"40 ildir ana dili tədris olunmur, nazir isə rus dilinin tədrisindən danışır" - İRANLI DEPUTAT

Baxış sayı:
835

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri orta məktəblərdə Azərbaycan dilinin tədris olunmamasına görə təhsil naziri Məhəmməd Bəthayiyə etiraz edib.

O, bu barədə İran parlamentinin Qərbi Azərbaycan Millət Vəkilləri Fraksiyası üzvlərinin nazirlə görüşündə bildirib.

Deputat deyib: “İnsanlar rus dilini təhsil sisteminə daxil etdiyinizə görə narahatdır. Biz hələ Konstitusiyanın 15-ci maddəsini icra etməmişik. Həmçinin bizim ruslarla bağlı xoş xatirələrimiz yoxdur. Hələ də rusların apardığı müharibənin ağır nəticələri istər şimali, istərsə də qərbi Azərbaycanda unudulmayıb.

İnsanlar deyirlər ki, 40 ildən sonra hələ də ana dili tədris olunmur, nazir isə məktəblərdə rus dilinin tədris olunmasından danışır. Biz sizin bu sözlərinizə görə insanların suallarına cavab verə bilmirik. Siz özünüz söz verib elan etdiniz ki, ana dili ilə bağlı kitablar hazırdır. Lakin Mədəniyyət İnqilabı Ali Şurası buna qarşı çıxır. Biz də bu kitabların yeni dərs ilində məktəblərdə tədris olunmasını gözləyirdik”.

Hadi Bahaduri qeyd edib ki, ikidilli məntəqələrdə türk dilinin tədris olunmaması təhsil səviyyəsinin aşağı düşməsinə səbəb olub: “Buna görə də, fars dilinin öyrənilməməsi ilə bağlı narahatlığa səbəb yoxdur, siz ana dilinin tədris olunmaması üçün nigaran olmalısınız.

Deputat eyni zamanda, dərsliklərdə Azərbaycan türklərinə qarşı qərəzli məlumatlara yer verildiyi üçün də təhsil nazirinə etiraz edib:

“Dərsliklərdə tarixi mövzularda da problemlər var. İranda islamdan əvvəl və islamdan sonrakı dövrlərdə qurulan hakimiyyətlərin əksəriyyəti türk olub. Niyə dərsliklərdə onlardan təhlükəli və pis imic yaradılmağa çalışılır?! Halbuki türklər tarix boyu yüksək mədəniyyətə malik olublar”.