40 nəfər gəncin işdən çıxarılması göstərişini Əlirza Süleymanov verib? – UCARDAN PREZİDENTƏ ŞİKAYƏT

Baxış sayı:
8281

Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini, hüquq müdafiəçisi Purqafari Azər Ələsgər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır: “Hörmətli Prezident! Sizin gənclərin işlə təmin olunması barədə müvafiq tapşırıqlarınıza Azərbaycan Respublikasının hər yerində əməl edilsə də, Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərov bir gündə 40 nəfər gənci qanunsuz olaraq işdən çıxarıb.Bu, qanunsuzluqdan başqa, həm də qansızlıqdır ki, bunu İslam Əsgərov edib.Həmin 40 nəfər gənc Gəncə Lokomotiv deposunda işləyirdi və heç bir nöqsana yol verməmişdir. Amma əvəzində İslam Əsgərov həmin idarədə yüzlərlə pensiya yaşı keçmiş şəxsi işdə saxlayıb, bu günahsız gəncləri işdən çıxartdı. İslam Əsgərovun rəisi olduğu Gəncə Lokomotiv Deposunun 1000-dən çox işçisi var. Hər işçinin maaşından ayda pul tutulur, “gecə pulu” adı ilə verilməli olan pullar, məzuniyyət haqqı və s. İslam Əsgərovun həyat yoldaşı Biləcəri Deposunda yüksək vəzifəni tutur. Gəncə Lokomotiv Deposundan qanunsuz olaraq işdən çıxarılmış Yevlax rayonu Tanrıqulular kənd sakini Ələkbərov Babək İlham oğlu İslam Əsgərovun qanunsuz əməllərindən şikayət etdiyi üçün onun hədəsinə məruz qalıb. İslam Əsgərov şikayətçi Babək Ələkbərova deyib ki, "Hara şikayət etsəniz də, mənası yoxdur, mənim arxamda Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Əlirza Süleymanov dayanır, mən onun tapşırığı ilə 40 nəfər gənci işdən çıxarmışam". İslam Əsgərov işdən çıxardığı 40 nəfər gəncin valideyinlərini çağırıb onlara hədə-qorxu gəlib ki, övladlarınzı başa salın, bir daha mənim barəmdə şikayət etsələr, onlara baha başa gələcək, onların telefonlarını dinlətdirirəm". Qeyd edim ki, İslam Əsgərovun qanunsuz işdən çıxardığı 40 nəfər gənc tam sağlam və məsuliyyətli insanlardır. Sadəcə olaraq həmin 40 nəfər gənc Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun maaşlardan qanunsuz tutmalarına, məzuniyyət və “gecə pulları”nın mənimsənilməsinə etiraz etdikləri üçü işdən qanunsuz olaraq çıxarılmışdır. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident! 40 nəfər gənci işdən qanunsuz olaraq çıxarıb, onları işsiz qoyan Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun bu əməli Sizin siyasətinizə ziddir. Buna görə də İslam Əsgərovun bu korrupsiya əməllərinin araşdırılıb, barəsində qanunu tədbirlər görməyinizi Sizdən xahiş edirəm”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.