38 il hərbidə olan Qarabağ əlili evsizdir - “Əli Əhmədovun köməkçisi dedi ki, camaat evi necə alır, get sən də elə al” – PREZİDENTƏ ŞİKAYƏT

Baxış sayı:
15484

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5035, ev 2, mənzil 152-də kirayədə yaşayan Əfqanıstan Müharibəsi və 2-ci qrup Qarabağ Müharibəsi əlil zabiti Arif Əlheybət oğlu Salahov tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli şəxslərə müraciət edən A.Salahov yazır:
Çox hörmətli cənab Ali Baş Komandan!
Mən, Arif Əlheybət oğlu Salahov bir Əfqanıstan Müharibəsi iştirakçısı və II qrup Qarabağ Müharibəsi əlili kimi son ümidlə Sizə müraciət edirəm.
1988-89-cu illərdə Əfqanıstanda Sovet qoşunları tərkibində döyüçmüş və göstərdiyim fədakarlığa görə bir neçə dəfə təltif edilmişəm.
1992-ci ildən könüllü olaraq Qarabağ müharibəsində iştirak etmiş və döyüşlər zamanı ağır yaralanmışam. Sağaldıqdan sonra hərbidə işimi davam etdirmişəm. 38 ildir ki, hərbidəyəm. Hərbidə olduğum zaman 2000-ci ildə Ulu öndər Heydər Əliyevin göstərişilə mən və digər bir hərbiçini Moskvaya Rusiya Müdafiə Nazirliyinin “Zolotoşveynıy” fabrikinə toxuma işləri üzrə (general poqonları və bayraqlar üzrə) 3 aylıq təhsil almağa göndərilmişdik. Təhsilimizi başa vurub 2002-ci ilə qədər hərbidə işimizi davam etdirdik.
Lakin 2002-ci ildən əlilliyim hərbçi kimi əmək fəaliyyətimi davam etydirməyə imkan vermədiyindən ev şəraitində indiyədək müalicəmi davam etdirirəm.
Hazırda iki oğlum da mənim kimi hərbçidirlər. Biz 4 nəfərdən ibarət ailə olaraq 1994-cü ildən indiyədək Bakı şəhərinin Biləcəri qəsəbəsində kirayə mənzildə yaşayırıq. Baxmayaraq ki, 1992-ci ildə döyüşə getdiyim zaman hərbidə ev növbəsinə durmuşdum. Lakin sonradan maraqlananda bildirdilər ki, sənin növbəyə durduğun sənədləri müəmmalı səbəbdən itiriblər. Sən yaxşısı budur ki, yenidən mənzil növbəsinə dayanmaq üçün yaşadığın rayonun İcra Hakimiyyətinə müraciət edəsən. Mən də yenidən 2006-cı ildə Binəqədi rayon İcra Hakimiyyətində bir Əfqanıstan, Qarabağ döyüşçüsü və əlili kimi mənzil növbəsinə dayandım. Son 12 ildə dəfələrlə yuxarı aidiyyatı orqanlara müraciətlər etsəm də, yalnız formal cavablar verməklə kifayətləniblər. Qeyd edirlər ki, “Sizə 2018-ci ildə mənzil veriləcəkdir”. Baxmayaraq ki, mənzil məsələsilə bağlı 100-dən çox məktub yazmışam.
10 noyabr 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbulda oldum. Məni rəsmi qəbul edən cavan oğlan bildirdi ki, “sənə ev verilə də bilər, verilməyə də”.  
2015-ci ildən həmin nazirlikdə avtomobil növbəsinə də durmuşam. Amma nə mənası. Heç ildə iki dəfə verilməli olan benzin pulunu da nazirlik vermir. Bu pullar da kimlərinsə cibinə axır. Yeni nazir də xəbərsizdir.
Son 3 ayda 3 dəfə Baş nazirin müavini cənab Əli Əhmədovun qəbuluna yazıldım. Və hər dəfə də özünü Əli müəllimin köməkçisi kimi təqdim edən Musa adlı şəxs qəbul edirdi. Mən Əli müəllimi soruşduqda isə hər dəfə bir bəhanə göstərib qeyd edirdi ki, Əli müəllim iclasdadır, xarici səfərlərdədir, nahar edir və s. Musa müəllimin də mənə cavabı bu oldu ki, “Get camaat evi necə alır, sən də zəhmət çək elə al”. Açığı mən bu cavablardan, ələ salmalardan, bürokratiyadan bezmişəm. Evdə də ailəm danlayır ki, Əfqanıstanda, Qarabağda can qoydun, sağlamlığını itirdin, budrmu sənə verilən qiymət?  Cavab verə bilmirəm.
Cənab Ali Baş Komandan! Siz hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş biz vətəndaşların yanında olmusunuz, bizim mənzil-məişət və digər problemlərimizin həll olunmasına köməklik etmisiniz.    Mən inanıram ki, müraciətim Sizə şəxsən çatarsa, məmuniyyətlə mənim mənzil problemimin həll olunmasına köməklik göstərilməsi barədə göstəriş verəcəksiniz. Odur ki, son dəfə ümidlə Sizə KİV vasitəsilə müraciət edərək xahiş edirəm. Mənim də haqqım çatan  mənzillə təmin olunmağıma köməklik göstərin ki, tezliklə bu dünyanı tərk edəndə öz mənzilimdə gözlərimi yumum ki, vaxtilə uğrunda döyüşüb qanım tökülən vətən torpağında rahatlıqla əbədi uyuya bilim.  Əvvəlcədən minnətdarlığımı bildirirəm”.




Muxalifet.az
 
Redaksiyadan: Mövzunu araşdıracağıq.