40 günə Azərbaycan kəndlisini zənginə çevirən həşərat - Dövlətdən BÖYÜK DİQQƏT

Baxış sayı:
9028

Kənd təsərrafatının başqa sahələri ilə məşğul olanlar, evdar qadınlar, digər peşələrdə çalışanlar böyük torpaq sahələrinə ehtiyac duymadan, ildə 30-40 gün vaxt sərf etməklə yaxşı gəlir əldə edə bilər. Qulağa xoş gələn bu gəlirli sahə ölkəmizdə də mövcuddur. Söhbət baramaçılıqdan gedir.
Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması hələ e.ə. XXVII əsrlərdə məlum idi. Arxeoloji qazıntılar isə bu sənətin hətta eramızdan 5000 il əvvəl mövcud olduğunu deməyə əsas verir. Baramaçılıq bu gün ölkəmizdə kənd təsərüfatının prioritet sahələrindən birinə çevrilib.
Dövlət başçısının ipəkçiliyin sürətli inkişafı ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Baramaçılıq ölkəmizin beş təbii iqtisadi zonasında - Naxçıvan, Şəki-Zaqatala, Aran, Şirvan və Yuxarı Qarabağda daha geniş yayılıb. Bu rayonlar üzrə istehsal respublikada istehsal olunan barama məhsulunun 82,6 faizini təşkil edib. Bir zamanlar Azərbaycanda baramaçılıq sahəsində 150 min nəfər çalışıb. Ölkədə 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30 barama qurutma məntəqəsi olub. Həmin müəssisələr müstəqillik qazanandan sonra bu sahəyə diqqətsizlik səbəbindən sıradan çıxıb. Lakin son illər dövlətimiz tərəfindən bu sahənin inkişafına xüsusi diqqət göstərilir.
Hazırda ənənəvi və ixracyönümlü sahələrin dirçəldilməsi istiqamətində geniş iş aparılır, davamlı olaraq stimullaşdırıcı tədbirlər görülür. Ölkəmizdə baramaçılıq üçün münbit şəraitin olması, vaxtilə toplanılan zəngin təcrübə nəzərə alınaraq, ipəkçiliyin inkişafı üçün kompleks tədbirlər görülür. Ötən il uzun fasilədən sonra barama istehsalında müəyyən irəliləyişlər əldə edilib. Belə ki, 2007-ci ildən bəri ilk dəfə olaraq ölkədə 2016-cı ildə 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın kümçü ailəsi 600 min manata yaxın gəlir götürüb. “Şəki İpək” ASC-yə 2016-cı ildə 245.2 ton yaş barama təhvil verilib ki, bu da ölkə Prezidenti tərəfindən barama istehsalı ilə bağlı cari il üçün müəyyən edilmiş hədəflərdən təxminən 1.6-1.7 dəfə, ötən ildəki istehsaldan isə 3.5 dəfə çox olub. 2016-cı ildə 1 milyon 700 min tut tingi əkilib, Çindən 1,5 milyon ədəd calaq olunmuş tut tingi tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılıb. Bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin olunub. Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100 faiz səviyyəsində çıxış alınıb və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir.
2017-ci ildə isə barama tədarükünün 2016-cı ilə nisbətən ən azı iki dəfə artırılması proqnozlaşdırılmışdı. Lakin nəticə gözləniləndən də çox oldu.
Belə ki, 2017-ci il Azərbaycanda 130 tona yaxın barama istehsal edilməsi qarşıya hədəf olaraq qoyulmuşdu. Aparılan müşahidə və təhlillər göstərir ki, cari mövsümdə nəzərdə tutulduğundan 2-2,5 dəfə çox, yəni 250-300 ton barama istehsalı gözlənilirdi. Təxminən 245 ton məhsul əldə edilib. Bol məhsul əldə edilməsi səbəbsiz deyil.
2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çindən 6 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib və apreldə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Barama toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli ipəkqurdları əldə edilib və bəslənilmək üçün respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə əvəzi ödənilmədən paylanılıb.
Əgər 2015-ci ildə cəmi bir rayon baramaçılıqla məşğul idisə, hazırda 37 rayonda bu sahəyə maraq artıb, əlbəttə ki, bu coğrafiya da genişlənir.
