32 QADIN ÖLDÜRÜB, AMMA... - Rusiya son illərin ən təhlükəli manyakını axtarır

Baxış sayı:
326

Volqayanı və Ural Federal bölgələrində çoxsaylı qətllər törədən, 32 qadının qətlində əli olan, Rusiyanın ən qəddar qatili hələ də tapılmır. Onun başına üç milyon rubl məbləğində mükafat da təyin edilib.

Lakin seriya qətllər törədən və Rusiyada son illərin ən qəddar manyakı hesab edilən naməlum qatil hələ də azadlıqda gəzir. Şəhərbəşəhər dolaşan, ordan ora, burdan bura köçən manyak tənha yaşayan qadınların mənzilinə soxularaq onlara amansızlıqla divan tutub. Səkkiz ildən çox istintaq aparılmasına baxmayaraq təhqiqatçılar hələ də qatilin izinə düşə bilməyiblər. Bu barədə Lenta.ru nəşri məlumat yayıb.

Tənha və yaşlı qadınların qənimi

İstintaq yolu ilə müəyyən edilib ki, qatil cinayətlərinin böyük əksəriyyətini 2011-2012-ci illərdə Volqayanı və Ural bölgələrində törədib. Bəzən qurbanlarını öldürdükdən sonra onların evinə də ”əl gəzdirib”. Amma bu, nadir hallarda baş verib. Əsasən isə qətli törətdikdən sonra göz önündəki pullara belə əlini vurmayıb. Məhz bu səbəbdən də əməliyyatçılar qarət məqsədilə qətl törədən qatilin deyil, əsl manyakın axtarışına çıxıblar.

Manyak qurbanlarını özünəməxsus tərzdə seçib. Belə ki, öldürülənlərin hamısı 75-90 yaş arası tənha qadınlar olub. Və qurbanların hamısı beşmərtəbəli köhnə binalarda yaşayıblar. Manyak onların bir çoxu ilə təsadüfən küçədə rastlaşıb, ağır zənbillərini daşımağa yardım göstərib və beləcə qurbanın evinə ayaq basıb. Mənzilə daxil olduqdan sonra isə əlcəklərini geyinib və qurbanını qətlə yetirib. Qətldən sonra izi itirmək üçün döşəməyə yuyucu toz səpib. Nəticədə xüsusi öyrədilmiş itlər izi tapa bilməyiblər. Bəlkə də elə bu üzdən manyak hüquq-mühafizə orqanlarının diqqətindən yayına bilib.

 

Taktikasını dəyişən qatil hara yoxa çıxıb?

 

Bir dəfə polislərin əlinə düşmə ehtimalı yaransa da cəld tərpənərək özünü üçüncü mərtəbədən yerə atıb və aradan çıxa bilib. İkinci dəfə isə binanın girişindəki kameranın obyektivinə tuş gəlib. Nəticədə istintaqa yalnız cinayətkarın dumanlı xarici görünüşü bəlli olub, bundan başqa heç nə.

Səkkiz ildir ki, hüquq-mühafizə orqanları manyakın izinə düşməyə, onun şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar. Amma aparılan araşırmalar müsbət nəticə vermir. 2012-ci ildən sonra qatil birdəfəlik “yoxa çıxıb”. Amma ola bilsin ki, sadəcə taksikasını dəyişib və başqa şəhərlərdə cinayətlər törətməkdə davam edir.

Lənətlənmiş yol

Qatilə əslində hər yerdə rast gəlmək mümkündür. Onun cinayətlərinin coğrafiyası çox genişdir: son iki il ərzində Rusiyanın səkkiz bölgəsində - Tatarıstan, Başqırdıstan, Udmurtiya, Perm, Nijeqorod, Sverdlovsk, Ulyanov, Samara və İvanovskdə silsilə qətllər törətməyə imkan tapıb.

Udmurtiyada səkkiz qətl törədən qatil 2011-ci ildə ilin avqustunda Tatarıstana üz tutub. Orada daha bir təqaüdçünü boğaraq başına çoxsaylı zərbələr endirib. Amma yaşlı qadın möcüzə nəticəsindəı sağ qalıb və manyakın xarici görünüşü, əlamətləri barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

Lakin həmin ərəfədə silsilə qətllər törədən manyak artıq başqa respublikaya üz tutub. 2011-ci ilin sentyabrında manyakın doqquzuncu qurbanının – ütünün şnuru ilə boğulan tənha qadının meyiti öz mənzilində aşkarlanıb. Həmin an ilk və son dəfə manyakın ələ keçməsi şansı yaranıb. Belə ki, qurbanını qətlə yetirdikdən sonra mənzilin altını üsünə çevirib. Elə bu vaxt ev sahibəsinin oğlu içəri girib. O, qatili tutmağa cəhd etsə də, manyak pəncərədən aşağı atılıb və hadisə yerindən qaçıb. Bu hadisədən sonra qatil özünə əsasən aşağı mərtəbədə yaşayan qurbanlar seçib.

