4 il əvvəl sevgi mesajı yazan məktəbliyə 5 il həbs - AZƏRBAYCANIN MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏ BÖHRAN

Baxış sayı:
559

Yurddaşlarımız məmur balalarının harın ata-babalarının görəv qoltuqlarından necə yararlandıqlarının qurbanlarına çevrilməkdə sıraya düzülüblər. Bəli, yanlış duymadınız, ölkə əhalisi harınlaşmış məmurların striptiz şoularının, avtoxuliqanlıq oyunlarının, məhkəmə tragikomediyalarının  girovluğundadır. Başqa sözlə, İstər-istəməz şouların məcburi tamaşaçısı və qurbanları rolunda çıxış edən zavallı xalqın ölüm körpüsünə-kürsüsünə üz tutmaqdan başqa yolu qalmır. Bir neçə nəfəri avtoşluq ehtirasına qurban verən baş nazir yardımçısının, “Qaçqınkom” şefinin nəvəsinə “keyf elə” “cəzası” kəsən məhkəmə, məcburi köçkün, Qarabağ qazisinin oğluna sevgi mesajlaşmasına görə 5 il həbs cəzası kəsib. Özü də 4 il qabaqkı “məhəbbət nağılı” əsasında.
Hazırda 6 saylı cəzaçəkmə müəssisəsində 2 il 4 aydır sevgi mesajlaşmasının cəzasını çəkən Kərimov Elməddin Mehdi oğlunun ata-anası Füzuli rayonunun Əbdülrəhmanlı kəndindən məcburi köçkün, Qarabağ qazisi ailəsidir. 1997 -ci il doğumlu gənc 16 yaşı olanda -2013 -cü ildə 15 yaşının içində olan məktəb yoldaşı qıza qarşı guya “aşkar surətdə yetkinlik yaşına çatmadığını bilərək əxlaqsız hərəkətlər edib”.
Birincisi, hər iki şəxs yetkinlik yaşına çatmayan məktəbli olduğundan, hansının daha “aşkar surətdə “əxlaqsızlıq” etməsi” sevgi mesajlaşması ilə müəyyən edilə bilər, şər-böhtanla yox. Bu, həm də gender bərabərliyinin pozulması deməkdir.  
İkincisi, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 5 dəfə (?) qızı müayinə edib və beşində də şər-böhtanın təsdiqini tapmadığı , bakirəliyin pozulmadığı haqqında rəy verib. Lakin şər-böhtan izahatları ekspertiza rəyindən də üstün tutulub və heç bir sübut, fakt, şahid ifadələri ilə sübuta yetirilməyən şərləmə əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi ( hakim Əlisultan Osmanov ) 19.05.2017 tarixli 1 (101)-62 saylı hökmlə 20 yaşlı gənci 4 il qabaqkı sevgi mesajlaşması -məhəbbət macərasına görə Cinayət Məcəlləsinin 150.2.3 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24.07.2017 tarixli, Ali Məhkəmənin 16.01.2018 tarixli qərarları ilə aşağı instansiyanın hüquqa zidd aktı dəyişdirilmədən saxlanılıb.
Beləcə, məcburi köçkün qazi balası ilk məhəbbətinin qurbanı kimi 2 il 4 aydır 6 saylı cəzaçəkmə müəssisəsində “sevgi cəzası”nı çəkir. Hətta şər-böhtançılar cəza evində də məhbusu zənglə hədələyir, təhdid edirlər. Məhbusun anası Diləfruz xanım artıq cana doyduğunu, intihar həddində olduğunu bildirəndən sonra Daxili İşlər Nazirliyindən çağırıb Ali Məhkəməyə müraciət etməyi məsləhət biliblər.
Məhkəmə-hüquq sistemindəki özbaşınalıqlarla kimisə heyrətləndirmək , fikrimizcə, mümkünsüzdür. Amma məktəbli uşaqların illər öncəki  sevgi mesajlaşmasının ağır cinayət sayılması özbaşınalığın “ALİLİYİNDƏN” soraq verir. Ali Məhkəmə bu “ali özbaşınalığa” son qoyacaqmı?

Məğrur BƏDƏLSOY