla yeniləyib, sultanlıqda müasir səhiyyə yaradıb. Aparılan iqtisadi islahatlar sayəsində əhalinin həyat səviyyəsi durmadan yüksəlib, adambaşına düşən ÜDM-in həcminə görə Səudiyyə Ərəbistanını da geridə qoyub. Ölkədə korrupsiya da çox aşağı səviyyədədir və “Transparency İnternational” təşkilatının hesabatına əsasən bu göstərici üzrə Oman Avropa ölkələrinə yaxındır.

Sultan Qabus hakimiyyətə gələndən sonra qadın haqlarına da xüsusi diqqət ayırıb, 1997-ci ildən Omanın qadın sakinləri seçkilərdə iştirak edir. 2008-ci ildən isə onlar torpaq sahibi olmaq hüququ qazanıblar. Omanda qadınlar nazir və səfir vəzifələrində işləyir, onlar parlamentin hər iki palatasında təmsil olunur. Habelə orduda xidmət edir, özəl şirkətlərdə və dövlət müəssisələrində rəhbər vəzifələr tuturlar.

Çoxsaylı dəyişikliklərə baxmayaraq Oman mütləq monarxiya kimi qalır. Bütün hakimiyyət sultana məxsusdur. Qabus nazirlər kabinetinə rəhbərlik edib, o eyni zamanda müdafiə naziri və silahlı qüvvələrin ali baş komandanı idi. Habelə xarici işlər və maliyyə nazirliklərinə də şəxsən başçılıq edirdi, hətta Mərkəzi Bankın sədri də sultan özüydü.

Qabus bin Səid əl-Busaid despot olsa da uzaqgörən və müasir hökmdar idi, omanlılar ona hörmət edirdi. Onu ərəb dünyasının renessans adamı adlandırırdılar. İndi onun ölümündən sonra Omanın və omanlıların aqibətinin necə olacağı çoxlarını düşündürür. Məsələ burasınadır ki, digər Yaxın Şərq hökmdarlarından fərqli olaraq Qabus bin Səidin ailəsi yoxdur. Nəinki arvadları və uşaqları yoxdur, hətta varis təyin etmək üçün doğma qardaşları da mövcud deyildi. Və ömrünün son günlərinə qədər Qabus özünə varis seçməmişdi.

Ölkə konstitusiyasına görə Oman monarxiyadır və hakimiyyət əl-Busaidlər sülaləsinin kişi cinsindən olan nümayəndələrinə irsən ötürülür. Hakimiyyətin ötürülməsi prosesi isə hakim ailənin yığıncağında qəbul edilmiş qərara əsaslanır. Əgər ailə şurası qərar verə bilməsə o zaman parlamentin hər iki palatası və müdafiə şurası konstitusiya məhkəməsi ilə birlikdə seçkilərə qoşulur.

Hesab edilir ki, sultan Qabus çoxdan, hələ 1997-ci ildə öz varsini müəyyənləşdirib. Onun adı iki bağlı konvertdə müxtəlif yerlərdə saxlanılır. Amma bunlar təsdiqlənməmiş məlumatlardır və sultan Qabus bir dəfə də olsun özündən sonra hakimiyyətdə kimi görmək istədiyi haqda danışmamışdı.

Daha çox şansı olanlardan biri isə sultanın əmisi oğlu Fəhd bin Mahmud əl-Busaid hesab olunur. O, nazirlər kabineti sədrinin müavinidir, 1970-ci ildən bu vəzifəni tutur. Lakin Fəhd də yaşlanıb və bir çox politoloqlar Qabusdan sonra hakimiyyətə onun dayısı oğlanlarından kiminsə gələcəyini proqnozlaşdırırdı.

Bu gün yanvarın 11-də elan edilib ki, sultan Qabusun yerinə taxta onun dayısı oğlu Haysam bin tarek əl-Səid çıxıb. O, Omanın mədəniyyət və milli irs naziridir. Al Watan Oman qəzetinin yazdığına görə Haysam bin Tarek əl-Səid Oman parlamentinin hər iki palatasının yığıncağında and içərək hökmdar səlahiyyətlərinin icrasına başlayıb. Lakin bu haqda hələlik rəsmi məlumat yoxdur.

Hazırladı: F.Məmmədov