Voljsk şəhərindən İjevskə yollanan qatil orada daha üç qətl törətdikdən sonra Kazana qayıdıb. 2012-ci ilin fevralında daha bir tənha təqaüdçünü boğub. Artıq aydın olub ki, qatili qurbanın pensiyası və dəfn üçün yığdığı pullar maraqlandırmır. O, mənzildən yalnız zinət əşyalarını və qapını bağlamaq üçün açarı götürüb. Göz önündə olan 8 min rubl pula isə əlini də vurmayıb.

Bu hadisədən iki ay sonra qatil daha iki ahıl qadını boğub. Onlardan birini xalatın kəməriylə, digərini isə yenə də ütünün şnuruyla. Artıq müstəntiqlər bütün qətllərin yalnız bir nəfər tərəfindən törədilməsi qənaətinə gəliblər.

İstintaqın digər verisyasına görə,qatilin sosial xidmət strukturlarında və yaxud tibb sahəsində işləməsi də istisna edilmir. Çünki blokda quraşdırılmış müşahidə kameralarında ahıl qadınların mənzilinə girməzdən əvvəl qoltuğunda kağız qələm olması, qapı açıldıqdan sonra isə vərəqdən nəsə oxuması görünür. Lakin bu versiya istintaqa o qədər də kömək etmir. Müşahidə kameralarında qatilin üzü yandan görünür. Üz cizgilərini tam sezmək olmur. İstintaqa onun milliyyətcə təxminən tatara bənzəməsindən başqa heç nə bəlli olmur.

Qatil qətllərini davam edə bilər

Qatil sonuncu qətli 2012-ci ilin sentyabrında törədib. 2013-cü ildə manyakın Saxalində gizlənə bilməsi ehtimalları üzə çıxıb. Yerli müstəntiqlər ahıl və tənha sakinləri ehtiyatlı və diqqətli olmağa çağırıb. 2016-cı ildə Kazan şəhərindəki bloklardan birindəki müşahidə kameralarında silsilə qətllərin müəllifinə bənzəyən bir nəfər qeydə alınıb. Amma sonradan məlum olub ki, həmin şəxs tamamilə başqa adamdır.

İstintaq manyakın ya Tatarstan, ya da Udmurtiya sakini olması versiyası üzərində dayanır.

"Bizdə kifayət qədər sübutlar var ki, həmin şəxs Udmurtiya sakinidir. Bu şəxs silsilə qətlləri davam edə bilər. Çünki bu cür cinayətkarlar özləri dayanmırlar", - Rusiyanın İstintaq Komitəsinin əməkdaşı İvan Streltsev 2017-ci ilin fevralında respublikaya işgüzar səfəri zamanı belə deyib.

Elə həmin ilin mayında Tatarıstan İstintaq Komətəsinin brifinqində müstəntiqlər manyakın məhz bu respublikada doğulması və böyüməsi qənaətinə gəldiklərini açıqlayıblar. Çünki qatil cinayət bioqrafiyasına məhz Kazanda başlayıb.

İstintaq zamanı müstəntiqlər manyakın psixoloji xarakteristikasını müəyyənləşdirə biliblər. Ola bilsin ki, qatil atasız böyüyüb. Nənə himayəsində böyüyən nəvənin isə nənə ilə münasibətləri gərgin olub. Tatarıstan İstintaq Komitəsinin gəldiyi nəticəyə görə, qatilin vaxtilə köhnə beşmərtəbəli binada yaşaması da istisna edilmir. Çünki bütün qətllər məhz bu cür mənzillərdə törədib.

Başqa bir versiyaya görə, qatil uşaqlıq və yeniyetməlik dövrlərində anasından və yaşlı qohumlarından çox ciddi psixoloji travma alıb.

Psixoloq, ehtiyatda olan podpolkovnik Vladimir Rubaşnıy açıqlamasında qatilin cinayətlərin böyük əksəriyyətini Kazanda törətməsini təsadüf hesab etmədiyini bildirib:”Ola bilsin ki, şəhəri çox yaxşı tanıyır və yerli sakindir. Görünür, qatil törətdiyi qətllərdən zövq alır. Qurbanlarını boğur, öldürür. Qoca adamlar onun üçün maraqsızdır. Onlara əl qaldırmaq onun üçün çox asandır və bunu dəfələrlə edə bilir”.

Psixoloq qatilin həbs edilməyəcəyi təqdirdə onun qurbanlarının sayının artacağını, yeni qətllər törədə biləcəyini deyir.

İstintaqçılar qatilin başqa bir ölkəyə köçməsini də istisna etmirlər.

Silsilə qətllər törədən qatil barədə məlumat verən şəxsi əvvəlcə 1 milyon rubl mükafatlandırılacağı bildirilsə də sonradan məbləğ 3 milyon ruba qədər artırılıb. Amma manyakın axtarışları hələ də heç bir nəticə verməyib... (Virtualaz.org)