"30 min xərcim çıxdı"- Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin məhkəməsi

Baxış sayı:
8251

Keçmiş həyat yoldaşını aliment mübahisəsinə görə bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər dindirilib.

Məhkəmədə elan olunub ki, Mehdi Piriyevin bıçaqladığı Ülviyyə Məmmədova hələ də müalicə alır və səhhətindəki problemlərə görə məhkəmədə iştirak edə bilmir.

Prosesin davamında zərərçəkmişin anası, hüquqi varis kimi tanınan Gülizar Məmmədova ifadə verib.

Gülizar Məmmədova deyib ki, qızı boşandıqdan sonra uzun müddət aliment ala bilməyib. Problem və mübahisələr də bundan sonra başlayıb.

Hadisə günü baş verənlərdən danışan G.Məmmədova söyləyib ki, nəvəsi ilə evdə olarkən həyətdə səs-küy eşidib:

"Qışqırtı səsi gələndə pəncərəyə tərəf qaçdıq. Həyətdə Mehdinin kiçik qardaşını qaçanda gördüm. Qızım yerdə uzanmışdı. Mən qışqırdım ki, balamı öldürürlər. Sonra həyətə qaçdıq. Qızım qanın içində yerdə uzanmışdı. Mən çox qışqırdım ki, köməyə gəlin. Amma heç kim yox idi. Sonra Mehdinin qardaşları gəldi. Qızımı maşına mindirdilər. Mən də maşına minib xəstəxanaya gəldik. Mehdinin böyük qardaşı maşında mənə dedi ki, bilmirdiniz ki, alimentə görə maşına həbs qoyduranda belə olacaq?".

Suallara cavab verən Gülizar Məmmədova qızının müalicəsinə 30 min xərclədiyini deyib. O bildirib ki, Mehdi Piriyevin ailəsi müalicə üçün 3 min manat xəstəxana xərclərinə kömək edib.

Gülizar Məmmədova əlavə edib ki, qızın keçmiş həyat yoldaşı ilə qonşudular.

Məhkəmədə şahid qimsində Mehdi Piriyevin böyük qardaşı Rövşən Piriyev də ifadə verib.

Rövşən Piriyev zərərçəkmişin anasının dediklərindən fərqli olaraq hadisə vaxtı həyətdə olmadığını deyib.

O bildirib ki, hadisənin baş verməsini ona oğlu deyib:

"Evdə idim. Oğlum çağırdı ki, tez həyətə gəl. Qaçaraq həyətə getdik. Maşının yanında Ülviyyənin yerdə uzandığını gördük. Qardaşım da maşını gətirdi. Mən Ülviyyəni qucağımda maşının arxasında qoydum. Ülviyyəni anası da maşına mindi. Təcili olaraq "Semaşko"ya çatdırdıq".

Suallara cavab verən Rövşən Piriyev həmin vaxt qardaşı Mehdinin orada olmadığını, hadisə yerindən uzaqlaşdığını deyib.

O, əlavə edib ki, maşında olarkən hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Ülviyyənin anasına heç nə deməyib.

Rövşən Piriyev əlavə edib ki, qardaşının keçmiş həyat yoldaşı ilə mübahisəsi alimentin ödənməməsinə görə olub.

Məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, hadisə Abşeronda baş verib. Mehdi Piriyev boşandığı həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək, onu bir neçə yerdən bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törədən Mehdi Piriyev könüllü olaraq polisə təslim olub. Boşanan cütlüyün iki övladı var.

M.Piriyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.