​305 erməni millətçisi barəsində cinayət işi açılıb - Deputat

Baxış sayı:
259

Beynəlxalq cinayətlər törətmiş şəxslərin cəzalandırılması Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən hadisələr yalnız ölkəmizin ərazisinin işğalı ilə deyil, həm də soyqırımı cinayəti, insanlığa qarşı hərbi cinayətin törədilməsi ilə nəticələnib.
Muxalifet.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Kiyevdə Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının 40-cı illik Forumu və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun Aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyasında “Beynəlxalq cinayətlərin milli və beynəlxalq səviyyədə qarşısının alınması: çağırışlar və imkanlar” mövzusuna həsr edilmiş paneldə çıxışı zamanı deyib.
Azay Quliyev ölkəmizin təcrübəsindən bəhs edərkən qeyd edib: “Baxmayaraq ki, Azərbaycan Roma statutunu imzalamayıb və bununla da Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmayıb, lakin soyqırımı, insanlıq əleyhinə, müharibə cinayəti və işğal cinayəti haqqında hüquqi məsuliyyəti öz milli qanunvericiliyinə daxil edib və Roma statutunun müsbət təcrübəsindən yararlanır. Bundan başqa, “Beynəlxalq cinayət haqqında” qanun layihəsini hazırlamaq və beynəlxalq cinayətin təqibi sahəsində müsbət təcrübəni milli qanunvericiliyə gətirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinin hüquq şöbəsinin müdiri, professor Nizami Səfərovun rəhbərliyi ilə xüsusi işçi qrupu yaradıb”.
Milli Məclisin deputatı bildirib ki, Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalıda azərbaycanlılara qarşı beynəlxalq cinayət törətmiş 305-dən çox erməni millətçisinin cinayət əməlləri haqqında Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər aidiyyəti qurumlar tərəfindən kifayət qədər dəlil və sübutlar toplanılıb və Baş Prokurorluq tərəfindən onlar haqqında cinayət işi açılıb. Baş Prokurorluq tərəfindən indiyə kimi 7500-dən çox istintaq fəaliyyəti həyata keçirilib və cinayət törətmiş bir çox şəxslər haqqında İnterpolda axtarış elan edilib. Lakin təəssüflər olsun ki, biz hələ də bu caniləri tapıb cinayət məsuliyyətinə cəlb edə bilmirik.
“Dünən keçirilən müzakirələr zamanı “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” üzrə ayrıca Tribunalın yaradılması haqqında təklif səsləndirdim. Hesab edirəm ki, beynəlxalq cinayət törətmiş şəxslərin cəzalandırılması və belə bir tribunalın yaradılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər. Cəzasızlıq isə yeni cinayətlərə yol açır”, - deyə ATƏT PA-nın vitse-prezidenti əlavə edib.
Deputat çıxışında Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.