​316 saylı orta məktəbdə HİCAB QADAĞASI rezonans yaradıb

“Məktəbə hicabda gəlib-gəlməmək təbliğatdan asılıdır”

Təhsil eksperti Nadir İsrafilov: “Məktəblərdə dini dərslər tədris olunsa, din dərk oluna bilər”

Tədris ili başlayan kimi təhsilin müxtəlif sahələrində problemlər özünü büruzə verir. Əlbəttə, iş olan yerdə problemlər də olur. Amma məktəbli geyimilə, xüsusən baş örtüyü ilə məktəbə gələn qızlarla bağlı mübahisəli fikirlər cəmiyyətdə birmənalı qarşılanmır və istənilən halda, xoş ovqat yaratmır.
Hurriyyet.org-a daxil olan məlumata görə, 316 saylı məktəbdə bu günlərdə məktəb direktoru ilə yuxarı sinif şagirdlərindən biri arasında narazılıq yaranıb. Məktəb direktoru Esmira Orucova hicabla məktəbə gələn qızdan tələb edib ki, sabahdan başını açaraq dərsə gəlsin, əks təqdirdə məktəbə buraxılmayacaq. Yuxarı sinif şagirdi olan qız isə islam dininə tapındığına görə, başdan-ayağa örtülü geyimi məqbul saydığı üçün çıxılmaz durumda qalıb. Həm təhsil almaq istəyir, həm də inancına dönük çıxmağı vicdan azadlığına müdaxilə hesab edir.
Məktəbin direktoru Esmira Orucova ilə əlaqə saxladıq. Direktor bildirdi ki, məktəbin daxili nizamnaməsinə uyğun olaraq, təhsil müəssisəsinə hicablı qızlar buraxılmır: “Məktəbdən kənarda hansı geyimi istəyirlər, geyinsinlər. Vahid məktəbli geyimilə bağlı Təhsil Nazirliyinin də xüsusi göstərişi var. Bizim məktəbin vahid geyimində də baş örtüyü nəzərdə tutulmayıb. Hətta 2, 3-cü sinifdə oxuyan qızlar var ki, valideynləri onları məktəbə bağlı geyimdə gəlməyi təhrik edirlər. Sonra da bildirilrər ki, bu uşağın öz seçimidir. 8, 9 yaşlı uşaq dinin mahiyyətini necə dərk edə bilər? Əgər bir qızın, iki qızın dini inancını nəzərə alsam, sabah gərək məktəbin yarısı hicaba bürünə. Digər tərəfdən, biz demokratik dövlətik. Bizim ölkədə din dövlətdən ayrıdır. Məktəb də dövlətin təhsil müəssisəsidir, bura din müdaxilə etməməlidir. Mən qız şagirdlərə də, valideynlərinə də bu barədə deyirəm. Zənnimcə, fikrimi anlayışla qarşılayırlar, bu məsələdən niyə mətbuata şikayət edirlər, anlamıram...”
Təhsil eksperti Nadir İsrafiolov Hurriyyet.org-a bildirdi ki, məktəblilərin hicab geyimilə bağlı mövzudan çox bəhs edildikcə, bu problemin çözümü də böyüyür: “Bu istiqamətdə ayrı-ayrı ali məktəblərdə, orta təhsil müəssisələrində hicaba görə qızların məktəbə buraxılmaması halları mətbuatda geniş işqılandırılır. İctimaiyyətin bir qismi bunu qınayır, bir qismi tərəfdar çıxır. Nazirlik qarşısında da bununla əlaqədar piketlər təşkil olunub. Bir qrup ziyalı konstitusiyaya əsaslanır ki, din dövlətdən ayrıdır, bu cür geyimin məktəbə aidiyyatı yoxdur. Bəzi qism hesab edir ki, məktəbli formasının tətbiq edilməsi üçün nazirliyin əmri var, amma orada baş örüyü məsələsi qoyulmayıb. Bu cür məsələlər dəfələrlə gündəmə gətirilib. Ümumiyyətlə, buna müxtəlif aspektlərdən yanaşılır. Bir qrup hesab edir ki, bu məsələnin bu qədər genişlənməsi dini radikalzimlə bağlıdır. Bir qism hesab edir ki, din dərindən dərk olunmadığı üçün bu cür hadisələr baş verir. Ümumiyyətlə, mən onun tərəfdarıyam ki, dinin tədrisi ilə bağlı tədris planına ayrıca fənn salınsın. Hətta hazırda bu fikrin tərəfdarları bu fənnin adı üzərində düşünür”.
Azərbaycanı ən tolerant ölkə sayan təhsil ekspertinin fikrincə, təəssüf ki, ölkəmizdə bəzi kəsim inanclı insanlara radikal dindar kimi yanaşır ki, bu da cəmiyyətdə ayrı-seçkiliyə səbəb olur: “Tolerant ölkə kimi bizim dünyaya nümunə göstərilməyimizdən danışılır. Bizdə Qafqazın ən böyük məscidi tikilir. Dinlə bağlı icmalar, təşkilatlar, birliklər var. İslam Universiteti fəaliyyət göstərir. Dini işlər üzrə Dövlət Komitəsi var. Bir məsələnin üzərinə nə qədər gedilirsə, o qədər geniş kütləni əhatə edir.Uğursuz da olsa, bir müqayisə edim: 80-ci illərdə Mixail Qorbaçov alqokolizmə qarşı mübarizə tədbirləri haqqında qərar qəbul etdi. Bütün statistika gösətrdi ki, ölkədə spirtli içki alüdəçilirinin sayı 2-3 dəfə artdı. Yaxud Kolumbiyada narkotik maddələrdən istifadə sərbəstdir. Bununla belə, görürsüz, narkomanların sayı xeyli azalıb. Nəyin üzərinə gedilirsə, qadağalar qoyursansa, bir o qədər məsələ gündəmə gəlir. Adi baş örtüyüdür, bunun təhsilin keyfiyyətinə nə ziyanı, nə də xeyri var. Əgər 3-5 nəfər hicabda gəlirsə, bu o demək deyil ki, bütün məktəb baş örtüyündə gələcək. Gərək belə məsələləri çox bayağılaşdırmayaq. Hansısa bir uşaq baş örtüyündə gəlir, onu dərsdən çıxarırlar, təhqir edirlər. Müəyyən münaqişə yaranır, məsələ sosial şəbəkələrdə böyüyür. Ona görə də hesab edirəm ki, belə məsələlərin üzərinə çox getmək lazım deyil”.
Nadir İsrafilov dedi ki, bu məsələdə maarifləndirici təbliğatın gücləndirilməsinə ehtiyac var: “Bir ara bu məsələ sakitləşdi və məktəbə hicabla gedənlərin sayı azaldı. O məsələyə ki, qadağalar, təzyiqlər edilir, o bir o qədər qabardılır. Bu məsələnin də təbliğat forması, maarifləndirmə forması var. O uşağın valideyni ilə fərdi söhbətlər aparıla bilər.Amma bizim məktəb rəhbərləri nümayişkaranə formada şagirdi, tələbəni məktəbdən çıxarırlar, sinif yoldaşlarının yanında onu aşağılayırlar, bu da rezonansa səbəb olur. Fərdi yanaşma metdoları, təbliğat, maarifləndirmə üsulları var. Kimsə mədəni-kütləvi tədbirə hicabda gəlir ona qadağa qoyulmalıdır ki, teatra, konsertə belə gəlmək olmaz? Ona görə də biz hicaba yanaşma tərzimizi dəyişməliyik. Bu məsələlərin üzərinə getməməliyik, zaman özü bunları tənzimləyəcək”.