Əkilən bu tinglərin nəticəsində 2019-cu ildə 1300 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci il isə 400 ton barama istehsalı planlaşdırılır. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nda Azərbaycanda yaş barama istehsalının həcminin 2025-ci ilədək 6 min tona çatdırılması nəzərdə tutulur.
Bu sahənin inkişafı ilə əlaqədar Çin mütəxəssislərinin iştirakı ilə tinglər gətirilərək əkildi. İlin sonunadək daha 3 milyon ting əkilməlidir. 2018-ci il Çindən 11 min qutu İpəkqurdu toxumu (qrena) gətirilərək ödənişsiz əsaslarla sahibkarlara veriləcək.
Mütəxəssislər hesab edir ki, 1 hektar sahədən yığılmış calğa yarpağı ilə yemlənmiş 5 qutu barama qurdu toxumundan 26 kq xam ipək alınır, onun da dünya bazarında qiyməti 340 dollar təşkil edir. 2017-ci ildə ipəkqurdu bəslənilməsi və barama tədarükü 10 min 782 nəfərin əlavə işlə təminatına imkan yaradıb. Azərbaycanda qarşıdakı iki ildə Barama İstehsalçıları Assosiasiyası yaradılacaq. Bu barədə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd edilib. Proqramda həmçinin göstərilir ki, baramaçılıq və ipəkçilik sahəsində fəaliyyət göstərən fermerlərə ödənişsiz məsləhət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsinə şərait yaradılmalıdır.
Bu da baramaçılıqda əlavə iş yerləri, həm də əlavə gəlir deməkdir. 2017-ci ildə ipəkqurdu bəslənilməsi və barama tədarükü 10 min 782 nəfərin əlavə işlə təminatına imkan yaradıb.
 Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov  açıqlamasında baramaçılığın artıq ölkəmizdə gəlirli sahəyə çevrildiyini deyib.
Şöbə müdiri fikirlərini bu cür əsaslandırıb: “Baramaçılıq və ipəkçilik Azərbaycanın ənənəvi təsərrüfat sahələrindən biridir. Qısa dövr ərzində bəsləmə prosesi həyata keçirilir və kümçü ailələri öz zəhmətlərinin bəhrəsini 40 gün içərisində görürlər. Yəni cəmir 30-40 günlük əziyyətin ardından əldə olunan məhsul Şəki İpək Kombinatına təqdim edilir. Müqavilə əsasında kiloqramı 4 manata olmaqla kombinat məhsulu qəbul edir. Bundan başqa, dövlət büdcəsinin vəsaiti hesabına hər kiloqramına görə 5 manat subsidiya verilir. Yəni 1 kiloqram yaş barama istehsal edən kümçü ailəsi 9 manat vəsait alır. Bu mənada baramaçılığı gəlirli sahə hesab edə bilərik”.
İ.Cümşüdovun sözlərinə görə, bu il ərzində 11 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumlarının (qrena) tədarük edilməsi planlaşdırılır. Bu da əvvəlki illə müqayisədə iki dəfə artım deməkdir. Bundan başqa, yeni tut tinglərinin alınması planlaşdırılır:
“Son iki il ərzində 2.5 milyon ting alınıb. Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb. Bu istiqamətdə işlər davam etdirilir. Bu müəssisənin tam fəaliyyət göstərməsindən sonra yaxın gələcəkdə Azərbaycanın özünü qrena ilə təmin etməsi gözlənilir. Bununla da baramaçılığın idxaldan asılılığı azalacaq. Son illər istehsal olmadığına görə qrenaları İran və Çindən alırdıq. Bu sahədə insanların işlə təmin olunması baxımdan əlverişlidir. Vaxtilə Şəki İpək Kombinatında 7 min nəfər işləyib. Müstəqillik qazanandan sonra bu sahədə tənəzzül yaşandı, 2015-ci ildə müəssisədə 236 kliqram barama istehsal edilmişdi. Son iki ildə bu sahənin inkişafı, yerli istehsal hesabına öz fəaliyyətini bərpa etməsi müşahidə olunur. Artıq istehsal edilən məhsul təkcə yerli təlabatı ödəmir, həm də ixraca da imkan verir. Bu da ölkəyə əlavə valyuta daxil olmasına imkan verir”.