3,4 MİLYON DOLLARLIQ OĞURLUĞUN ŞOK DETALLARI - “Gəncə Şərab-2” ASC-nin ortağına məxsus pulu kimlər və necə aradan çıxardılar?

Baxış sayı:
5902

Ucar rayonu Qazyan kənd sakini Ruqiyyə Abdullayeva tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif Loğman Abdullayev və həyat yoldaşı Çingiz Abdullayevin “Gəncə-şərab-2”-nin təsisçisi Taşlitski Efim Mixayloviçin sürücüsünün sifarişilə, qanunsuz olaraq həbs edildiyini iddia edərək, saytımız vasitəsilə ölkə başçısı İlham Əliyevə və digər səlahiyyətli şəxslərə müraciət edir. Onun məktubunu olduğu kimi dərc edirik:
“Məlumat üçün bildirim ki, “Gəncə-şərab-2”-nin 10 %-payının təsisçisi Taşlitski Efim Mixayloviçin (Fima) sürücüsü Zülfüqarov Tofiq Nadir oğlu evində seyfdə saxladığı və müdirinə məxsus 3.4 milyon dollar “çirkli”  pulu mənimsəmək məqsədilə, dostu olmuş öz  bağbanı Nurlan Bayramov vasitəsilə oğlum Loğmanı oğurluq işinə cəlb etmişdir. Belə ki, Efim Tofiqi  atasına görə öz yanına şəxsi sürücü kimi işə götürmüşdür. Tofiq Efimin  əvvəllər etimadını qazanmış və sonda ona məxsus və Tofiqə saxlanması üçün etibar edilmiş və xaricə göndəriləsi 3.4 milyon dollar pulunu Efim Berlinə gedəsi gün (1 may 2015-ci ildə) mənim oğlum başda olmaqla və 2009-cu ildən əvvəl Tofiqə, sonra isə Efimə bağbanlıq etmiş bir kasıb balasını (Nurlan Bayramovu) oyuna salaraq, onların əlilə əvvəldən sövdələşdikləri kimi, ümumi məbləğin 1/3 hissəsini (1.2 milyon dollarını) özünə götürmüşdür. Hadisədən 40 gün sonra rəhbəri Fimanı da aldatmış ki, hansısa “MTN dəstəsi” Qala kəndinə gedərkən yolda qabağını kəsib pulları evindən aparıblar.
Efim də məsələni dərindən araşdırmadan yaxın çevrəsinin köməyilə pulların geri qaytarılmasına çalışmışdır. Bu istiqamətdə komanda verildikdən sonra Tofiq əvvəlcə müstəntiqləri, sonra isə həm də əvvəldən sövdələşdiyi və kirayə tutduğu “dəstə” üzvlərinə, başda mənim oğlum Loğmana qarşı, aqressiv davranaraq susmağı və bir “zərərçəkən” olmaqla bütün pulların hamısını geri qaytarmasını canfəşanlıqla tələb etməklə, sonda öz qurduğu plan üzrə istəyinə nail olmuşdur. Tofiq evindəki 3.4 milyon dolları oğurlatmağına şərait yaratmaqla, bu cavanları əvvəlcə dilə tutaraq şirnikləndirmiş, 50 gündən sonra isə “strelka”nın onun üzərinə yönəldiyini görüb(hadisədən 3 gün sonra Tofiqlə Loğmanın aeroptun gözləmə zalında birlikdə olması, loğmanın ona 8 000 evro pulu sayıb verməsi, Tofiqin telefonla danişması və s. hərəkətlər onun əlbir olmasını ortalığa qoymuşdur.), lakin bu hərəkətlərə bəraət qazandırmaq və özünü xilas etmək üçün göz yaşı tökməklə əvvəlcədən cəlb etdiyi “dəstəni” “B” planı əsasında sataraq, özünün günahsız və çarəsiz olmağını sübut etməyə çalışmışdır. Və buna sövdələşdiyi polis müstəntiqinin  əlilə sonradan tam nail olmuşdur. Loğmanı bacıları ilə qorxudaraq, asanlıqla onun İstanbuldan qayıdıb, polisə təslim olmasına nail olmuş və bütün pulların geri qaytarılmasını tələb etmişdir. Və bu barədəTofiq istintaqda izahat yazdırıb. Amma Loğman da onunla şərtləşmışdir ki, Qazaxıstanda yaşayan atası Çingiz Abdullayevlə işləri olmasın. Tofiq bir “zərərçəkmiş” kimi tanınmaqla  vədinə xilaf çıxdı və həyat yoldaşım Çingizi də hadisədən 2 il sonra istintaqa cəlb edib 12 il həbs verdirdi.
