4.7 milyardlıq cinayət - Cahangir Hacıyevlə birlikdə mühakimə olunan şəxslər dindirildi

Baxış sayı:
7147

Sabiq bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Beynəlxalq Bankın sabiq filial rəhbəri olmuş İlqar Abdullayev dindirilib.

Məlum olub ki, İlqar Abdullayev daha əvvəl C.Hacıyevlə birgə ittiham edilib və məhkəmə onun barəsində şərti cəza təyin edib. Bu dəfə şahid kimi dindirilən İ.Abdullayev qeyd edib ki, bankdan ayrı-ayrı şəxslərə yüksək məbləğdə kreditlərin verilməsi Kredit Komitəsinin qərarı olub.

Məhkəmədə daha əvvəl Cahangir Hacıyevlə birlikdə hakim önünə çıxarılmış Kənan Orucov da ifadə verib. K.Orucov da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. Suallara cavab verən Kənan Orucov qeyd edib ki, 2003-2015-ci illərdə Beynəlxalq Bankın "Nəqliyyat" filialının rəhbəri işləyib.

O da kreditlərin ayrılmasına görə Kredit Komitəsinin məsuliyyət daşıdığını deyib: ""Spotline" şirkəti 1.5 milyon manatlıq kreditlə bağlı müraciət etdi. Mən də Kredit Komitəsinə məlumat verdim. Sonra sənədlər hazırlandı, həmin şirkətə kredit verildi. İri məbləğli kreditlərin verilməsi üçün Kredit Komitəsindən göstəriş verilib. Tam olaraq həmin şəxsin adını xatırlamıram".

Xatırladaq ki, zərərçəkmiş qismində Beynəlxalq Bankla yanaşı, Aqrokredit bank və Vergilər Nazirliyi tanınıb. Həbs edilənlərdən biri C.Hacıyevin dostu, hazırda həbsdə olan Dünyamin Xəlilovdur. İsmayıl Hidayət-zadə təqsirləndirilən şəxsdir. O, C.Hacıyevin bacanağıdır və “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru vəzifəsində işləyib. Hidayət-zadə “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və 5 il cəza alıb.

Digər şəxslər isə Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qaffarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Mariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovdur. Onlar barəsində mənimsənmə ittihamı irəli sürülüb.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.