​3,4 MİLYON DOLLARLIQ LAYİHƏ: Beynəlxalq qurumlar iki bölgəni seçdi

Baxış sayı:
4693

Avropa İttifaqı, BMTİP Azərbaycanda peşə təhsilinin inkişafına dəstəyi artırır.
Avropa İttifaqı və BMT-nın İnkişaf Proqramı, ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan yeni bir layihəyə start verərək, Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək üçün birgə səylərini birləşdirirlər.
Əsasən Azərbaycanın iki bölgəsi –Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihəyə 2017-ci ildə start verilib. Layihə 2020-ci ilədək davam edəcək.
Hər iki bölgədə layihə elmi tərəqqiyə əsaslanan güclü iqtisadiyyat üçün əsas özül rolunu oynayan yerli kadrların inkişaf etdirilməsinə xidmət edəcək. Layihə ölkənin işçi potensialının ən həssas kateqoriyaları, o cümlədən gənclər, qadınlar və əlilliyi olan şəxslərin əmək bazarının tələblərinə cavab verən bacarıq və resurslardan yararlanmalasını təmin edəcək. Bu məqsədlə BMTİP qeyri-neft sektorunda yeni peşə təhsili proqramlarının işlənib hazırlanması və həyata keçirilməsində milli qurumlara dəstək verəcək.
Avropa İttifaqı və BMTİP tərəfindən həyata keçirilən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi Hökumətin məhz bu səylərinə dəstək verərək, təhsilin keyfiyyətini və təhsil sahəsində bərabərliyi artırmağa yönəlmişdir. Layihə həmçinin milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.
Layihənin Gəncə regional komponentinə bu gün start verilərək beynəlxalq ictimaiyyət, yerli hakimiyyət orqanları, özəl sektor və yerli texniki peşə məktəblərinin müəllim heyətindən ibarət 60 nümayəndəni bir araya gətirən açılış mərasimi təşkil edilib.
Açılış mərasiminə hazırda Azərbaycanda rəsmi səfərdə olan Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqı Komissarlığının nümayəndə heyəti qatılıb.
Açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Rəhbəri Səfir Kestutis Yankauskas peşə bacarıqlarının əhəmiyyətini vurğulamaqla, “peşə təhsili sektorunun müasir, şaxələnmiş iqtisadiyyat üçün ilkin şərt” olduğunu qeyd edib. Onun sözlərinə görə, “Azərbaycan kimi əhalisinin 40%-nin 25 yaşdan aşağı olduğu bir ölkədə təhsil, o cümlədən peşə təhsili və təlimi uzunmüddətli iqtisadi dayanıqlığa yatırılan əsas sərmayədir”.
Peşə təhsilinin inkişafı sahəsində strateji perspektivlərdən danışan BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti vurğulayıb ki,“ölkədə peşə təhsili və peşə hazırlığı müəssisələrinin müasirləşdirilməsinə göstərilən davamlı dəstək uzunmüddətli potensialın artırılmasına və peşə hazırlığının struktur inkişafına yönəlməlidir”./teleqraf/