Lakin bu günədək nə Loğman, nə  də Tofiqin şəxsi 6 illik tanıdığı bağban Nurlan Bayramov onu satmadılar ki, bu pul oğurluğu planının başında duran elə Tofiq özü olub. Yoxsa, məsələyə adi məntiqlə yanaşılsaydı, bağban hardan bilirdi ki, onun metronun yanında yaşadığın binada seyfdə nə qədər pul saxlayırs? Tofiq onun dostluq münasibətindən istifadə edərək bildirib ki, müdüri Efim ona cəmi 3-5000 manat maaş pul verir, özləri isə milyonlarla dolları ora-bura xərcləyirlər.
Tofiq Nurlana çoxlu bank kreditinin olmasını da demişdir. Və dərahl təklif etmişdir ki, metro H.Aslanovdakı evində seyfdə Efimin hazırda 3,4 milyon dollarını saxlayır. Deyib ki, Nurlan, gəl sən bir etibarlı adam tap, MTN adı ilə bir dəstə təşkil edib, mən Qalaya bacımgilə gedəndə yolda qabağımı kəssinlər və evimdə məlumat əsasında 3,4 milyon dollar “çirkli” pul olduğunu bildirməklə, bu pulların 33 faizi mənə geri qaytarılmaq şərtilə qalanını aparıb bölüşsünlər. Və bütün navodkaları-dəqiq məlumatları da Nurlana Tofiq özü deyib, planı təşkil etmişdir. Yoxsa, Nardaranda sadə bir rayon uşağı olan bağban nə bilirdi ki, Tofiqin seyfində 3.4 mil dollardır, avrodur, yoxsa manat. Gəlib saymışdı? Və Tofiq də istintaqa verdiyi ifadəyə görə ona deyib ki, Efim Berlinə gedəsi gün uşaqlar bu işi təşkil etsinlər. Tofiq özün 5 saatdan sonra müdiri - Efimi aeroporta aparmaq əvəzinə, guya Qala qəsəbəsində olan bacısının yanına gecə saat 23:00-da gedib-gəlməyi qərara almışdır. Əslində planlaşdırdığı oğurluğa şərait yaratmışdır. Və həmin gecə saat 23-də də əvvəlcədən danışıldığı kimi Loğman Tofiqin qabağınızı kəsib və o da heç bir müqavimət göstərmədən dərhal təslim olub. Bu məlumatı da guya bağban dəqiqliklə Loğmana bildiribmiş. Axı, bağban hardan bilməli idi ki, sən müdirin evində ona bacına baş çəkib qayıdacağını demisən?! Tam dəqiqliklə saat neçədə Qala istiqamətində hərəkət etdiyinizi necə bilərdi?!

Hadisə baş verən gün Tofiqin mobil telefonu və pasportu özündə olub. Mayın 4-də Loğman İstandula, Tofiq isə 5-6 dəqiqədən sonra Moskvaya yola düşüb. O zaman niyə Tofiq 50 gün ərzində əlindəki telefonla Fimaya və yaxud polisə zəng edib, baş vermiş “OĞURLUQ” barədə bir söz deməmişdir? Yalnız 50 gündən sonra Fima ondan saxladığı 3.4 milyon dollar pulu xaricə yola salmağı tapşıranda, Tofiq baş vermiş hadisəni anlatmışdır. Yəni, belə bir ucuz “oğurluq” planını həyata keçirilməsinin reallığa uyğun olmadığı orta məktəb şagirdinə də gün kimi aydındır. Aydın olmayanı isə Efim Taşlitski kimi bir yəhudi ağıl sahibinin Tofiqin quraşdırıb söylədiyi süni “oğurluq”nağılına inanmasıdır.
Adam bir maraqlanmazmı ki, belə bir iri məbləğli oğurluq planını həyata keçirən dəstə üzvləri heç əvvəllər bircə dənə toyuq oğurlaya biliblərmi? Bu adi ticarət adamı və ya bağban nə dərəcədə qüdrətli oldular ki, məlumatı eşidəndən 3 gün sonra belə bir riskli oğurluq planını “peşəkarlıqla” həyata keçirsinlər? Azərbaycanda ümumiyyətlə son 50 ildə 100-150 000 dollar pul aparan oğru dəstəsinin işinə şahidlik edən varmı, görəsən? Ola bilməz. Azərbaycanda bu məbləğdə pullar yalnız banklardan oğurlanır. O da bank müdirlərinin əli ilə.
