4 bankın bağlanmasının pərdəarxası - EKSPERTDƏN AÇIQLAMA

(Palata Mərkəzi Bankı ittiham edir?)
 
Bankların bağlanması artıq adi hala çevrilib. Amma nə bu il, nə də əvvəllər Mərkəzi Bank demirdi ki, bunu həmin bankların ona təhrif edilmiş hesabatlar təqdim etdiyinə görə edir. Mərkəzi Bank adətən bağlanma səbəblərini bankın maliyyə göstəriciləri üzrə tələblərin pozulması ilə əsaslandırırdı.
Bu gün isə Maliyyə Bazarlarına Nəzarət Palatası 4 bankın bağlanmasını o cümlədən təhrif edilmiş hesabatların təqdim edilməsi ilə əsaslandırdı. Yəni söhbət sözügedən 4 bankın sırf hansısa obyektiv (devalvasiya, böhran və s.) səbəbdən çökməsindən getmir. Bu banklar nəzarət orqanına saxta hesabatlar təqdim edib. Buna görə də onların sahibləri və menecerləri hətta cinayət məsuliyyətinə də cəlb oluna bilər.
Cavabsız qalan başqa şeydir: təhrif edilmiş hesabatlar kimə təqdim olunub: Mərkəzi Banka, yoxsa Palataya? Böyük ehtimalla ilk növbədə 24 il ərzində bank nəzarətini həyata keçirmiş Mərkəzi Banka. Bəs Mərkəzi Bank niyə saxtakarlığı ifşa etməyib? Axı bütün bankları vaxtaşırı yerində də yoxlayıb. Deməli, pozuntulara, aldığı hesabatlarla reallıq arasındakı fərqlərə göz yumub. Niyə? Ona görə ki, Mərkəzi Bank rəhbərliyi ilə kommersiya banklarının rəhbərliyi arasında dostluq, qohumluq və s. qeyri-rəsmi və bəlkə də cinayətkar xarakterli əlaqələr çox dərindir.
İndi isə gəlin başqa, çox maraqlı məqama diqqət yetirək. Martın 1-də “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə mindi. Onadək xeyli bank bağlandı. Hamı da düşündü ki, ən pis banklar ona görə bağlanır ki, əmanətlərin tam sığortalanması sistemi onların əmanətçilərinə şamil olunmasın. Çünki “Texnikabankın” bağlanmasından sonra Əmanətlərin Sığortalanması Fondunda vəsait tükənmişdi və o, Mərkəzi Bankdan kredit götürməyə məcbur olmuşdu. O zaman mən deyirdim ki, əslində bağlanmalı olan bankların sayı daha çoxdur, amma Mərkəzi Bank onları bağlamadı və Fondu gələcək risklərlə üz-üzə qoydu. Niyə?
Əvvəla, ona görə bu sayda bankın eyni zamanda bağlanması Mərkəzi Bankın illər boyu həyata keçirdiyi bərbad fəaliyyəti tam ifşa edəcəkdi. Digər tərəfdən isə martın 1-nə artıq məlum idi ki, bank nəzarəti səlhiyyəti Mərkəzi Bankdan Palataya keçəcək. Buna görə də Mərkəzi Bankı artıq bərbad bankların qalması və bununla da Əmanətlərin Sığortalanması Fondu üçün təhlükə yaratması maraqlandırmırdı. Əksinə, Mərkəzi Bank bağlanmalı olan bankların xeylisini bağlamadı (görəsən həmin banklar nəyin müqabilində buna nail oldular? bu sualın cavabı yəqin ki, hüquq-mühafizə orqanlarının işi olacaq) və qısqanclıqla qarşıladığı Palata üçün problem yaratdı. Yəni Palataya səlahiyyətləri ötürərkən ona bildirdi ki, bankların hesabatlarına görə vəziyyətləri məqbuldur və bağlanmalarına ehtiyac yoxdur.
Buna görə də Palatanın bankları “təhrif edilmiş hesabatları təqdim etdiklərinə” görə bağlamasını bu gün deməsi, əslində, Mərkəzi Banka qarşı ittihamdır. Yəni illər boyu banklar saxta hesabatlar verib, Mərkəzi Bank buna göz yumub, onları bağlamayıb və bu şəkildə də Palataya ötürüb. Palata isə həmin bankları yerində yoxlayıb və təhrifləri aşkar edib. Bu isə artıq həm həmin bankların, həm də Mərkəzi Bankın rəhbərliyinin fəaliyyətinin cinayət xarakterli olmasını düşünməyə əsas verir. Bundan başqa, bankların indi bir-bir bağlanması (proses davam edəcək, çünki Palata tərəfindən yoxlamalar digər banklarda da aparılır) əmanətlərin tam sığortalanması mexanizmini işə salacaq. Əmanətlərin Sığortalanması Fondunun isə pulu yoxdur. Belə çıxır ki, sığortalanmış əmanətləri Mərkəzi Bank qaytaracaq (öz cəzasıdır – çəksin!).
Bütün bunlar bank sisteminin nə dərəcədə ağır və qeyri-müəyyən vəziyyətdə olmasından xəbər verir. Dövlət qurumlarındakı özbaşınalıq və hərc-mərclik, aralarındakı münaqişələr bu problemləri daha da dərinləşdirir.
Əkrəm HƏSƏNOV
P.S. Bağlanan banklarda sığortalanmayan əmanətərin və digər vəsaitlərin sahiblərinə müraciət edirəm: boş dursaz, bir qəpik də geri ala bilməyəcəksiz. Həmin bankların və Mərkəzi Bank rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edin, pullarınızın batmasının günahkarı onlardır. Ləğvetmə proseslərinə nəzarət edin, fəal olun.