Ən acınacaqlısı budur ki, Tofiq özünü işdə zəzərçəkən kimi (guya pullar ona məxsus olub) göstərir, əvvəlcədən qurduğu teatr tamaşasını davam etdirir və Logmanın ailəsini düşmən obrazında canlandırmaqla özünə 18 il, bağbana 18 il, atası Çingizə 12 il həbs verdirməyi bəs etməmiş, hələ Loğmanı həbsdə öldürəcəyini, bacılarını da həbsə atacağı ilə hədləyir. Sanki oğurlanmış və geri qaytarılmış pullar dədəsinin olub. Bəs niyə istintaq və məhkəmə hakimləri soruşmurlar ki, ay Tofiq, əgər sənin 3.4 milyon dollar pulun vardısa, niyə gedib banklardan iri məbləğlərdə kreditlər götürürdün? Bəlkə kreditlərini bağlamaq üçün sənə etibar edilmiş 3.4 milyon dollar pulun 1/3-nə əvvəldən gözün düşüb?
Əslində, Tofiqin süni hərəkətləri və bizim ailəyə qarşı genosid təşkil etməsi Efimin ondan şübhələrini diqqətdən yayındırması üçün hesablanmış axmaq hərəkətlərdir və saxta canfəşanlıqdan başqa bir şey deyil. Amma Tofiq bilsın ki, “yalan ayaq tutar, amma yeriməz”, “Oğru istənilən halda iz qoyur” və s.
Əgər ədalət və qanunlarımız tətbiq olunarsa:
1. Tofiqin həbsə atdırdığı uşaqlara imkan yaradılsa, onlar əslində hadisənin necə baş verdiyini dəqiq detallı şəkildə izah edərlər. O zaman bu oğurluq planının sifarişçısı kimi Tofiq ifşa oluna bilər.
2. Tofiqin əslində Efimə hələ bundan sonra nə qədər zərər verə biləcəyi izah oluna bilər.
3. Tofiq gec-tez əslində satqın və xəyanətkar birisi kimi ifşa olunacaqdır.

4. Tofiqin özünün oğurlatdığı 3,4 milyon dollardan ona çatan 1.2 milyon dolların dərhal təhvil verilməsi tələb oluna bilər. Polis müstəntiqinin  əlilə Loğmana ödətdirdiyi cəmi 4,7 mil dolların da hesabı soruşula bilər. Amma bu ödəmələrə rəğmən, Tofiq yenə də Efim Mixayloviçə hesabat verir ki, loğmanın ödəyəcəyi 250.000 dollar hələ də qalıb. Əslində isə Tofiq Loğmana ödətdirdiyi cəmi 4.7 mil dolların da yarsını istintaq zamanı sövdələşərək mənimsəmişdir. Yəni təşkil etdiyi bu əməliyyata görə, Tofiq 2 milyon dollar qazanıb. Lakin bu hesabatla Tofiq polislə əlbir olub 40/60-a nisbətində pulu qaytarmaqla Efimə pul hesabatı verib. Efim bu faktı etiraf edə bilər ki, sonda ona nə qədər çatıb.
Mən Efim Mixayloviçə məktub yazaraq bir ana olaraq oğlum Loğmanın ehtiyac olmadığı halda Tofiqin təşkil etdiyi tələyə düşməsindən çox üzüldüyümü bildirmişəm. Baxmayaraq ki, o Afrikada, Dübayda və İstanbulda qızıl və brilyant işinə baxırdı, yaxşı da qazanırdı. Onun şirniklənməsini başa düşə bilmirəm. Cəzasını da çəksin. Amma 30 ildir ki, Qazaxıstanda yaşayan yoldaşım Çingiz Abdullayevi hadisədən 2 il sonra Tofiqin təkidilə istintaq cəlb etməsini, qızlarımı da həbs etdirəciyilə hədələməsini və loğmanı da həbsxanada öldürəcəyini bəyan etməsi qırmızı xəttin keçilməsidir və susmaq olmaz. Baxmayaraq ki, Tofiq özünü saxta “zəzərçəkən”kimi tanıdaraq, bizim ailədən “qalan” 250 000 dolları tələb edir. Loğmanın dostları bu pulun əvəzində Moskvada dəyəri 300 000 dollar olan kupçalı evi təklif etsələr də, o, razı olmur. Yəni, bu adam ailəmizə qarşı qisasçılığını davam etdirir.
Xatırladım ki, Bakı Apellyasiya məhkəməsinin hakimi Mirpaşa Hüseynovun icraatında  Ç.Abdullayevin şikayətinə 16 may saat 11-də baxılacaqdır. Sizlərdən çox xahiş edirəm, xəyanətkar Tofiqi başa salın ki, bizim ailədən əl çəksin, işdə heç bir günahı olmayan ərim Ç.Abdullayev barəsində şikayətini bir insanlıq edib geri götürsün. Hazırda Çingiz 14 faizlə qaraciyər serrozundan əziyyət çəkir və ürəyində 2 stend qoyulmuş ağır vəziyyətdə müalicə müəssisəsində yerləşir. Onun həyatı təhlükədədir. Tofiqin təşkil etdiyi bu hadisə zamanı əldə etdiyi 2 milyon dolları Efimə qaytarsın ki, bu adamın da əsəbləri bir az yumşalsın. Tofiq özünü Roma Papasından da artıq Papa hiss etməsin, teatrı dayandırsın!
Ümid edirəm ki, Efim Mixayloviç öz şəxsi kanalları və məhkəmə sənədlərində yazılan formal izahatlara bir az diqqət yetirməklə, Tofiqin əslində necə bir fırıldaqçı (oğurluğun təşkilatçısı) olduğunu müəyyənləşdirəcəkdir. Lakin təssüflə bildirməliyəm ki, 2 may tarixində Bakı Apellyasiya məhkəməsinə təyin olunmuş prosedə Tofiq yenə də öz ampulasında məhkəmə kollegiyasına qarşı aqressiv danışaraq, məsələni yubatmadan təcili həll etməyi tələb etdi. Görünür, özünü “arxalı…” kimi aparan “zərəçəkmiş” mənim ona xəbərdalığımdam sonra ifşa olunacağından qorxuya düşmüş və özünü əsəbi göstərməkdə davam edir. Çox təəssüf edirəm ki, Efimə etdiyim müraciət də nəticəsiz qalmışdır.

Müstəqil dövlətimizin başçısı cənab İlham Əliyev və 1-cı Vitse-prezident Mehriban xanım Əliyeva!
Sizlərə müraciət edərəm. Ədliyyə naziri cənab Fikrət Məmmədova,  Məhkəmə Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyevə və ədalətli hakim Mirpaşa Hüseynova  müraciət edərək son dərəcə xahiş edirəm: Öz sahibi Efim Mixayloviçin 3.4 milyon dollar pulunun oğurlanması işinin təşkilatçısı olan Tofiq Zülfüqarovun verdiyi rüşvət hesabına günahsız yerə sifarişlə 5-6 qondarma ağır cinayət maddələri üzrə həbs edilmiş yoldaşım Çingiz Abdullayevin 16 may tarixinə təyin edilmiş məhkəmə prosesinə ədalətli məhkəmə çəkişmə prinsipilə baxılmasını tövsiyə edə və şəxsi nəzarətinizdə saxlayasınız.
Azərbaycanın Hüquq-mühafizə orqanı rəhbərliklərinə və onlara birbaşa nəzarət edən direktiv orqan rəhbərlərinə müraciət edirəm: “Gəncə Şərab-2” ASC-nin 2015-ci ilə olan hesabatında cəmi 1.63 mil. manat mənfəət əldə etməsinə rəğmən, istehsal zamanı rəsmən vergidən gizlədilən, mənşəyi, məramı və biznes planları Azərbaycan cəmiyyəti və dövləti üçün qaranlıq olan yəhudi əsilli Efim Mixayloviçə çatan 3.4 milyon dollar “çirkli” pulların Azərbaycandan xaricə hansısa qaranlıq məqsədlər üçün nəzərdə tutulmuş daşınmanın araşdırılmasına və ümumiyyətlə “Gəncə-Şərab 2” ASC-nin son illərdəki biznes fəaliyyətinin yoxlanımasına göstəriş verilməsini,
Mərkəzi Bankın sədri cənab Elman Rüstəmovdan və ABŞ səfirliyində fəaliyyət göstərən Maliyyə-Kəşviyyat İdarəsi rəhbərliyindən xahiş edirəm ki, “Gəncə Şərab-2” ASC-də 10 % pay sahibi olan Efim Mixayloviçin hər il əldə etdiyi milyonlarla dollarla ölçülən “çirkli” pulların nağd formada xarici ölkələrə gizli daşınmasının hanısı təyinatlar üçün sərf edildiyi  faktların araşdırılması barədə aidiyyatı üzrə arayış tələb etmələrini xahiş edirəm. Və güman edirəm ki, Vergilər Nazirliyi “Gəncə Şərab-2”-də E.Mixayloviç kimi digər pay sahiblərinin vergidən yayınaraq, qazandıqları milonlarla dollar ölçülən vəsaitlərinin istehsal və ixrac edilən edilən faktiki məhsulların nə qədərinin vergidən yayındırlmasını araşdıracaqdır.
Daxili İşlər nazirindən xahiş edirəm ki, T.Zülfüqarovun bizim ailə üzvlərimizi yenə öldürəcəyi, həbs etdirəcəyilə hədləməsinin qarşısının alınması üçün ailəvi təhlükəsizliyimizə təminat verin”.
Muxalifet.az
Redaksiyadan: Movzunu araşdıracağıq. Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.